Jurnalistlər və QHT nümayəndələri Masazır Duz Zavodunda olublar

KİV və qeyri-hökumət təşkilatlarının təmsilçiləri “Bizim Duz” və “Azərduz” markalarının istehsal edildiyi Masazır Duz Zavodunu ziyarət ediblər.

Zavodun sahibi “Azersun Holding” Şirkətlər Qrupundan «APA-ECONOMICS»ə verilən məlumata görə, görüş zamanı jurnalistlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun istehsalı zamanı keçdiyi prosedurlarla yaxından tanış olub, duzun istehsalı prosesini əyani şəkildə müşahidə ediblər.

Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada qonaqlara duzun tərkibi və yodlaşdırılması prosesi barədə ətraflı məlumat verilib. KİV nümayəndələri yodsuz, natəmiz, keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan duzun mənfi keyfiyyətləri ilə yanaşı, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun istehsal edilən yodlu duzun bir çox müsbət cəhətləri haqqında məlumatlar alıblar. Zavodun mütəxəssisləri jurnalistlərin bütün suallarını cavablandırıblar.

Xatırladaq ki, Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 2010-cu il iyulun 21-də prezident İlham Əliyevin iştirakı ilə açılıb. Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Zavodun əsas xammal mənbəyi Masazır duz gölüdür. Burdakı xam duz anbarının tutumu 6 mln. ton təşkil edir. 130 nəfərin çalışdığı Duz Zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra isə bu rəqəm 300 tona çatacaq. İldə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edən zavod Azərbaycanı duz idxalçısından ixracatçısına çevirmək iqtidarındadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO