Jurnalistlərdən şəxsi VÖEN istəyirlər(Jurnalistin və fond sədrinin toqquşan mövqeləri)

KİV-ə Dövlət Dəstəyi Fondunun elan etdiyi fərdi müsabiqəyə qatılmaq istəyən jurnalistlər problemlə üzləşiblər. Müsabiqəyə qatılmaq istəyən jurnalist Aqil Lətifovun “Media forum” saytına bildirdiyinə görə, 18 prioritet istiqamət üzrə elan olunan müsabiqəyə yazı vermək istəyənlər fonda şəxsi VÖEN, bank rekvizitləri də təqdim etməlidir: “Əgər yazı təqdim edən jurnalistin şəxsi VÖEN-i və bank rekvizitləri olmasa, onun yazısı qəbul edilmir. Həmin jurnalistin çalışdığı qəzetin VÖEN və bank hesablarını göstərmək imkanı da yoxdur”.

A.Lətifovun sözlərinə görə, müsabiqənin şərtlərinin ilk baxışdan normal olması diqqət çəksə də, məsələnin dərinliyinə varanda şərtlərdə ciddi çətinliklərin olduğu ortaya çıxır: “Bu səbəbdən müsabiqənin şərtləri haqlı olaraq jurnalistlər arasında ciddi narazılıq yaradıb. Heç kimə sirr deyil ki, şəxsi VÖEN, bank hesabı açdırmaq üçün böyük prosedurdan keçmək gərəkdir. Ölkə mediasında çalışan jurnalistlərin əksərinin Bakı şəhərində qeydiyyatı yoxdur. Paytaxtda qeydiyyatı olmayan jurnalistlərimizin özlərinə şəxsi VÖEN açdırması isə daha böyük problemlərə səbəb olur. Rayon qeydiyyatında olan jurnalist şəxsi VÖEN açdırmaq üçün region mərkəzinə getməli və ordakı vergi idarələrində bir sıra prosedurları reallaşdırmalıdır”.

Jurnalist bildirir ki, maddi vəziyyəti ürəkaçan olmayan qələm əhli üçün VÖEN açdırmaq məqsədilə rayona getməsi bir yandan vəsait, o biri yandan vaxt istəyir: “Həmkarlarımızın rayona getmək üçün yola sərf etdikləri vaxtın itirilməsi onların min bir əziyyətlə qazandığı qonorarın itirilməsinə bərabərdir. Hələ VÖEN açdırmaq üçün bu prosesin yaratdığı əziyyətləri demirik. Deməli, müsabiqəyə məqalə verib yer tutmağı arzulayan və beş-on manat irəli düşməyi planlaşdıran jurnalist şəxsi VÖEN açdırmaq üçün həm vaxtından, həm pulundan, həm də qonorarından olur. Üstəlik, müsabiqəyə məqalə verən jurnalistin yer tutub-tutmayacağı da bəlli deyil”.

A.Lətifov onu da əlavə edir ki, söhbətləşdiyi bir çox həmkarı müsabiqəyə yazı vermək istəyib, amma şərtlərdəki bu çətinliklər üzündən fikrindən daşınıb: “Fond təmsilçilərinin jurnalistlərdən şəxsi VÖEN, bank hesabı tələb etməsi şəffaflığın təmin olunması ilə izah edilir. Lakin bu, şəffaflıqdan daha çox müsabəqəyə məqalə vermək istəyən jurnalistlərin qarşısına sədd çəkilməsi anlamına gəlir. Başqa sözlə, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbərliyi VÖEN məsələsində həddindən artıq ifrata varır. Hər halda şəffaflığı təmin etmək üçün daha asan yollar tapmaq olar. Çox güman, fond rəhbərliyi həmkarlarımızın bu prosesləri keçə bilməyəcəklərini yaxşı anlayır”.

KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli “Media forum”a açıqlamasında bildirib ki, jurnalistlərdən şəxsi VÖEN və bank hesabının tələb edilməsi həmin jurnalistlərin özlərinin xeyrinədir: “Mən bunun o qədər də dərinliyinə getmək istəmirəm, həm VÖEN almaq, həm də bankda hesab açdırmaq o qədər çətin prosedur deyil. Əgər bunun üçün rayona getmək lazımdırsa, yenə də hesab etmirəm ki, jurnalistin öz döğma rayonuna getməsi problemdir”.

Fond sədri bu şərtlərə görə müsabiqəyə qatılmaq istəyənlərin sayının azalmasına inanmır: “Mən belə hesab etmirəm”.

V.Səfərlinin sözlərinə görə, müsabiqə şərtlərinə baxılarkən təklif olunub ki, yalnız qaliblərdən bank hesabı və VÖEN tələb edilsin: “Biz bu barədə də düşündük. Lakin vaxt azlığından bunu edə bilmədik. Çünki ilin sonuna qədər fond üçün ayrılmış vəsait ünvanlı olaraq xərclənməli, bizim sonuncü müsabiqəmizin qalibləri həmin pulları almalıdırlar. Əgər bu pullar verilməsə, geri qaytarılmalıdır”.

Sonda V.Səfərli onu da əlavə edib ki, bu günə qədər müsabiqəyə yazı verən jurnalist olmayıb: “Sadəcə, şifahi müraciət edib şərtlərlə maraqlanırlar. Hesab edirəm ki, hələ jurnalistlər yazılarını daha təkmil formada işləyib dərc etdirmək fikrindədirlər”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO