Jurnalistlərin prezidentlə görüşü baş tutacaqmı?

“Dövlət başçısına müraciətimizə bu günə kimi hər hansı reaksiyanın olmaması faktdır”. “Media forum”a açıqlamasında köşə yazarı Şahvələd Çobanoğlu belə deyib.

İyunun 4-də “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, köşə yazarı Şahvələd Çobanoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Onlar müraciətlərində konkret iki səbəb olduğunu deyiblər: “2 iyun 2010-cu ildə “Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev Qaradağ Rayon Məhkəməsinin iclas zalında hakimdən özünün azad olunmasını tələb edib və Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu ildə onun dərhal azadlığa buraxılması və ona 25 min avro təzminat verilməsi ilə bağlı qərarını buna əsas kimi göstərib. Hakim bu qərarla tanış olduğunu bəyan etsə də, həmin qərarın icra olunmasının onun səlahiyyətlərinə aid olmadığını söyləyib.

Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin onun dərhal azadlığa buraxılması ilə bağlı qərarının indiyədək yerli məhkəmələr tərəfindən icra olunmadığına etiraz olaraq həmin gün aclıq aksiyasına başlayıb. O bilmək istəyir ki, Azərbaycanın dövlət başçısı Avropa İnsan Hüquqları Məhkəməsinin onun haqqında çıxardığı qərar barədə məlumatlıdırmı və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı kimi dövlət başçısının bu məsələyə münasibəti necədir. Eynulla Fətullayev deyib ki, prezident İlham Əliyevin özünün, yaxud rəsmilərdən birinin dövlət başçısının Avropa İnsan Hüquqları Məhkəməsinin onun haqqında çıxardığı qərardan məlumatlı olduğunu açıqladığı halda aclığı dayandıracaq. Eyni zamanda jurnalist bizdən xahiş edib ki, Sizinlə görüşək və bunlar haqda fikrinizi öyrənək”.

Həmin gün jurnalistlər eyni zamanda Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova da müraciət göndəriblər.

Şahvələd Çobanoğlu “Media forum”a açıqlamasında qeyd edib ki, müraciətin göndərilməsindən 10 gün keçməsinə baxmayaraq heç bir rəsmi reaksiya verilməyib: “Sadəcə YAP-ın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında öz münasibətini bildirib. Bu isə məntiqi deyil. Çünki biz YAP-a deyil, dövlət başçısına, Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişik”.

Jurnalist prezidentlə görüşə ümidlərinin az olduğunu vurğulayıb: “Əvvəldən də çox ümid etmirdik. Hər halda həbsdə olan həmkarımızın çağırışına cavab olaraq belə bir müraciət etdik. Müraciətimizə bu susqunluq jurnalistlərə, ictimai fəaliyyətə, vətəndaşların informasiya almaq hüququna necə yanaşıldığını göstərdi”.

Prezidentə, həmçinin Prezident Administrasiyasının şöbə müdirinə konkret faktla bağlı müraciət etdiklərini deyən köşə yazarı məktublarına cavab verilməyəcəyini istisna etməyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev “Media forum”a açıqlamasında bildirib ki, jurnalistlərin prezidentə müraciətinə cavab verilib-verilməyəcəyi ilə bağlı hər hansı məlumatı yoxdur.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO