Jurnalistlərin ekstremal şəraitdə işləməyə hazır olub-olmadığı sınaqdan keçirildi

Danılmaz həqiqətdir ki, kütləvi informasiya vasitələri müasir cəmiyyət həyatında kifayət qədər əhəmiyyətli rol oynamaqda, bəzən hadisələrin inkişaf istiqamətini yönəldirən əsas tərəflərdən biri kimi çıxış etməkdədir. İlk növbədə ona görə ki, insanların psixologiyasına, onların həyat tərzinin inkişafına bu gün media qədər təsir göstərən ikinci bir vasitə tapmaq çətindir.

Bu mənada heç bir şübhə yoxdur ki, böhranlı, ekstremal vəziyyətlərdə jurnalistikanın kütləvi şüura təsiri daha böyük interferensiya gücünə malik olur. Çünki belə vəziyyətlərdə insanlar daha çox informasiya əldə etməyə can atır, vaxt və imkan məhdudiyyəti olduğundan isə onların bu informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirməsi arxa planı keçir.

Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması, obyektiv, qərəzsiz, ucuz sensasiyadan uzaq informasiyaların cəmiyyətə verilməsində jürnalistin məsuliyyəti, belə demək mümkünsə, birə beş artır. Bu mənada o da təsadüfi deyil ki, son illərdə ekstremal jurnalistikaya, onun öyrənilməsinə diqqət daim artan xətt üzrə inkişaf edib.

Ekstremal jurnalistika deyilərkən isə elə fəaliyyət növü nəzərdə tutulur ki, yayımlanmaq üçün informasiyalar, analizlər və digər janrlı materiallar bilavasitə ekstremal hesab edilən hadisə yerində, məsələn döyüş meydanlarında, etnik-dini və digər zəminli silahlı qarşıdurmaların yaşandığı məkanlarda, kütləvi iğtişaşların, fövqəladə halların, təbii fəlakətlərin və texnogen faciələrin baş verdiyi yerlərdə toplanır.

Ölkəmizdə ekstremal halların baş verdiyi hadisələrin mediada işıqlandırılması ilə bağlı aparılan təhlillər göstərir ki, bu sahədə jurnalistikamızda hələ kifayət qədər ciddi problemlər mövcuddur. Çox da uzaq keçmişi əhatə etməyən konkret faktlar timsalında da bunu aydın görmək mümkündür. Məsələn, ötən ilin aprelində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin işıqlandırılmasında media kifayət qədər yanlışlıqlara yol verdi.

Belə ki, hadisənin motivi, ilk günlərdə qətli törədənlərin və onun qurbanlarının sayı barədə dəqiqləşdirilməyən məlumatlar, demək olar ki, bütün kütləvi informasiya vasitələrini bürüdü.

İstər jurnalist, istərsə də sosial məsuliyyət ikinci plana düşdü. İnformasiyaların cəmiyyətə çatdırılmasında balansın gözlənilməsi prinsipi pozuldu, etik qaydalar isə bəzən ümumiyyətlə gözlənilmədi. Məlum oldu ki, jurnalistlərimiz ekstremal şəraitdə işləməyə hələ hazır deyil.

Eyni situasiyaya yeni əsrdə Azərbaycanın üzləşdiyi ilk ən böyük təbii fəlakət kimi tarixə düşəcək Kür və Araz çaylarının daşması nəticəsində yaranan problemlərin işıqlandırılması zamanı da rast gəlmək mümkündür.

Məsələn, bəzi mətbu orqanlarda belə informasiyalar səslənməyə başladı ki, guya Kür və Araz sahillərində bəndlər bilərəkdən dağıdılır ki, Mingəçevir Su Anbarına heç bir zərər dəyməsin. Maraqlıdır ki, belə informasiyanı yayan qəzet və elektron media vasitəsi özünə zəhmət verib, buna rəsmi orqanların münasibətini öyrənməyə lüzum görmür. Yaydığı bu informasiyanın cəmiyyət üçün nə dərəcədə deqradasiya xarakteri daşımasının fərqində olmur.

Deməli, burada jurnalist problemin miqyasından, fəlakət qurbanına çevrilmiş fərdin üzləşdiyi faciənin işıqlandırılmasından daha çox ucuz sensasiya dalınca qaçır. Lakin problem təkcə bu kimi amillərlə məhdudlaşmır. Təəssüf ki, bu günlər ərzində hadisənin mərkəzindən, məsələn, sel suları altında qalmış bir kəndin içindən hazırlanan reportaja, informasiyaya rast gəlinmədi. Mediada yalnız uzaqdan lentə alınmış kadrlar, reportajlar, məlumatlar işıq üzü gördü.

