Son zamanlar çap KİV-ində “qara piar” kampaniyası geniş vüsət almağa başlayıb. Bəzi mətbu orqanlarda bu və ya digər məmurla bağlı, yeri gəldi-gəlmədi, ifşaedici yazılar intensivləşib. Mövcud reallığı rəqəmlərdən də aydın görmək olar. Belə ki, Mətbuat Şurasının açıqladığı rəsmi məlumata görə, yanvar ayında bununla bağlı KİV-də 5 fakt, fevralda isə 4 fakt aşkarlanıb.
Mart ayı üzrə 5, apreldə 6, mayda isə 7 belə “qara piar” faktı üzə çıxıb. Sonrakı aylarda say daha da sürətlə artıb. Belə ki, iyunda 9 “qara piar” faktı aşkarlandığı halda, iyulda bu rəqəm xeyli çoxalaraq 21-ə çatıb. Bunun da 12-si iyulun son ongünlüyünə təsadüf edir. Avqust ayının mənzərəsi isə daha dəhşətlidir. Ay başa çatmasa da, 15-nə kimi olan məlumatlara görə, 63 “qara piar” faktı aşkarlanıb. Həmin müddət ərzində kampaniyaya qoşulan çap KİV-lərinin sayında da artım baş verib. İlin ilk yarısında “qara piar”a üstünlük verən qəzetlərin sayı 2-3 arasında dəyişdiyi halda, iyulda belələrinin sayı 5-6 olub. Avqustda isə belə təqdimata yol verən qəzetlərin sayı 9-a çatıb. Bu vəziyyət sözügedən məsələdə durumun heç də ürəkaçan olmadığından xəbər verir. Proses onu göstərir ki, qarşıdan gələn aylarda “qara piar” kampaniyası artım tempilə getməkdə davam edəcək. Qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alsaq, bunun məhz belə olacağını gözləmək olar. Haqqında söhbət açdığımız kampaniyanın genişlənməsinin səbəblərini dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etdik.
“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlunun fikrincə, sözügedən kampaniyanın qızışması əsasən şəxsi zəmində münasibətlərdən doğan amildir: “Təbii ki, belə kampaniyaları siyasi qruplar, müxtəlif dairələr bir-birinə qarşı aparır. Amma təəssüf ki, Azərbaycanda normal siyasi qüvvələr formalaşmadığından, bizdə bu hardasa şəxsi qruplar çərçivəsində aparılır. Onu da deyim ki, “qara piar” kampaniyası əsasən şəxslərə qarşı yönəlir. Təbii ki, “qara piar” kampaniyasının baş verməsində şəxsin özünün də günahı çoxdur. Onlar mətbuata açıq deyil, ona nəsə bildirmək istəmir. Belə kampaniyalar adətən şəxsi zəmin üzərində aparılır. Hələlik seçki başlamayıb. İkincisi, seçki prosesində piar kampaniyası aparmaq normal haldır. Ancaq bu yüksək elitar siyasi qüvvələr arasında aparıldıqda normal sayıla bilər. Bizdə qəzetlərə nəzər saldıqda görürük ki, bir neçə mətbu orqanda hansısa bir məmur haqqında mütəmadi olaraq yazılar gedir. Başqa qəzetdə isə ona qarşı duran məmur barədə piar kampaniyası aparılır”.
“Ədalət” qəzetinin şöbə müdiri Ceyhun Musaoğlu bunu seçkilərin yaxınlaşması ilə əlaqələndirdi: “Qara piar” kampaniyası, adından da göründüyü kimi, pis məna daşıyır. Amma əslində bu normal prosesdir. Seçki ilidir, bildiyimiz kimi də, seçkilərdə belə hallar olur. Dünyanın ən inkişaf etmiş ölkələrində də belə hallara dəfələrlə rast gəlmişik. Adətən “qara piar” rəqibinə başqa intellektual yollarla üstün gəlməyi bacarmayan insanlar tərəfindən ortaya atılır. Belələrinin ağlı, təfəkkürü, işgüzarlığı və vətənpərvərlik keyfiyyətləri aşağı olur. Ona görə də həmin təbəqə şərləmək yolunu tutur ki, “qara piar” da məhz buna əsaslanır. Əslində uğurlu tapıntı deyil. Amma təbii olmaqla yanaşı, qəbulediləndir. Qəzetlər də buna qarşı çıxmalıdır. Lakin o da var ki, nə qədər yazsaq da, yenə bu olacaq. Cəmiyyətin təfəkkürü geniş olsa, “qara piar” kampaniyasını aparanın özü gözdən düşəcək. Çünki şərləyən adam pis adam sayılır və cəmiyyət onu qəbul etməməlidir. Təəssüf ki, cəmiyyətimiz yetkin olmadığından “qara piar” kampaniyası zamanı uduzan tərəflərə ictimaiyyətin özü də pis gözlə baxır. Yəni cəmiyyətin özü də “qara piar”da səslənən fikirlərə inanır. Belə halların qarşısını almağın yeganə yolu cəmiyyətin maarifləndirilməsindən keçir. Hər adam haqqında dəqiq və obyektiv informasiya verilməlidir. Belə olduqda artıq seçici kiminsə “qara piar”ına aldanmayacaq və obyektiv informasiya alacaq. Hər seçki dövründə belə hallar olub və olacaq. Əslində bunun olmamasının özü təəccüblü görünməlidir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə düşünür ki, “qara piar”ın artmasının başlıca səbəbi bəzi qəzet və siyasi təşkilatların gündəmə gəlmək və gündəmdə qalmaq oyunu ilə bağlıdır: “Qara piar” kampaniyası seçki texnologiyasının bir sifətidir. Bütün siyasi hadisələr dövründə, bələdiyyə, parlament, prezident seçkiləri, referendumlar zamanı müxalifətyönlü qəzetlər tərəfindən belə kampaniyalar aparılır. Ümumiyyətlə, dünyada sivil piar kampaniyası mövcuddur, bütün seçki prosedur qaydalarında da piar kampaniyası var. Amma təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalif partiyalar və qəzetlər siyasiləşərək belə kampaniyadan gündəmə gəlmək və gündəmdə qalmaq məqsədilə yararlanır. Bu hal ictimai rəyə və cəmiyyətin formalaşmasına, sözsüz ki, xələl gətirir. “Qara piar” kampaniyasının əleyhinəyəm. Düzdür, hər bir şəxsin seçki kampaniyası dövründə piar texnologiyasından istifadə etməsinin tərəfdarıyam. Ancaq bu sivil qaydada, obyektiv, şəffaf, faktlar əsasında aparılmalıdır”.