2008-ci ilin noyabrında «Sonuncu ölən ümidlərdir» kitabı ilə debüt edən, 2009-cu ilin noyabrında «Bir ovuc torpaq»la ikinci dəfə oxucularının görüşünə gələn Varisin bu günlərdə «Sənə inanıram» adlı 3-cü kitabı işıq üzü gördü.
Milli.Az xəbər portalının məlumatına görə, yazıçının bu kitabı da əvvəlkilər kimi 10 min tirajla çıxır. İlkin mərhələdə kitabın 4 min nüsxəsi çap olunaraq satış məntəqələrinə göndərilib.
Ən böyük tiraj, ən böyük satış həcmi ilə yanaşı, Varisin yaradıcılığına diqqət yönəldən başqa bir fakt da var: minlərlə oxucu rəyi alması. İki il ərzində yazıçı 3900 oxucu rəyi alıb ki, bu rəylərin də bir hissəsi «Ön söz» yerində kitabda dərc edilib. Xüsusi təsnifatla verilən bu rəylərdə professorlar, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, hərbçilər, ən müxtəlif nazirlik və komitələrin, idarə və müəssisələrin əməkdaşlarından tutmuş adi satıcıya, sürücüyədək hər kəsə rast gəlmək olar.
Respublikanın bir çox bölgəsindən, eləcə də dünyanın bir sıra ölkələrindən gəlmiş rəylər digər bölümdədir.
Yazarın oxucuları arasında tələbələr də çoxdur. Hər bir ali və orta ixtisas məktəbindən cəmi bir rəy yerləşdirməklə oxucu kontingentini (Harvard Universitetindən başlayaraq respublikamızın rayonlarındakı ali məktəb filiallarına qədər) qismən də olsa, təsəvvür etmək imkanı yaradılıb.
O ki qaldı «Sənə inanıram» romanının mövzusuna, o da əvvəlki romanlar kimi real həyatdan, bugünümüzdən bəhs edir. Sevgi və xəyanət, insanın cəmiyyətdə öz yerini tapa bilməməsinin faciəsi, xoşbəxtlik axtarışları son dərəcə dramatik və gözlənilməz süjet xəttində birləşir, axıradək oxucunu gərginlik içində saxlayır.
Beləliklə, «Kitab oxumağın vaxtı yetişdi!» şüarı ilə növbəti – üçüncü kitab oxucularının görüşünə gəldi. Burada əxz eləyəsi çox şey var. Və ən əsası isə odur ki, insanlar əksər vaxtlarda isbata ehtiyacı olmayan həqiqətdən çox, özlərinə sərf edən qeyri-müəyyənliyə inanırlar. Bu da əksər hallarda xoşagəlməz nəticələrlə sonuclanır. Bundan isə sığortalanmaq hər kəsin öz əlindədir.