Jurnalistlərin Gürcüstan səfərindən

Jurnalistlərin təmsil olunduğu “Mətbuat qeyri-rəsmi” qrupu 25-26 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində olub.

Modern.az xəbər verir ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşən səfərdə əsas məqsəd azərbaycanlı jurnalistlərin Gürcüstanda (Tiflisdə) iki günlük istirahətinin təşkili idi. Jurnalistlər fürsətdən istifadə edərək, səfər çərçivəsində bir sıra görüşlər keçiriblər. Belə ki, onlar soydaşlarımızın yaşadığı Borçalı mahalında olublar və görüşdə bir sıra ziyalılarla yanaşı, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkilləri Azər Süleymanov, Əli Məmmədov, Mahir Dərziyev və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənovla görüşüblər. Tədbirdə yerli əhalinin sosial problemləri müzakirə olunub.

Görüşdən sonra jurnalistlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin regional meneceri Şövqi Mehdizadənin müşayiəti ilə F Xoyski, M.Ş.Vazeh, Həsən Bəy Ağayev və Mirzə Fətəli Axundzadənin məzarını ziyarət ediblər. Onlar həmçinin SOCAR-ın dəstəyi ilə təmir olunan Mirzə Fətəli Axundzadənin ev muzeyinə də baş çəkiblər.

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda səfərdə olan jurnalistlər üçün ziyafət təşkil edib. Ziyafətdə jurnalistlər üçün xüsusi şoular təşkil edilib.

Ümumiyyətlə, iki günlük səfər zamanı jurnalistlər Tiflisin gəzməli, görməli yerlərində olub, tarixi abidələri ilə tanış olublar.

Gürcüstan səfərində Modern.az, “Qafqazinfo”, “Mediaforum” saytları, “APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Xəzər”TV, “Lider”TV, İctimai TV, ANS, AzTV, “Cənub” TV, “Kəpəz”TV, “Səs” TV, MuzTV-nin, eləcə də “Baku Post”, “Gündəlik teleqraf”və digər qəzetlərin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, “Mətbuat qeyri-rəsmi” Qrupunun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Yelena Sidorenko, Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO