KİV haqqında qanunvericilik sistemi. Dövlət informasiyasına giriş

Böyük Britaniya yeganə ölkədir ki, dövlət informasiyasının əldə edilməsi haqqında qanunvericiliyə malik deyil.
Bütün ölkələrdə hakimiyyət, milli təhlükəsizliyə və ya müdafiə qabiliyyətinə dair informasiyanı açıqlamaqdan imtina etmək hüququna malikdir. Əksər ölkələrdə, beynəlxalq münasibətlərə, hüququn təmini prosesinə, ictimai təhlükəsizliyə, şəxsi həyat hüququna və ya kommersiya sirrinin qorunmasına xələl gətirəcək informasiyanın açıqlanması qadağandır.
Parlament iclaslarında iştirak və parlament sənədlərinin dərci
Bütövlükdə 11 ölkənin hamısında parlament iclasları açıqdırlar. Avstriyada, Almaniyada, İsveçdə müvafiq konstitusiya təminatı mövcuddur. Yalnız məxfi informasiyanın müzakirəsi kimi müəyyən hallar istisna ola bilər. İspan Konstitusiyasına əsasən konqresin və senatın plenar iclasları açıq keçirilir, lakin onlar bağlı da ola bilər: bunun üçün hər palatanın deputatlarının əksər səslə qəbul edilmiş qərarı lazımdır.
Bir sıra ölkələrdə jurnalistlərin parlament komissiyalarının iclaslarına buraxılması imkanı mövcuddur. Almaniyada bu imkan Ali Qanuna daxil edilmişdir. Fransada Milli Assambleyanın və senatın daimi və seçmə komitələrin iclasları açıq keçirilir.
Bəzi ölkələrdə parlament komitələri bağlıdırlar, ictimaiyyət və mətbuat iclaslara buraxılmır və onların sənədlərini əldə edə bilmirlər (Avstriya, Niderland, İspaniya, İsveç). Buna baxmayaraq, əksər ölkələrdə (komitələrin hər hansı ali səbəblərə görə məxfi sayılan sənədlərdən başqa) sənədlərin və başqa bağlı sənədlərin mətbuatda açıqlanması ilə bağlı cəza nəzərdə tutulmamışdır (Avstriya, Almaniya, Niderland, Norveç).
İctimai mənəviyyatın qorunması
Əksər ölkələrdə pornoqrafik, ədəbsiz və ictimai mənəviyyatı təhqir edən başqa materialların dərci cinayət sayılır. Kanadada qəribə bir qanun mövcuddur ki, bu da məhkəmə sənədlərində «ictimai mənəviyyata xələl gətirə biləcək nalayiq tibbi, kliniki və ya fizioloji hər hansı təfsilatların» dərcini qadağan edir. Ədəbsiz məqalənin dərci inzibati və cinayət məsuliyyətinə gətirən cinayət sayılır. Material, əgər onun məzmunu «vətəndaşların əxlaqının pozulmasına səbəb olursa…» ədəbsiz sayılır. Almaniyada CM-nin 184-cü fəsli 18 yaşından aşağı şəxslərə pornoqrafik materialların satışına görə cinayət nəzərdə tutur. Oradaca, uşaqlara qarşı zorakılıq, həqarət, təhqir və ya onlara qarşı seksual hərəkətləri göstərən pornoqrafiyanın satışı qadağan edilir. Niderlandda CM-nin 239-54-cü maddəsi pornoqrafiyanın yayımı kimi ictimai mənəviyyata qarşı cinayətlərə görə məsuliyyət nəzərdə tutur. Avstriyada ictimai mənəviyyat normalarını pozan pornoqrafik və başqa materialların dərci cinayət hesab edilir. Norveçdə CM-nin 211-ci maddəsi pornoqrafik materialların dərcini qadağan edir. 1992-ci ildə Kanadanın Ali məhkəməsi «ədəbsiz» anlayışının təyin edilməsi üçün yeni yanaşmadan istifadə etmişdir. O, etiraf etmişdir ki, pornoqrafiyanın qadınlara, uşaqlara və bütün cəmiyyətə vurduğu ziyan pornoqrafik məhsulu yaymaqla məşğul olan şəxslərə qarşı söz azadlığının məhdudlaşdırılmasına bəraət qazandırır və belə nəticəyə gəlmişdir ki, fikrin ədəbsiz materiallar formasında ifadə edilməsi heç də söz azadlığının təmininə dair əsas ideyaya uyğun gəlmir.
KİV-ə iqtisadi dəstək
İnkişaf etmiş demokratik ölkələrdə, ictimai mənalı informasiyanı yaymaq üçün KİV təşkilatlarına əlverişli şəraitin yaradılması məqsədi ilə onlara vergi, gömrük və başqa imtiyazların verilməsi lazımi qədər geniş tətbiq edilir.
Məsələn, Fransa qanunvericiliyi, aşağıda göstərilən tələblərə cavab verən dövrü nəşrlərə bir sıra vergi və gömrük imtiyazları təqdim edir: müəyyən dövrülüklə nəşr edilir (müəyyən edildiyindən az olmayaraq); əhalinin təhsilinə, tərbiyəsinə, məlumatlaşdırılmasına və mədəni istirahətinə kömək etdiyi üçün «ictimai-faydalı» sayılır; reklam xarakterli tekst və şəkillərə həcminin 2/3 hissəsindən çox yer ayırmır; pulsuz yayılmır.
İmtiyazlar bunlardır: maddi bazanın yaradılmasına yönəldilmiş gəlir vergisindən azad edilmə; dövrü nəşrlərin əməkdaşlarının işdən azad edilməsi hallarında onlara işdən çıxarılma pulunun ödənilməsi üçün nəzərdə tutulmuş fondlara yönəlmiş gəlir vergisindən azad edilmə; gömrük rüsümundan azad edilmə.
Bundan başqa, jurnalistlərin peşəkar fəaliyyəti ilə bağlı xərclərə güzəşt və imtiyazlı tariflər nəzərdə tutulur; dövrü mətbu nəşrlərin yayılmasına poçt tarifləri azaldılır; telefon rabitəsi və teleqraf xidmətlərinə görə güzəştlər. Xarici ölkələrin qanunvericiliyi maliyyə yardımının ayrılmasını, yəni məqsədli xərclərin maliyyələşdirilməsi üçün dövlət büccəsindən vəsaitin təqdim edilməsini nəzərdə tutur.
Məsələn, Fransada müəyyən şərtlərə cavab verən bəzi həftəlik ümum-siyasi qəzetlərə subsidiyalar (bir qayda olaraq, illik) təqdim olunur: «reklamdam lazımi gəlirə malik deyillər» (reklamdan əldə edilən gəlir müəyyən edilən faizdən azdır), büccəyə və ya sosial sığortaya borcları yoxdur və s. Mətbuat azadlığının nüfuzunu qıra biləcək çap kağızının alveri hallarının qarşısını almaq üçün belə bir təcrübə mövcuddur ki, burada dövlət kağız istehsalı və istehlakının monitorinqini təşkil edir, kağız qıtlığının yaranması dövründə tədbirlər planı qururlar. Kağız sənayesi təşkilatlarına subsidiyaların ayrılması mümkündür. Öz məhsulunu xaricdə yayan nəşriyyatlara subsidiyaların verilməsi tətbiq edilir və bununla bağlı xaricdə milli mədəniyyət nümayəndələri müzakirə edilir.
Böyük Britaniyada hal-hazırda dövlət bir sıra televiziya şirkətlərinə məqsədli subsidiyalar təqdim edir. Məsələn, Uels azlıqlarının dilində proqramların hazırlanmasına yardım etmək məqsədi ilə Uelsdə televiziya yayımını həyata keçirmək və eləcə də İrlandiyada kelt dilində yayımı qoruyub saxlamaq üçün subsidiyalar ayrılır. Bir sıra ölkələrdə (Norveç, İsveç, Finlandiya, Danimarka) dövlətdən maliyyə dəstəyi alan dövlət televiziya və radio şirkətləri, əksər inkişaf etmiş demokratik ölkələrdə isə (ABŞ, Almaniya, Avstriya, Fransa və başqaları) ictimai (kütləvi) tele-radio şirkətlər mövcuddur.
Ciddi iqtisadi proteksionizm tədbirləri beynəlxalq hüquq normaları ilə də nəzərdə tutulur.

Janna Kurmanqaliyeva
Mədəniyyət, informasiya və ictimai həmrəylik Nazirliyinin kütləvi informasiya vasitələri departamentinin direktoru

Ardı var…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO