Jurnalistlər telekanallara belə qiymət verdilər

Azərbaycan telekanallarının seyirçilər tərəfindən maraqla izlənilməsi, hansısa televerilişin xüsusi olaraq gözlənilməsi kimi məsələlər deyəsən çox arxada qalıb. Hər halda ölkənin tanınmış jurnalistlərinin fikirlərinə rəğmən bunu söyləmək olar.

Jurnalistlərin telekanallarla bağlı fikirlərini təqdim edirik.

““Salam, əsgər!”i davamlı izləyirəm”

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə Azərbaycan telekanallarını nadir hallarda izləyir. Müsahibimiz bunu vaxtının azlığı və telekanallarda nümayiş olunan verilişlərin səviyyəsinin aşağı olması ilə izah edir: “Xəbərlər proqramlarının tamaşaçılara təqdim etdikləri yenilikləri mən bir neçə saat əvvəl internet vasitəsilə əldə etmiş oluram. Azərbaycan telekanalları xəbərin arxasınca sürünürlər. Bir jurnalist kimi mənə operativ informasiya lazımdır. Təəssüf ki, Azərbaycan telekanalları mənim, o cümlədən dünyanın gedişindən az-çox baş çıxaran tamaşaçının xəbərə olan tələbatını ödəməyə qadir deyillər”.

S.Verdizadə yerli telekanallarda nümayiş olunan əyləncəli verilişləri də izləmədiyini deyib. Onun sözlərinə görə, həmin verilişlərin aparıcılarının səviyyəsi çox aşağıdır:
“Bəzi televiziya aparıcıları hətta Azərbaycan dilində də danışa bilmirlər. Üst-üstə beş kitab oxumayan adam məni necə əyləndirə bilər? Mən Azərbaycan telekanallarında ancaq bədii filmləri seyr edirəm. Onu da deyim ki, hərbi proqramlara da xüsusi maraq göstərirəm. Ən çox bəyəndiyim hərbi veriliş hər həftənin bazar günü İctimai Televiziyada efirə gedən “Salam, əsgər!” proqramıdır. Bununla yanaşı, hər həftənin 2-ci günü ATV-də efirə gedən “Səni axtarıram” proqramını da izləyirəm. Tez-tez bu verilişdə qonaq kimi iştirak etdiyim üçün oradakı qəhrəmanların taleyi məni çox düşündürür”.

Redaktor yerli seriallarla maraqlanmadığını deyib. Bildirib ki, davamlı olaraq izlədiyi yeganə serial çərşənbə günləri TRT-də efirə gedən “Sakarya Fırat” serialıdır.

“Özümdən başqa heç bir televiziya aparıcısını bəyənmirəm”

İctimai Televiziyanın aparıcısı Hüsniyyə Məhərrəmova deyir ki, ən çox öz verlişimi izləyir: “Təbii ki, baxdığım, sevdiyim televiziya kanalı da İctimai Televiziyadır. Xarici telekanallardan isə Euronevs, National geography, musiqi kanalları –NTV, MTV, VGV və s-ə baxıram. Özümdən başqa heç bir televiziya aparıcısını bəyənmirəm”.

“Bizim telekanallarda futbola da baxmıram”

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli bildirir ki, Azərbaycan telekanallarına baxmır: “Maraqlı nəsə var ki, baxasan? Yalnız aparıcı Səyyarə xanımın AzTV-dəki “Ovqat” proqramını izliəyirəm. Onu da yuxudan durub çatdıra bilsəm. Özümə nə lazımdırsa, internetdən tapıb baxıram. Xəbərlər proqramında gedən informasiyaların 10-dan yalnız biri Azərbaycana aid olur. Azərbaycanda baş verən prosesləri göstərmirlər, Keniyada, Tanzaniyada baş verənlərdən xəbər verirlər. Çünki telekanallarımız vahid mərkəzdən idarə olunur. Ona görə də proqramlar yalandan baş qatır. Hardasa bir ağacı əhəngləyirlər, AzTV qaçaraq çəkir ki, “xəbər hazırlıyıram”. Bizim gənclərə lazımdır ki, 1993-94-də kim nə eliyib? Axı hamı kimin nə elədiyini yaxşı bilir. Heç bizim kanallarda futbola da baxmıram. Şərhçilərimiz savadsızdır. Ona görə də futbolu Rusiyanın, Türkiyənin telekanallarından izləyirəm. Bizdə səmimi olan heç nə qalmayıb”.

“Xüsusi izlədiyim, fanatı olduğum televeriliş də yoxdur”

Tanınmış telejurnalist Qulu Məhərrəmli qeyd edir ki, xüsusi izlədiyi, fanatı olduğu televerliş yoxdur: “Ara-sıra xəbərlər proqramını izləyirəm. Xüsusi izlədiyim, fanatı olduğum televeriliş də yoxdur. Çünki verilişlərdə maraq, cazibəlik yoxdur. Buna səbəb parametrlərin, peşəkarlığın aşağı səviyyədə olmasıdır. 10-15 il bundan qabaq daha çox idi peşəkarlıq”.

“Sevə -sevə baxdığım serial “Kurtlar Vadisi”dir”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Yerli kanallarda ancaq xəbərlər proqramlarını izləyir: “Başqa heç nəyə baxmıram. Diqqətimizi çəkəcək nəsə var ki? Maraqsızdı teleproqramlar… Türkiyə telekanallarını, Euronevs-in xəbərlər proqramını xüsusi ilə izləyirəm. Sevə-sevə baxdığım serial isə “Kurtlar Vadisi Pusu”dur”.

“Əyləncəli verlişlərə ayıracaq vaxtım yoxdur”

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edir ki, yalnız ictimai-siyasi verilişləri, xəbərlər proqramını izləyir: “Əyləncəli verilişlərə ayıracaq vaxtım yoxdur. Məsələn “Həftə sonu” analitik proqrama tez-tez baxıram. Xarici telekanallardan isə BBC, CNN , Euronevs, Rusiya kanallarının xəbərlərinə baxıram. Orada Amerikada, Avropada bir sözlə dünyada baş verənlər haqqında ətraflı məlumat verilir. Filimlərdən isə Nadir hallarda “Oskar” filimlərinin seyirçisi oluram”.

“Verilişləri sosial şəbəkələrdə müzakirələri görəndən sonra internetdən axtarıb baxıram”

APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirir ki, xüsusi ilə gözlədiyi televeriliş yoxdur: “Çünki buna vaxt məhdudiyyəti imkan vermir. Amma bütövlükdə bütün verilişlərin formatından xəbərim var. Deyim ki, vaxt tapanda ictimai-siyasi verilişləri xoşlayıram. Məsələn, İctimai Televiziyadan Cəsarət Valehin “Ortaq məxrəc”ini, ATV-də Emin Musəvinin “22-ci saat” verilişini baxmaqla yanaşı, həm də dəstəkləyirəm, “Xəzər” Telekanalında “Həyata baxış”, ATV-də “El içində”ni, Qulu Məhərəmlinin aparıcısı olduğu televerilişi , ANS-də “Açıq söhbət”i vaxt olduqca izləyirəm. Jurnalist aparıcı kimi isə Mirşahinin üslubunu bəyəənirəm.

Adətən verilişləri sosial şəbəkələrdə müzakirələri görəndən sonra internetdə axtarıb baxıram. Əyləncəli proqramlardan isə İctimai Televiziyadan Leyla Əliyevanın əvvəllər apardığı verilişlərə baxırdım, indikilərə yox. Hər gün “Əl-cəzirə”nin CNN, Euronevs kanalının xəbərlər proqramını istisnasız izləyirəm.

“Bizdə də ayrıca xəbər kanalı yaradılmalıdır”

“Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyir ki, daimi izlədiyi verlişlərdən ANS-in “Açıq söhbət”, tarixlə bağlı verilişləri, xəbər proqramlarının adını çəkə bilər: “Bu telekanaldan Mirşahini bir aparıcı kimi, peşəkar kimi bəyənirəm. Əyləncəli verilişlərdən isə “Səyyah”a baxıram. Bizdə xəbər proqramlarının vaxtı çox az olur. Bütün ölkəni əhatə eləmir. Bölgələrdəki problemlər tam əhatə olunmur. Bizdə də ayrıca xəbər telekanalı yaradılmalıdır. Çünki yalnız tərcümələrlə kifayətlənirik. Verilişlərimiz də, daha çox götürmədir, yaradıcı beyin məhsulu deyil”.

“Bizim proqramlar tanıdığım, daha çox zəhləm getdiyim yemək kimidir”

Teletənqidçi Zeynal Məmmədli söyləyir ki, fanatı olduğu, səbirsizliklə gözlədiyi televeriliş yoxdur: “Arabir “Səni axtarıram” proqramına baxıram. Baxmamağımın səbəbi televerilişlərin peşəkarlıq səviyyəsindən uzaq olmasıdır. Elə verilişlər var ki onlara baxmaq vaxt itkisidir. Bizim proqramlar tanıdığım, daha çox zəhləm getdiyi yemək kimidir. İnsan sevmədiyi yeməyi nə qədər yeyə bilər ki? Bizim xəbərlər nəin ki, təlabatımızı ödəmir, üstəlik marağımızı da öldürür. Yaradıcı ruh, dərin format yoxdur. Buna səbəb sərbəst söz azadlığının , sərbəst bazarın olmamasıdır. Realiti şoulara gəldikdə isə biz heç dünyada moddan düşmüş formanı belə götürə bilməmişik. Murad Dadaşovun realiti şousunda hardasa yaxınlaşma var idi. Amma davam etdirilmədi. Bəyəndiyim teleaparıcalar var. Bir-iki səviyəli veriliş varsa, həmin aparıcıların əməyinin nəticəsidir. Amma yaradıcı komanda yoxdur. Bizdə bu məsələ xarici görünüşündən varlı, daxildən isə dilənçi olan adama bənzəyir. Mən hətta Amerikanın NBC kanalında verilən səviyyəli-intelektual seriallara da baxıram”.

“Bizim telekanallarda gedən reklamlar məni qıcıqlandırdığı üçün, onları görməməyə çalışıram”

“Mərkəz” qəzetinin şef-redaktoru Vüsal Məmmədov deyir ki, öz telekanallarımıza demək olar ki, baxmır: “Çünki marağımı çəkən veriliş yoxdur. Mənim televiziyada axtardığım ilk növbədə intellektual və elmi-populyar mövzular, bir də səviyyəli yumordur. Bunlar da bizim telekanallarda demək olar ki, mövcud deyil. Əlavə olaraq, bizim telekanallarda gedən reklamlar məni qıcıqlandırdığı üçün, onları görməməyə çalışıram. Xəbərlərə olan ehtiyacımı əsasən inernet resurslarının vasitəsilə ödəyirəm. Baxdığım kanallara gəlincə, günün istənilən vaxtı və demək olar ki, istənilən verilişini seyr edə biləcəyim kanallar bunlardır: “Discovery”, “National Geographic”, “History Channel”, “Science Channel”. Ona görə ki, bu kanallarda gedən verilişlər mənə bilmədəyim şeyləri öyrənməyə, suallarıma cavab axtarmağa imkan verir. Davamlı baxdığım verilişlər bunlardır: “Through the Wormhole with Morgan Freeman” (Sci), “Naked Science” (NG), “How the Universe works” (Discovery), BBC kanalının bütün elmi-populyar filmləri. Sərrast və səviyyəli yumoruna görə ОРТ-də yayımlanan “Projektorperisxilton» verilişini xoşlayıram. Bu və digər verilişlərə efirdə yox, internetdən endrib, kompüterdə baxıram. Bu, hər baxımdan daha sərfəlidir. Baxdığım seriallar bunladır: “Fringe” , “Doktor Haus”, “İnternı”. “Game of Thrones” serialının yeni mövsümünün başlamasını, “Spartak”ın isə 3-cü mövsümünün tamamlanmasını gözləyirəm. Teleaparıcı kimi “Lider” TV-də Günay Yelmarqızından xoşum gəlir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO