Jurnalistlər maska taxırmı?

Dünyada 6 mindən çox insanın ölümünə yol açan donuz qripi (A/H1N1 virusu) Azərbaycanda da müəyyən narahatlığa səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizə metodlarından biri kimi əhalini qoruyucu maskalardan istifadə etməyə çağırıb. Azərbaycanın səhiyyə sistemində çalışanlar da mediaya açıqlamalarında ölkə vətəndaşlarını qoruyucu maskalardan istifadə etməyi məsləhət gördüklərini deyiblər. Artıq Bakıda ictimai yerlərdə maskalardan istifadə edənlərə rast gəlmək mümkündür. “Media forum” saytı jurnalistlərin qoruyucu maskalardan istifadə edib-etməməsi ilə maraqlanıb.

“Tibb” qəzetinin redaktoru Sevda Nəbiyeva deyib ki, onların qəzeti tibb profilli nəşr olduğundan bu məsələyə redaksiyada həssas yanaşırlar: “Jurnalistlərimiz müsahibəyə gedəndə imkan daxilində qoruyucu maskalardan istifadə edirlər və artıq bu ənənə bizim redaksiyada mövcuddur. Jurnalistlər də hər bir vətəndaş kimi özlərini qripdən qorumalıdır. Bunun üçün maska taxmaq kimi bir vasitədən istifadə etmək zərurəti yaranırsa, biz bunu edirik. Ümumiyyətlə normal sanitar mədəniyyət tələb edir ki, özünü pis hiss edən adam, söhbət pandemik qripdən getməsə də, müalicəsi ilə məşğul olsun, lazım gəldikdə müvəqqəti olaraq işə çıxmasın”.

“Yeni Müsavat” qəzetinin redaktoru Zahid Səfəroğlu redaksiyalarında jurnalistlərin qoruyucu maskadan istifadə etmədiklərini deyir: “Güclü bir təhlükə hiss etmirik. Təhlükə həqiqətən ciddiləşərsə, redaksiya rəhbərliyi lazımi tədbirlər görməyi nəzərdə tutub. Yəni ilkin yardım preparatları, qoruyucu maskalarla əməkdaşlarımızı təmin edəcəyik. Bəzən küçədə sorğu keçirməyə, reportaj hazırlamağa gedənlər maskadan istifadə edirlər. Lakin redaksiya daxilində belə hal ümumiyyətlə yoxdur ”.

“Şərq” qəzetində heç kim qoruyucu maskadan istifadə etmir. Qəzetin baş redaktor müavini Yusif Nəzərli bildirir ki, görünür, jurnalistlər özlərinə elə bir ciddi təhlükə hiss etmirlər: “Bununla belə, son iki gündə qəzetimizin bir neçə əməkdaşı qoruyucu maska almaq istəyib. Lakin redaksiya yaxınlığındakı səkkiz aptekə dəysələr də, maska tapa bilməyiblər”.

“Bakı xəbər” qəzetinin baş redaktor müavini Vaqif Cəliloğlu ölkədə virusun yayılma həddini təhlükəli hesab etmir: “ Əgər ölkəmizdə donuz qripinə yoluxanların sayı artsa biz də redaksiyamız adından özmüdafiəmiz istiqamətində müəyyən addımlar atacağıq”.

“Bizim yol” qəzetinin redaksiyasından da “Media forum”a bildiriblər ki, Səhiyyə Nazirliyi Azərbaycanda donuz qripinin təhlükəli həddə olmadığını bəyan etdiyindən əməkdaşlar qoruyucu maskalara ehtiyac görmürlər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO