Kitabxana Direktorlar Şurası seminarı

Kitabxana Direktorlar Şurası seminarıMartın 15-də M.Ş.Vazeh adına kütləvi kitabxanada Yasamal və Nəsimi rayonlarının kitabxanalarına metodiki kömək məqsədilə Direktorlar Şurası tərəfindən “Gənc nəslin ekoloji tərbiyəsində kitabxanaların rolu” mövzusunda seminar reallaşacaq. Bu barədə Bakı Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan edib. Bu münasibətlə hər bir mədəni-maarif müəssisəsi çalışır ki, “Ekologiya ili”nə öz töhfəsini versin.
Kitabxana direktorları, şöbə müdirləri və böyük kitabxanaçıların qatılacağı tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri namizədi Daşqın Qəmbərov “Beynəlxalq ekoloji standartlar və Azərbaycan” adlı məruzə ilə çıxış edəcək. Bundan əlavə, tədbirdə Kitabxana Direktorlar Şurasının sədri və üzvləri, mətbuat nümayəndələri iştirak edəcəklər. Seminar-müşavirə Kitabxana Direktorlar Şurasının Yasamal rayonu üzrə təmsilçisi Sədaqət Seyidzadənin təşkilatçılığı ilə həyata keçiriləcək. Tədbirdə A.Şaiq adına uşaq kitabxanasının direktoru V.Quliyevanın mövzu ilə bağlı çıxışı dinləniləcək.
Gənc nəslin ekoloji biliklərinin artırılması istiqamətində kitabxanaların gələcək fəaliyyətinin səmərəliliyinin təşkili baxımından seminarın keçirilməsi müəyyən əhəmiyyətə malikdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO