Kabel televiziyalarının fəaliyyətini tənzimləyəcək qaydalar ədliyyə nazirliyində təsdiqləndikdən sonra açıqlanacaq

Milli Televiziya və Radio Şurası “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları”nı qəbul edib. Qaydalar qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə göndərilib. “Media forum”a danışan MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov bildirib ki, nazirlik qaydaları 7 gün ərzində təsdiqləməlidir. Bundan sonra sənəd ictimaiyyətə açıqlanacaq.

MTRŞ aparatının hazırladığı qaydalarda kabel televiziyası anlayışı müəyyən ərazidə hazır televiziya və efir proqramlarının yayımlanmasını təmin edən qurum kimi ifadə olunub.

Fəaliyyət qaydaları Azərbaycan Respublikasında kabel televiziyasının əsasları, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin vəzifələri, hüquqları, məsuliyyətlərini ehtiva edir. Kabel televiziyaları şəbəkəsinın təsnifatı, tənzimlənməsi, mülkiyyət hüquqları, lisenziyalaşdırılması məsələləri, kabel televiziyası operatorunun və abonentin üzərinə düşən vəzifələr, öhdəliklər də sənəddə yer alıb.

Qaydalar qüvvəyə minsə, kabel televiziyalarının üzərinə müəyyən səbəblərdən siqnallar dayanan zaman alternativ mənbədən siqnallar ötürülməsini təmin etmək öhdəliyi qoyulacaq. Kabel televiziyalarının öz aralarında birləşib assosiasiya yarada bilməsi də qaydalara salınacaq. Hər hansı bir yayım televiziyası öz verilişlərində Azərbaycanın “Teleradio haqqında” qanununa, yaxud digər qanunvericiliklər zidd verilişlər yayarsa, həmin şirkətin yayımı dayandırıla bilər – bu da qaydalarda olacaq.

Daha sonra qaydalarda texniki məsələlər öz əksini tapıb. Məsələn, ya kabel televiziya yayımçısının, ya da abonentin günahından yayım dayanıbsa, kabel televiziyası şirkəti abonentin xəbərdarlığından sonra 2 gün ərzində yayımın bərpasını təmin eləməlidir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO