KİV-in inkişafına dövlət dəstəyi fondunun icraçı direktoru: “Bir sürprizimiz var “

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün müsabiqə elan etməyə hazırlaşır.

Fondun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına bildirib ki, bu həftə ərzində yeni müsabiqənin prioritet istiqamətləri müəyyənləşdiriləcək: “Konsepsiyada 18 istiqamət var və müsabiqə də onların əsasında elan ediləcək”.

2010-cu il üçün dövlət büdcəsindən fonda ayrılan vəsaitdə artım olmadığını qeyd edən V.Səfərli bu ilin mətbuat üçün çox önəmli olduğunu da vurğulayıb: “Bu il mətbuatın yubileyidir – milli mətbuatımızın 135 illiyini qeyd edəcəyik. Bununla bağlı fonda ayrılan vəsaitdə müəyyən dəyişiklik ediləcəyini gözləyirik, əlavə vəsait ayrılmalıdır. Fond 135 illiklə bağlı təbdirlər planı da hazırlayır. Müəyyən müsabiqələr keçirməyi, mətbuat gününə – iyulun 22-nə qədər ayrıca yazı müsabiqəsi təşkil etməyi də planlaşdırırıq”.

2010-cu ildə daha çox fərdi jurnalist müsabiqələrinin təşkil olunmasına üstünlük verəcəklərini deyən icraçı direktor qeyd edib ki, konkret istiqamətlər üzrə elan olunan layihə müsabiqələrindən əksər halda ayrı-ayrı jurnalistlər bəhrələnə bilmirlər: “Mən çalışacam ki, jurnalistlər üçün fərdi yarışları daha çox keçirək. Fikrimcə, bu zaman həm onlar öz üzərilərində daha məsuliyyətlə işləməyə həvəslənəcəklər, həm də fərdi qələbələri onların sosial vəziyyətinin yaxşılaşmasına yardım göstərəcək”.

V.Səfərli 2009-cu ilin altı ayı ərzində xeyli iş görüldüyünü söyləyib: “Qısa zamanda təşkilatlanmağa, müsabiqələr keçirməyə nail olduq. Əlbəttə, iş olan yerdə nöqsan da olacaq. Ola bilsin, hansısa nöqsanlarımız olub. Nəzərdə tutulub ki, 2009-cu ilin yekunlarına dair mətbuat konfransı keçirilsin. Kimin nöqsanlarımız haqda deyəcəkləri varsa desin, biz də onları aradan qaldıraq”.

Fondun hazırda dörd nəfər ştatlı, dörd nəfər isə ştatdankənar işçisi var. İcraçı direktor bildirib ki, qurumun fəaliyyəti genişləndikcə işçilərin artmasına da ehtiyac olacaq.

Fondun ofis probleminə gəlincə, V.Səfərli deyib ki, hələlik Nazirlər Kabineti fonda normal yer təklif etməyib: “Amma bizim bir sürprizimiz var. Biz təzə ofisə köçəndə bunu siz də biləcəksiniz”.

Sonda V.Səfərli onu da qeyd edib ki, fondun fəaliyyəti ilə bağlı illik hesabatı bir ay ərzində Prezident Administrasiyasına verəcəklər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO