Açıq Cəmiyyət institutunun ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik mövzusunda elan etdiyi müsabiqə iki mərhələdən ibarət olacaq
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik mövzulu jurnalist müsabiqəsinin növbəti mərhələsini elan edib.
Fonddan Lent.az-a verilən məlumata görə, müsabiqənin ilkin mərhələsində jurnalistlərdən seçdikləri mövzu üzrə maksimum 400 sözlük konsepsiya tələb olunur. Konsepsiyada araşdırmanın necə aparılması barədə məlumat əks etdirilməlidir. Bu mərhələdə qalib gələn jurnalistlər növbəti mərhələdə iştirak imkanı qazanır.
Növbəti mərhələdə isə jurnalistlər tərtib etdikləri konsepsiya üzrə araşdırma yazısı hazırlayıb mətbuatda çap etdirir və birinci mərhələ qalibi kimi 200 ABŞ dolları həcmində mükafat əldə edirlər. İkinci mərhələdə mükafatların məbləğini və sayını araşdırmaların keyfiyyətindən asılı olaraq müsabiqə komissiyası müəyyən edəcək. Müsabiqənin ümumi mükafat fondu 10 000 ABŞ dollarıdır.
Konsepsiyalar [email protected] və [email protected] ünvanına “müsabiqə üçün” başlığı altında və ya Həsən Əliyev, 117 A ünvanına göndərilməlidir. Konsepsiyaları təqdim etmək üçün son tarix 25 sentyabr 2010-cu ildir.
Məlumat üçün 564 34 75 (daxili nömrə: 326) telefonu ilə əlaqə saxlamaq olar.
Konsepsiya mövzuları:
1) Ünvanlı sosial yardımlara dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi sahəsində vəziyyətin araşdırılması. Araşdırma zamanı jurnalist mövzu ilə əlaqədar aşağıdakı məqamlara xüsusi diqqət yetirməlidir:
Sosial yardıma ehtiyacı olan yoxsul insanların həmin yardımlara əlçatanlığı;
Ehtiyacı olmayan ailələrə ünvanlı sosial yardımların təyin olunması ilə bağlı səslənən faktların səhihliyi;
Ünvanlı sosial yardımların təyin olunması zamanı səlahiyyətli dövlət qurumlarında korrupsiya hallarının baş verməsinə dair informasiyaların dürüstlüyü.
2) Prezident Fondu vasitəsilə xərclənən dövlət büdcəsi vəsaitləri üzərində şəffaflığın təmin olunması sahəsində vəziyyətin araşdırılması. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:
2.1. 2009-2010-cu illərdə Fonddan Bakı və Sumqayıt şəhərlərinin abadlaşdırılması məqsədilə ayrılmış vəsaitlərin xərclənmə istiqamətləri;
2.2. 2009-2010-cu illərdə Fonddan regionların sosial-iqtisadi inkişaf üçün ayrılmış vəsaitlərin təyinatı;
2.3. Fonddan ayrılmış vəsaitlər hesabına icra olunan layihələrə Hesablama Palatasının nəzarət imkanlarının mövcudluğu.
3) Kür-Araz daşqınları ilə bağlı xərclənən vəsaitlərin istifadəsi sahəsində vəziyyətin araşdırılması. Araşdırma zamanı jurnalist mövzu ilə əlaqədar aşağıdakı məqamlara diqqət yetirməlidir:
3.1. Əhaliyə ödənilən kompensasiyaların hesablanması və ödənilməsi sahəsində şəffaflığın təmin olunması imkanları;
3.2. Əhali üçün mənzil tikintisi ilə bağlı xərcləmələr sahəsində problemlər;
3.3. Vəsaitlərin istifadəsi üzərində ictimai nəzarət imkanının mövcudluğu;
3.4. Araz çayı üçün yeni qolun tikintisi layihəsinə sərf olunmuş vəsaitlərin və bu layihənin icrası mərhələsində yaranmış problemlərin araşdırılması.
4) Aqrar sektorun inkişafına xərclənən vəsaitlərin istifadəsi sahəsində vəziyyətin öyrənilməsi. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:
4.1. Fermerlərə subsidiyaların hesablanması və ödənilməsi sahəsində müşahidə olunan tendensiyalar, konkret ərazilərdə subsidiya verilən insanların siyahılarının ictimaiyyət üçün açıqlığı imkanının mövcudluğu;
4.2. Lizinq yolu ilə ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının alınması, bölüşdürülməsi və dövlət mülkiyyətində saxlanılan texnikaların hazırkı istifadə vəziyyəti;
4.3. Güzəştli qiymətlərlə fermerlərə çatdırılmalı olan gübrələrin bölüşdürülməsi sahəsində problemlər;
4.4. Meliorasiya tədbirləri (torpaqların şoranlaşmasının qarşısının alınması və drenaj kanalların qazılması, artezianların qazılması, çay və kanalların təmizlənməsi, sahilbərkitmə tədbirləri və s.) üçün nəzərdə tutulan vəsaitlərin istifadəsi sahəsində real vəziyyət;
5. Xaricdən cins-mala qaranın və müxtəlif toxum sortlarının gətirilməsi, həmçinin fermerlərin onlardan istifadəsi sahəsində müşahidə olunan problemlər.
5) Ekoloji layihələrə ayrılan vəsaitlərin istifadəsi sahəsində vəziyyətin öyrənilməsi. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:
5.1. Ekologiya ili ilə əlaqədar xərcləmələrin araşdırılması və bu istiqamətdə həyata keçirilən layihələr;
5.2. Meşələrin bərpası ilə bağlı xərcləmələr və əldə olunan real nəticələr;
6) İnvestisiya layihələrinin icrasına ayrılan vəsaitlərin istifadəsi sahəsində vəziyyətin öyrənilməsi. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:
2010-cu ildə ölkə ərazisində yol və yol qovşaqlarının, həmçinin yeraltı və yerüstü keçidlərin tikintisi ilə bağlı həyata keçirilən layihələrin icrası vəziyyətinin araşdırılması;
Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması layihəsinə 2008-2010-cu illərdə sərf olunan vəsaitlərin və bu istiqamətdə əldə olunan nəticələrin araşdırılması;
2010-cu ildə mədəniyyət, incəsənət və idman sahələri ilə bağlı həyata keçirilən layihələrin icrası vəziyyətinin araşdırılması;
2010-cu ildə iri dövlət şirkətləri (“Azərsu” ASC, “Azal” QSC, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, Xəzər Dəniz Gəmiçiliyi və s.) üçün nəzərdə tutulmuş layihələrin icrası vəziyyətinin araşdırılması;
7) Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə xərclənən vəsaitlərin istifadəsi sahəsində vəziyyətin öyrənilməsi. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:
7.1. Fondun vəsaitlərinə sahibkarların əlçatanlıq imkanlarının qiymətləndirilməsi;
7.2. Axır 5 ildə xərclənən vəsaitlərin real təsirlərini əks etdirən konkret nümunələr (məsələn, ayrıca götürülmüş müəssisənin və ya müəssislərin timsalında onların büdcə ödənişlərinin, istehsal və ixrac olunan məhsullarının artım dinamikası, yeni açdığı iş yerləri, həmin iş yerlərinin peşələr və ixtisaslar üzrə strukturu);
7.3. Həmin kreditlərin biznes mühitinə real təsirləri (məsələn, yaradılmış məhsul anbarları və soyuducular həmin ərazidə yaşayan kənar fermerin məhsulu üçün nə dərəcədə əlçatandır)
7.4. Yeni yaranan istehsalların idxal məhsulları ilə bazarda rəqabət imkanını nümayiş etdirən real nümunələr.
LENT.AZ