Halbuki, ekstremal hallarda hazırlanan məlumat o vaxt yüksək təsir gücünə və səmərəliliyə malik olur ki, jurnalist hadisənin mərkəzində olsun. Məsələn, ABŞ-da tez-tez yaşanan tornadolar və onun vurduğu zərərlərin işıqlandırılması zamanı bu ölkənin SNN kanalının jurnalistləri birbaşa hadisə yerindən faciənin yaşandığı vaxtda reportajlar yayımlamaq təcrübəsindən tez-tez istifadə edir.

Eyni sözləri texnogen, təbii fəlakətlərin işıqlandırılması zamanı operativliyi, hadisələri canlı çatdırmaq kimi metoddan daim faydalanmağa çalışan Bi-Bi-Si, “Evronyus” barədə də söyləmək mümkündür. Bu zaman ekstremal hal barədə məlumat almaq istəyən insanların az qala hadisənin canlı şahidinə çevrilməsi onlarda baş verənlər barədə daha böyük və dolğun təəsürat yaradır.

Əlbəttə, etiraf edilməlidir ki, SNN, Bi-Bi-Si, “Evronyus” və digərlərinin ekstremal halların işıqlandırılması baxımından təcrübəsi Azərbaycan jurnalistikası ilə müqayisədə kifayət qədər çoxdur. Lakin müstəqil Azərbaycan jurnalistikasının yeni doğuluşundan təxminən 20 ilə yaxın bir vaxtın keçdiiyi nəzərə alınarsa, bu müddət ərzində ekstremal hadisələrin işıqlandırılma səviyyəsi də indi, təbii ki, yüksək olmalı idi.

Düzdür, ekstremal halların qabaqcıl dünya təcrübəsinə, o cümlədən nüfuzlu Qərb medialarına yaxın bir tərzdə cəmiyyətə çatdırılmasına cəhdlər edilir. Lakin bunun arzuolunan səviyyədə olduğunu söyləmək hələ çox tezdir.

Lakin o da xüsusi qeyd olunası faktdır ki, jurnalistin ekstremal şəraitdə fəaliyyət göstərməsi, baş verənləri işıqlandırmasının özü də asan olmayıb, kifayət qədər çətin bir proses sayılır.

Çünki ekstremal halların işıqlandırılması jurnalistin sağlamlığından, həyatına bu hadisələr zamanı yarana biləcək təhlükədən tutmuş, onun dünya görüşü, savadı, qanunvercilik aktlarına bələd olması, təlimatlarla tanışlığı, redaksiya tərəfindən qarşıya qoyulmuş tapşırığın mahiyyətini nə dərəcədə anlamasına kimi geniş bir spektri əhatə edir.

Burada bir məqama da toxunmaq lazım gəlir ki, peşə fəaliyyəti zamanı həlak olan jurnalistələr ən çox ekstremal şəraitdə həyatı ilə vidalaşır. Planetimizin hələ də ən qaynar nöqtəsi sayılan İraq və Əfqanıstanda peşə fəaliyyəti zamanı həlak olan jurnalistlərin sayına diqqət yetirməklə bunu əyani görmək mümkündür.

Ekstremal şəraitdə, məsələn, hər hansı təbii və ya texnogen xarakterli qəzanın yaratdığı fəsadların aradan qaldırılmasına dair material hazırlayarkən jurnalist elə də asan olmayan bir sıra problemləri özü üçün həll etməlidir.

Məsələn, professionalizm jurnalistdən tələb edir ki, toplanmış material obyektiv və tam şəkildə cəmiyyətə ötürülsün. Lakin jurnalist etikası həmin hadisənin olduğu kimi çatdırılmasına müəyyən məhdudiyyətlər qoyur. Professionalizm və etika arasında balans tapmaq isə jurnalistdən xüsusi məharət istəyir.

Ekoloji xarakterli ekstremal halların işıqlandırılması üçün də jurnalist yenə asan olmayan bir sıra vəzifələrin öhdəsindən gəlməyi bacarmalıdır. Məsələn, təbii fəlakətin baş verdiyi ölkə, region, bölgə, şəhər, rayon, kənd, onların coğrafiyası barədə konkret bilgilərə malik olmalıdır. Analoji fəlakətin əvvəl yaşanıb-yaşanmadığı, olubsa, vurduğu zərərlər, nəticələr barədə məlumat əldə edə bilməlidir.

Hadisə barədə məlumat verən jurnalistdən tələb olunan əsas cəhətlərdən biri isə onun, siyasi, dini və digər baxışlarından asılı olmayaraq, obyektivliyə riayət etməsidir. Yanlış, faktların təhrif olunduğu məlumatın cəmiyyətə verilməsi əlavə gərginliyə səbəb olmaqla yanaşı, sonda jurnalistə, onun çalışdığı redaksiyaya da inamın itməsinə gətirib çıxarır.

Aydındır ki, təbii fəlakət, texnogen qəza və onların nəticələri, yaranan fəsadların aradan qaldırılması prosesi media üçün cəmiyyət, çatdırılması vacib olan informasiya, hadisə mənbəyidir. Vəziyyətin faciəviliyi, insanların düşdüyü durum, xilasedicilərin gərgin işi – bütün bunlar oxucu və tamaşaçıların, dinləyicilərin diqqətini mütləq özünə cəlb edir. Bu isə o deməkdir ki, jurnalist belə hadisələrin təqdimatında obyektivlik prinsipinə daha çox əməl etməyə çalışmalı, qərəzsiz olmalı, hadisələri olduğu kimi əks etdirməlidir.

Obyektivliklə yanaşı, jurnalist maksimal dərəcədə operativ işləməyi, daxil olan informasiyanı məharətlə emal etməli, jurnalist janrlarının bütün arsenalından istifadə etməyi bacarmalıdır. Bundan başqa o, hadisə yerində yaradılmış məlumat mərkəzilə işləməyi bacarmaq iqtidarında olmalıdır. Çünki bu, jurnalstin hadisə barədə çatdırmaq istədiyi məlumatı daha dolğun edən, onu faktlarla zənginləşdirən əsas nüanslardan biridir.

Digər tərəfdən, jurnalistin ekstremal vəziyyətlə bağlı topladığı məlumatları ən azı iki mənbədən dəqiqləşdirməsi də olduqca mühümdür.

Məsələn, tamaşaçı və dinləyici auditoriyası kifayət qədər geniş olan Bi-Bi-Si-də qəbul olunan əsas prinsip bundan ibarətdir ki, jurnalist hadisə haqqında əldə etdiyi informasiyanın nə dərəcədə etibarlı olduğunu, ən azı, iki mənbədən dəqiqləşdirir. Bu hal Azərbaycan jurnalistikası üçün kifayət qədər aktuallıq kəsb edir. Məsələn, yenə də Kür və Araz çaylarının daşması nəticəsində yaranan sel fəlakətinin miqyası, dəymiş zərər barədə ölkə mediasında gedən məlumatlara diqqət yetirsək, onlar arasında kifayət qədər ziddiyyətləri olduğu üzə çıxar.

Çünki jurnalist fəlakətin miqyası və vurduğu zərər haqqında bəzən şayiə şəklində yayılan məlumatları da dəqiqləşdirmədən mətbu orqan səhifəsinə çıxarır. Bu isə fəlaktin nəticələri barədə cəmiyyətdə yanlış bilgilərin yayılmasına gətirib çıxaran əsas faktorlardan biri olur.

Belə halların yaşanmaması üçün jurnalist rəsmi şəkildə verilən açıqlamadan əlavə hər hansı məlumat əldə edibsə, onun etibarlılığını ən azı iki mənbədən dəqiqləşdirməlidir.

Ekstremal vəziyyəti işıqlandırarkən jurnalistdən tələb olunan mühüm cəhətlərdən biri də öz hisslərinə, emosiyalarına nəzarət bacarığıdır.

Kifayət qədər faktlar mövcuddur ki, ekstremal hadisənin, məsələn, təbii fəlakətin baş verdiyi yerə gələn jurnalist öz işini, kamerasını, diktafon və digər müvafiq ləvazimatlarını bir kənara ataraq insanların xilası işinə yardım etməyə başlayıb.

Deməli, bu kimi olayları işıqlandırarkən jurnalist həm də emosiyalarına nəzarət edə bilməli, soyuqqanlı olmalıdır. Məhz bu amil hadisənin cəmiyyətə, dünyaya daha yaxşı çatdırılması üçün əsas meyarlardan biri sayılır.

O da aydındır ki, ekstremal şəraitdə işləyən jurnalist fövqəladə hallar üzrə ekspertlərlə də daim sıx təmasda olmalıdır. Çünki hadisənin işıqlandırılması zamanı ekspert rəyinə yer ayrılması adi insanlar üçün məlum olmayan məqamların üzə çıxmasına imkan verir və bu, baş verənlər barədə daha dolğun təəssürat yaradır.

Bütün bunlar onu göstərir ki, ekstremal şəraitdə çalışmaq elə də asan olmayıb, jurnalistdən xüsusi məharət tələb edir. Bu tələblərin öhdəsindən gəlmək isə professionallıqdan, dünya görüşündən, jurnalist savadından, psixologiyasından və digər bu qəbildən olan amillərdən asılıdır.

Yazı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim olunur

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO