KİV-in inkişafına dəstək fondu qəzetlərin maliyyəşdirilməsi şərtlərini dəyişməyə hazırlaşır

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli avqustun 27-də “Media forum” saytına açıqlama verərək media quruluşları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi müsabiqəsindən danışıb. Avqustun 2-də 15 istiqamət üzrə elan olunmuş müsabiqəyə layihələrin qəbulu avqustun 25-də bitib.

Vüqar Səfərli bildirib ki, müsabiqəyə 41 layihə təqdim olunub – 20-si qəzetlərdən, 9-u informasiya agentliklərindən, 12-si jurnalist təşkilatlarından: “Layihələrə baxışı sentyabrın 1-dək yekunlaşdırmağı planlaşdırırıq. Qəzetlərin və informasiya agentliklərinin təqdim etdikləri layihələri ekspertlər şurası qiymətləndirməyəcək. Çünki media quruluşunun layihəsi yazıları, informasiyaları əhatə edir. Ona görə layihələri müşahidə şurasında müzakirə edib qiymətləndirəcəyik. 12 təşkilatın layihəsini isə ekspertlər qiymətləndirəcək”.

Fond rəhbəri gələcək müsabiqələrdə maliyyə vəsaitinin qəzetlərin tirajına görə müəyyən ediləcəyini qeyd edib: “Bizim fonda layihəni əsasən qəzetlər təqdim etməlidir. Çünki fondun əsas işi qəzetləri maliyyələşdirməkdir. Müraciət etmək istəyən qəzet çox olub, lakin bizim qoyduğumuz 1500 tiraj, həftədə ən azı bir dəfə çıxmaq, 500 nüsxədən az olmayaraq yayılma şərtləri baryerini aşa bilmədikləri üçün müsabiqədə iştirak edə bilməyiblər. Gələcəkdə qəzetlərə tirajına baxıb maliyyə ayırmağı düşünürük. Qəzetin tirajı nə qədər yüksək olsa, ayrılan maliyyə bir o qədər çoxalacaq. Heç kimi sıxışdırmaq, kənarda qoymaq fikrimiz yoxdur, amma qəzetlərin inkişafına, sözün əsl mənasında qəzet kimi formalaşmasına nail olmaq lazımdır. Biz qəzetlərin hər cür avadanlıqla təchiz edilməsi, rəngli, çoxsəhifəli, yüksək tirajla çıxması üçün yardımlarımızı edirik. Çalışırıq ki, tanınan, ictimaiyyətin qəbul etdiyi media quruluşlarına yardım edək”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO