KƏMALƏ ƏZİZQIZI : “TELEVİZİYAMIZ BİZƏ DƏYƏR VERMİR”

“Bizdən öyrəniləcək çox şey var”

O, 5 ildir mavi ekranda görünmür. Özü istəməyə-istəməyə sevdiyi peşəsindən uzaqlaşdırıblar. Halbuki, fəaliyyətinə xüsusi təqdimatla başlamışdı. Çünki onun peşəkar diktor, aparıcı olacağına inanırdılar. Axı o, Ofeliya Sənani, Rafiq Hüseynov kimi tanınmış və sevilən aparıcıların məktəbindən bəhrələnib… “Simsar” jurnalının qonağı Kəmalə Əzizqızıdır.

– Aparıcı olmaq arzu idi, yoxsa?…
– Şablon çıxmasın, çoxdan arzulayırdım ki, diktor-aparıcı olum. Orta məktəbdə oxuyanda keçirilən tədbirlərin aparıcısı mən olurdum. Bizim bir riyaziyyat müəllimimiz var idi – Yaqub müəllim, hər dəfə deyirdi ki, bu qızın gələcəyi televiziya ilə bağlıdır. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinə qəbul oldum. Universiteti bitirdikdən sonra 2 il orta məktəblərin birində informatika fənnindən dərs dedim. Sonra Elmi Tədqiqat İnstitunda, daha sonra isə müəyyən vaxt Azərbaycan Dövlət Neft Akademiyasında işlədim
– Bəs niyə jurnalistikanı deyil, tətbiqi riyaziyyatı seçdiniz?
– Əslində, beynəlxalq münasibətlət fakultəsinə girmək, Moskvada oxumaq istəyirdim. İlk övlad olduğuma görə valideynlərim getməyimə icazə vermədilər. Anam ingilis dili müəlliməsi olduğundan 3 yaşımdan o dili mənə öyrətmişdi. Çox gözəl danışırdım. Buna baxmayaraq, ingilis dili müəlliməsi olmaq istəmirdim. Məktəbi qurtardığım il universitetdə tətbiqi riyaziyyat fakültəsi yarandı. Riyaziyyatı güclü bildiyimdən anam məsləhət verdi ki, sənədlərimi o fakültəyə verim. 2 imtahan verib qəbul olundum.
– Necə tələbə idiniz? Özünüz oxuyub qiymət alırdınız, yoxsa?
– Əlbəttə oxuyurdum. Bizim vaxtımızda ancaq oxumağa qiymət verirdilər.

“İndiki aparıcılarının dünyagörüşü də qənaətbəxş deyil”

– Televiziyaya gəlişiniz necə oldu?
– Telviziyaya gəlməzdən öncə Roza Tağıyeva, Tamilla Ələkbərova, Ofeliya Sənani, Rafiq Hüseynov, Sabir Ələsgərov kimi sevilən diktorlarımızı davamlı olaraq izləyib, bəhrələnməyə çalışırdım. Tez-tez güzgü qarşısında qəzetdən proqramı oxuyurdum. Universitetdə oxuduğum vaxt Milli Televiziyanın Gənclik redaksiyasının bir proqramında iştirak etmişdim. Verilişin baş redaktoru məni görəndə niyə aparıcı olmadığımı soruşmuşdu. Görünür, o da mənim bu istəyimi duyub… Mən rusdilli idim. Yəni, orta məktəbi və universiteti rusca oxumuşdum. O zaman rəhmətlik atam mənə öz dilimizi öyrənməkdə yardım edirdi. Çox gözəl yadımdadır, 1990-cı ildə Novruz bayramı ərəfəsində diktor və aparıcı müsabiqəsi elan olundu. Həmin vaxt artıq ailəli idim, hətta oğlum da var idi. Heç kimə xəbər etmədən müsabiqədə iştirak etmək qərarına gəldim. Bir tək bacım bilirdi. Üç turdan qalib çıxdım və seçildim. Münsiflər heyətində böyük şura əyləşmişdi.
– Sizi daha çox hansı keyfiyyətinizə görə seçdilər?
– Həm danışığıma, həm səhnə mədəniyyətimə, həm də görünüşümə görə. O vaxt bu amillərə daha ciddi fikir verirdilər.
– Bu gün isə təəssüf ki, belə deyil. Ya danışıq yaxşıdır, görünüş bərbad, ya da əksinə…
-Bundan əlavə, indiki aparıcılarının dünyagörüşü də qənaətbəxş deyil.
– Müsabiqədə seçildikdən sonra, efir üçün sizi kim hazırlaşdırdı?
-Məni Ofeliya Sənani hazırlaşdırırdı.
– İlk canlı efirə çıxdığınız məqamı xatırlayaq.
– Təbii ki, çox böyük həyəcan var idi. Yadımdadır, əllərim titrəyirdi. Rafiq müəllim əllərimdən tutdu və hökmlə “Üzümə bax!” – dedi. Mən də baxdım, amma daha da həyəcənlandım. Davam edərək “əgər sən indidən kameradan qorxsan, sonra kamera ilə çalışa bilməyəcəksən. Kamera arxasında ən yaxın adamını təsəvvür et və sanki onunla söhbət edirsənmiş kimi danış. Alınmasa, təsəvvür et ki, mən ordayam, mənimlə danış” – dedi. Rafiq müəllimin o sözləri necə beynimdə qaldısa, həyəcanımı unutdum. Məqam yetişdi və məni canlı efirdə ilk dəfə olaraq böyük dəyər verdiyim Tamilla xanım təqdim etdi. Təqdimatdan sonra proqramı oxudum. Beləliklə mənim efir həyatım başladı. Amma bir il paralel olaraq ADNA-da fəaliyyət göstərdim.
– Maraqlıdır, siz efirə çıxan ana qədər evdə kimsənin xəbəri olmadı?
– Qayıdım bir az əvvələ. Müsabiqə bitəndə oğlum xəstələnmişdi. Onunla xəstəxanada qalmaq məcburiyyətində oldum. Bu ərəfədə Rafiq müəllim evimizə zəng edir və yoldaşımla danışır. Bildirir ki, Kəmalə müsabiqədə qalib gəlib, sabah AzTV-də olmalıdır. Yoldaşım onunla danışandan sonra tələsik xəstəxanaya gəldi. Xəbərsiz olduğundan heyrətlə nə baş verdiyini soruşdu. Mən də ona danışdım. Bildirdim ki, sürpriz etmək istəyirdim.
– TV sahəsində çalışmağınlz üçün ilkin olaraq narazılıq etdimi?
– Qətiyyən. Normal qarşıladı. Təbrik edərək, işləməyimə razı olduğunu bildirdi.
– Əvvəllər adi tamaşaçılar yolda, küçədə, avtobusda və digər yerlərdə diktorlarımızı görəndə maraqla onlara baxırdılar, salam verib xoş sözlər deyirdilər. Sizdə necə, yeni fəaliyyətə başlayanda belə hallar olurdumu?
– İlk vaxtlarda fikir vermirdim. Bəlkə də tanımırdılar. Amma elə vaxt olurdu ki, Nərgiz Cəlilovaya oxşadırdılar. Vaxt keçdikcə isə özümü tanımağa başladılar və ehtiram göstərdilər.
– Canlı efir zamanı baş verən hər hansı bir yaddaqalan olay varmı?
– Çox olub. Bir dəfə projektorların lampaları partladı pencəyimə düşdü. Pencəyim yana-yana reklamlara qədər dözüb canlı yayımı aparmışam.
– Sizi daha çox “Səhər” musiqili, əyləncəli-informasiya proqramının aparıcısı kimi tanıyırlar deyəsən.
– Tam 9 il–1997-ci ildən 2006-cı ilədək həmin proqramın aparıcısı olmuşam. Bundan başqa, özümün “Musiqi bürcü”, “Şəhərimizin qonaqları”kimi müəllif proqramlarım olub. Əminliklə demək istəyirəm ki, “Şəhərimizin qonaqları” proqramı ilə Azərbaycanda maqazin proqramının ilk yaradıcı mən olmuşam. Sadəcə mənim proqramım indiki kimi-lazım olmayan qalmaqal şəklində deyildi.
– Bilirəm ki, həmin proqramda xaricdən gələn ulduzlarla maraqlı söhbətiniz olurdu. Ən yaddaqalanı kim olub?
– Hamısı da yaddaqalan idi. Amma xüsusilə Barış Mançonun adını çəkmək istəyirəm. O, Bakıya gələndə proqramımın qonağı oldu. Sonra 1997 ildə məni İstambula dəvət etdi. Onun evində ailəsiylə birgə bir televiziya verilişi çəkdik. Ordan Belçikaya səfər etdik. Xatırladım ki, Barış Manço ali təhsilini Belçikada almışdı. Təhsil aldığı şəhərdə “Şəhərin fəxri vətəndaşı” adı veriləcəkdi. Türkiyənin TV və qəzet repartyorlarından ibarət böyük qrupla Belçikaya yola düşdük. Bizdən isə mənimlə birgə operatorumuz Eldar da getdi. Orada qaldığımız 3 gündə daha 2 televiziya filmi çəkdik. Beləliklə, “Barış sülh deməkdir” adlı 3 hissəli film ərsəyə gətirdik. Dördüncü filmi isə Barış Mançonun ölümündən sonra onun xatirəsinə həsr etdik. Həmin filmlər AzTV-də yayımlandı. Böyük tamaşaçı rəğbəti qazandı.

“Çingiz Mustafayevin şəhid olması xəbərini demək mənim öhdəmə düşdü”

– Etiraf edin… İşlədiyiniz ərəfədə həmkarlarınızdan özünüzə qarşı qibtə, paxıllıq hissi duymusunuzmu?
– Mən bütün həmkarlarımdan razıyam. Hamısına qarşı da gözəl münasibətim var və qarşılığını görürəm. Bizdə bir-birimizə qarşı heç vaxt paxıllıq hissi olmayıb. Ümumiyyətlə, kimsə onlar haqda xoşagəlməz nə isə söyləyəndə acığım tutur.
– Hazırda hansı həmkarlarınızla sıx əlaqələriniz var?
– Hamısı ilə demək olmaz. Daha çox Tamella xanımla sıx-sıx ünsiyyətdə oluruq. Baxmayaraq ki, digərləri ilə az-az rastlaşıram, yaxud, zəngləşirik, amma hamsına böyük hörmətim var. Tamella xanımı hədsiz çox sevirəm. Bir Azərbaycan qadını və ana olaraq üstün xanımdır. O, hər zaman mənə dəstək olub. Mənimçün bir sirdaş, məsləhətçidir.
– Bu gün bir neçə həmkarınız müxtəlif kanallarda fəaliyyətlərini davam etdirirlər. Necə qarşılayırsınız?
– Təbii ki, çox gözəl. Məsələn, bu günlərdə bildim ki, Nailə İslamzadə TRT Avaz kanalında fəaliyyətə başlayıb. İnanın səmimiyyətimə, o qədər sevindim ki, sözlə anlatmaq mümkün deyil. Ümumiyyətlə, məncə istər bizim nəslin, istərsə də bizdən əvvəlki nəslin nümayəndələri olan aparıcılarımız, diktorlarımız hələ də efirdə olmalıdırlar. Axı biz əsl məktəb görmüşük. Bizi xüsusi olaraq seçmişdilər… Təssüfləndiyim hal odur ki, Türkiyə televiziyası bizim əvvəlki aparıcılarımıza dəyər verirlərsə, onda Milli Televiziyamız niyə bunu etmir? Biz müharibə dövründə çalışmışıq. Mən bunu fəxrlə deyirəm! Elə olub ki, komendant saatlarında evə gedə bilməmişik. Səhərə kimi televiziyada qalırdıq. Hətta Tamilla xanım və bir neçə aparıcı-diktorlarımız məcburiyyət qarşısında tanklarda işə gedib, gəlirdilər! Torpaqlarımızın işğalı, qəhrəmanlarımızın itkisi xəbərlərini ürək ağrısı ilə efirdə səsləndirmişik!!! Heç vaxt unutmaram! Çingiz Mustafayevin şəhid olması xəbərini demək mənim öhdəmə düşdü. Geyindiyim bluzanın qabağı bəzəkli idi. Başqa geyim tapa bilmədiyimdən onu çıxarıb arxasını qabağa geyinib efirə çıxdım və pərişan halda bu xəbəri xalqa çatdırdım! Bax, biz belə bir şəraitdə məsuliyyətlə çalışmışıq! İndi isə bizim televiziya bizə dəyər vermir…
– Ümumiyyətlə, AzTV-də neçə il fəaliyyət göstərdiniz?
– Tam 17 il. 2006-cı ilə qədər televiziyada, ondan sonra isə radioya keçirdilər. Bir il də radioda işlədim.
– Öz istəyinizlə?
– Yox! Hər şey gözlənilməz oldu.
– 17 il az deyil. Hər halda, fəxri ada da layiq görülə bilərdiniz. Niyə sizi uzqlaşdırdılar?
– İnanın ki, indiyə qədər heç birimiz bunun dəqiq səbəbini bilmirik. Sanki qəfildən sunami gəldi və hər şeyi alt-üst etdi… Bizdə müqavilə sistemi idi. İstəmədən məni radioya keçirdilər. Bir il sonra müqavilə bitəndə qalıb işləməyim üçün yenidən heç bir təklif gəlmədi.
– Özünüz də cəhd etmədiniz?

– Əgər uzaqlaşdırıldığını hiss edirsənsə, nə cəhd edəsən? Yəqin düşünüblər ki, biz qocalmışıq, köhnəlmişik, TV-yə yeni simalar lazımdır…
– AzTV-dəki yeni simalardan razısınız?
-Etiraf edirəm, mən ANS-dən başqa digər yerli kanallarımıza demək olar ki, baxmıram. Bəlkə də düşünə bilərsiniz ki, özü işləmir deyə paxıllıqdan baxmır. Xeyr, sadəcə digər kannallardan fərqli olaraq, orada seçilən aparıcılar, verilişlər var. Ona görə baxıram.

“səviyyəsiz şou-biznesimiz var”

– AzTV-yə heç baxmırsınız?
– Yox, amma adlarını dəqiq bilməsəm də oranın xəbər aparıcılarını təqdirəlayiq sayıram. Çünki Rafiq Hüseynov məktəbi hiss olunur. Bir də Səxavəti tanıyıram-onu da AzTV-yə gəlməzdən əvvəl digər kanallarda görüb aparıcılığını bəyənmişdim. Ümumiyyətlə, Rafiq müəllimin dəsti-xətti seçilir. O, böyük məktəbdir. AzTV və ANS-dən başqa digər kanallarımızda bu dəsti-xətt hiss olunmur. Çünki onlar AzTV-ni örnək olaraq qəbul etmirlər.
– Doğrudan da çox qəribə oldu. Sanki AzTV-də olan bütün sevilən aparıcılar birdən birə qeyb oldular…
– Bayaq dediyim kimi, sunami gəldi və bizi yuyub apardı… Demək istəyirəm ki, bizim potensialımız var. Bizdən öyrəniləcək çox şey var. Bizim tamaşaçının səviyyəsini formalaşdırmağa gücümüz, dünyagörüşümüz, biliyimiz çoxdur. İndiki aparıcıların çoxunda bu yoxdur. Elementar ölkələrin, şəhərlərin adlarını normal deyə bilmirlər.
– Hətta bəzi aparıcılar adi titrdən normal oxumağı belə bacarmırlar. Rus dilində iki sözü bir-birinin ardınca qoşub cümlə qura bilmirlər.
– Öz dilimizdə normal danışa bilmirlərsə, digər dillərdə necə danışsınlar? Bizim vaxtımızda isə aparıcını seçəndə belə nüanslara da fikir verirdilər ki, aparıcı ən az 2-3 dil bilsin. Mütləqdir ki, aparıcının intellektual səviyyəsi yüksək olsun. İndiki aparıcıların əksəriyyəti ağızlarını açıb danışmasalar onları gözəl gəlinciklərə bənzətmək olar. Gözəllik var, danışıq mədəniyyəti, qabiliyyəti yox.
– Əminəm ki, AzTV-dən gedəndən sonra depressiya yaşadınız. Çünki sizi arzunuzdan dolayı həyata keçən işinizdən ayırdılar…
– Bəli, bir müddət depressiya yaşadım. Mən çox sıx çalışırdım. İndi hərdən heyfslənirəm. Çünki sıx çalışdığımdan oğluma ayırmalı çox az zamanım olurdu. Bu səbəbdən də onu türk litseyində oxutmuşdum. Depressiyada olduğum müddətdə yaxınlarım, dostlarım məni tək buraxmadılar. Sağ olsun Tamilla xanımı, hər gün mənimlə əlaqə saxlayıb dəyərli məsləhətlər verirdi. Bundan əlavə, başım qarışsın deyə, fitneslə məşğul olmağa başladım.
– Hazırda heç yerdə çalışmırsınız?
– Yox. Sadəcə arada məqalələr yazıram. İnternetdə maraqlı məlumatlar oxuyuram. Amma təbii ki, televiziya yaradıcılığı üçün çox darıxıram. Mən özümə əminəm, mənim çox böyük potensialım var, sanki vulkan kimi püskürür. Amma təəssüf ki, çıxmağa yer tapmır.
– Başqa kanallarda fəaliyyətinizi davam etdirmək üçün müraciət etmədinizmi?
– Cəhd elədim. Bir neçə televiziyaya tele-layihə verdim. Amma nəticəsiz qaldı. Sadəcə proyektlərimin bəzilərini zəif şəkildə mənimsədilər. Bəzilərini isə sponsor olmadığından ərsəyə gətirə bilmədim.
– Bəs sırf aparıcı kimi?
– Mən öz müəllif proqramımda aparıcı olmaq istəyirəm. Artıq o yaşım deyil ki, kiminsə müəllifi olduğu, yaxud sıradan bir verilişin aparıcısı olub, özümü sınayım, təstiqləyim. 16 illik televiziya təcrübəm, peşəkarlığım var.
– Artıq 4 ildir ki, ekranda görünmürsüz. Digər kanalların verilişlərinə qonaq qismində necə, dəvətlər alırsınız?
– Alıram, sadəcə getmirəm. Çünki mövzuların mənə aidiyyatı yoxdur. Məsələn, deyirlər gəl filan verilişdə yemək bişir. Bu və buna bənzər verilişlərdə görünmək istəmirəm. Bir də ki, istəmirəm məni hansısa verilişə eks-aparıcı kimi dəvət etsinlər. Daxilimdə özümü eks kimi qəbul etmirəm.
– Maraqlıdır…
– Bilirsiz niyə? Çünki bilirəm ki, gün gələcək mən qələbə çalacağam – bu qələbəm böyük bir “partlayışla” ekrana qayıdışım olacaq.
– Onda unudula biləcəyinizi də yəqin qəbul etmirsiniz…
– Bəlkə də az qism insanlar məni unudublar. Amma çox vaxt sevindirici hallarla qarşılaşıram. Məni hardasa görəndə yaxınlaşıb niyə televiziyadan getdiyimi soruşub, təəssüf hissi keçirdiklərini bildirirlər.
– Aparıcıların qalmaqallarla yadda qalmaq istəklərinə münasibətiniz necədir?
– Bizim vaxtımızda qalmaqallar yox idi. Gündəmdə qalmaq üçün buna ehtiyac da duyulmurdu. Çünki biz onsuz da gündəmdə idik. Amma indi gündəmə gəlmək üçün aparıcılar da qalmaqala əl atırlar. Etdikləri qalmaqallar da çox səviyyəsiz şəkildədir. Çünki səviyyəsiz şou-biznesimiz var.
– İstərdim qısa da olsa şəxsi həyatınızln hazırki durumu barədə danışasınız.
– Həyat yoldaşımdan ayrılmışam. 25 yaşlı oğlum var. Universiteti bitirb. Hazırda işləyir.
– İkinci dəfə ailə həyatı qurmağa cəhd etmədiniz?
– Yox. Əslində özüm cəhd etməsəm də, mənə qarşı cəhd etmək istəyən bəylər oldu. Sadəcə bu haqda hələ ki, düşünmürəm. Mən azadruhlu insanam. Hazırda azadlığımı əldən vermək istəmirəm. Amma həyatdır, bilmək olmaz…
– 2012-ci ildə Eurovision mahnı müsabiqəsi bizdə-Bakıda keçiriləcək. İngilis dilini gözəl bilən bir aparıcı kimi müsabiqəyə aparıcı qismində dəvət alsanız, razılıq verərsiniz?
– Əlbəttə ki, məmnuniyyətlə qəbul edərəm və əminəm ki, öhdəsindən də layiqincə gələ bilərəm.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO