Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2009-cu ildə sosial durumunu öyrənmək üçün keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
JuHİ sədri Müşfiq Ələsgərli “Media forum”a bildirib ki, sorğuya ölkənin son beş ildə fasiləsiz və gündəlik nəşr olunan 40-a qədər qəzet və informasiya agentliyinin, həmçinin 20-yə qədər həftəlik nəşrin əməkdaşları cəlb edilib. Ümumilikdə sorğuya 60 redaksiya cəlb olunub.
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqavilələrinin bağlanması), aylıq gəlirlərinin miqdarı, jurnalistləri daha çox narahat edən digər məsələlərlə bağlı sualları cavablandırıblar.
Aydınlaşıb ki, gündəlik nəşr edilən qəzetlərin və informasiya agentliklərinin 10 faizində əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər var (yəni bu tip redaksiyalarda əmək müqavilələri ya bağlanmayıb, ya da əməkdaşlardan yalnız baş redaktorla şəxsi bağlılığı olan əməkdaşlarla müqavilələr bağlanıb).
Bağlanmış müqavilələrinin işlək olması problemi isə yenə də qalmaqdadır. Sorğunun nəticələrinə görə, işçilərlə əmək müqaviləsi bağlamış redaksiyaların 78 faizində bu müqavilələr simvolik xarakter daşıyır (ya müqavilələr reallığı əks etdirmir, ya da onların şərtlərinə əməl olunmur).
Sorğuya daxil olan 40-a yaxın gündəlik qəzet və informasiya agentliyinin 73 faizində jurnalistlərin aylıq gəlirlərinin 300-350 manat civarında olduğu aydınlaşıb. Redaksiyaların 18 faizində aylıq gəlirlər 400 manatdan yuxarı, 9 faizində isə 250 manat civarındadır.
Həftəlik və ayda iki dəfə nəşr olunan qəzetlərdə (sorğu 20 redaksiyanın əməkdaşları arasında keçirilib) vəziyyət fərqlidir. Bu tip redaksiyalarda jurnalistlərin orta aylıq gəlirləri 100-150 manat civarındadır (yalnız üç redaksiyada fərqli göstərici olub – 200 manat, 250 manat, 275 manat). Bu tip redaksiyaların yalnız 5 faizində işçilərlə əmək müqavilələri bağlanıb. Qalan redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində heç bir addım atılmayıb.
Rəyi soruşulanların önə çəkdikləri ən ciddi problem evsizlikdir. Şəxsi mənzili olmayan və ya aldığı əmək haqqı ilə bu problemi həll edə bilməyən jurnalistlərin sayı ötən illərdə olduğu kimi, 80 faizlə ifadə olunur.
«Media forum»