Jurnalistlərdən ibarət 36 nəfərlik casus şəbəkəsi aşkarlanıb

Bolqarıstan ictimaiyyətini şoka salan yeni iddialar meydana çıxıb. SİA-nın məlumatına görə, 1989-cu ildə ləğv olunan Komunist rejimində siyasi polis üçün çalışan keçmiş casusların ortaya çıxarılması ilə məşğul olan Dövlət Komissiyası qalmaqallı faktlar aşkarlayıb. Açıqlanan yeni siyahıda media orqanı təsisçisi, baş redaktor, baş direktor və köşə yazarlarından ibarət 36 nəfərlik qrupun keçmiş agentlər olduğu bildirilir.

Komissiyanın məlumatına görə, hazırda ölkədə ən yüksək tirajla satılan “Trud” qəzetinin baş redaktoru Toşo Toşev gizli polisə məlumat ötürmək üçün xüsusi bir mənzildən istifadə edirmiş. Bundan əlavə, keçmiş Kommunist Partiyasının varisi olan müxalifətdəki Bolqarıstan Sosialist Partiyasına qarşı barışmaz mövqeyi ilə tanınan “Frognews” özəl informasiya agentliyinin sahibi Oqnyan Stefanovun keçmiş casus olduğu ortaya çıxıb.

Qeyd edək ki, hazırki Baş nazir Boyko Borisovun cari ilin iyulunda qurduğu hökumətin üzvlərindən biri – xaricdə yaşayan bolqarlarla iş naziri Bojidar Dimitrov keçmiş casus çıxmışdı. Bundan sonra Baş nazir ölkədə keçmiş sovet polisinə çalışmış bütün casusların siyahısının hazırlanması və ictimaiyyətə açıqlanması barədə göstəriş verib. Bu məqsədlə yaradılmış Dövlət Komissiyası daha öncə də dövlətin önəmli qurumlarında çalışan keçmiş agentlərin siyahısını açıqlamışdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO