Media işçiləri Nazim İmanov, İsa Qəmbər, Əli Kərimli və Heydər Əliyevdən sonra yeni dost seçiblər
“RUH» Azərbacan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» nominasiyasının qalibini müəyyənləşdirmək üçün keçirdiyini sorğunu yekunlaşdırıb. Bu barədə Modern.az saytına “RUH»un nümayəndəsi Əvəz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, mükafatın sahibini müəyyənləşdirən sorğu televiziya və radiolar da daxil olmaqla ölkənin aparıcı, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri, həmçinin jurnalist təşkilatları və internet xəbər resurslarının təmsilçiləri arasında keçirilib.
Anonim xarakter daşıyan sorğuda respondentlərə «2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?» sualı ünvanlanıb. Ə.Rüstəmov deyib ki, “Jurnalistlərin dostu “ sorğusunun qalibinin kimliyi artıq məlumdur. Medianın yeni dostunun adı bir neçə gün sonra keçiriləcək mərasimdə acıqlanacaq. Ə.Rüstəmov deyib ki, bununla bağlı mərasimin keçiriləcəyi məkanı hələ dqiqləşdirməyiblər.
Yeni il ərəfəsində mükafatın sahibinin kimliyi məlum olacaq və adı təntənəli mərasimdə açıqlanacaq.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.
Qeyd edək ki, «RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsisindən məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.
1997-ci ildə təsis edilən mükafatın 4 laueratı olub. «Jurnalistlərin dostu» 1998- ci ildə Nazim İmanov, sonrakı illərdə İsa Qəmbər, Əli Kərimli və Heydər Əliyev olub.
Sorğu 2002-ci ildən dayandırılmışdı