Mayın 19-da Mətbuat Şurasının konfrans zalında Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması” layihəsi çərçivəsində seminar keçirib.
Modern.az xəbər verir ki, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan Respublikasında KİV-nin fəaliyyəti, jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün mükəmməl qanunvericilik bazası yardılsa da, ölkədə informasiya əldə edilməsi və yayılması yönündə problemlər, məhkəmə çəkişmələri halları hələ də yüksək rəqəmlərlə ifadə olunur.
“KİV-lə bağlı məhkəmə proseslərinin monitorinqini, həmçinin Mətbuat Şurasının açıqlamalarını diqqətə almaq kifayətdir ki, bu sahədə ciddi problemlərin olması faktı öz təsdiqini tapmış olsun. Aparılan təhlillər göstərir ki, bu cür halların baş verməsinin başlıca səbəblərdən biri də jurnalistlərin informasiya əldə etmək və yaymaq hüququnu bəzi məqamlarda məhdudlaşdıran qanunlardan, həmçinin kütləvi informasiya azadlığından sui-istifadənin yolverməzliyi barədə qanunvericilik aktlarından yetərincə məlumatlı olmamaları ilə bağlıdır”-deyə M.Ələsgərli bildirib. Hüquqşunas Ələsgər Məmmədli bildirib ki, ölkə jurnalistləri öz fəaliyyətlərində əsas mənbə olaraq “KİV haqqında” Qanuna istinad edirlər ki, burada da informasiya almaq hüququnun məhdudlaşdırıldığı məqamlar barədə yalnız umumu məlumatlar verilir. “KİV haqqında” Qanundan başqa, “Dövlət sirri haqqında”, Cinayət Prosessual Məcəlləsində “İstintaq sirri haqqında”, “Əməliyyat axtarışı fəaliyyəti haqqında” , “İnformasiya əldə etmək haqqında” və s qanunlar jurnalistlərin informasiya almaq və yaymaq hüquqlarının hansı məqamlarda məhdudlaşdırılması barədə yetərincə məlumatlar verir. Ə.Məmmədli deyib ki, JuHİ-nin bu layihəsi informasiya əldə etmək və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə ayrı-ayrı hüquqi sənədlərdə əks olunmuş maddələri ümümləşdirib aparıcı KİV təmsilçilərinə sistemli bilgilər vermək məqsədi daşıyır.