“Müvafiq jurnalist təşkilatlarının müraciəti əsasında biz jurnalistlərin güzəştli kompüter əldə etməsi məsələsinə baxa bilərik”. Bu sözləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə noyabrın 17-də “Xalq kompüteri” pilot layihəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
“Media forum” saytının “Jurnalistlər “Xalq kompüteri”nin güzəştli şərtləri ilə niyə kompüter ala bilmirlər” sualını cavablandıran E.Vəlizadə bu məsələdə xüsusi bir çətinliyin olmadığını bildirib: “Jurnalistləri təmsil edən hər hansı rəsmi qurum “Microsoft” şirkəti ilə lisenziyalı proqram təminatını təmin edən müqavilə imzalasa, jurnalistlərə güzəştli kompüter satışını reallaşdırmaq olar”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov da bu məsələdə “Microsoft” şirkəti ilə müqavilə imzalanmasının vacibliyini vurğulayıb: “Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə xüsusi müqaviləsi var və həmin müqavilə əsasında təhsil sistemi üçün güzəştli lisenziyalı proqram təminatı verilir. Jurnalistlərin də qurumları – Mətbuat Şurası, Jurnalistlər Birliyi – “Microsoft” şirkəti ilə güzəştli lisenziyalı proqram təminatı barədə müqavilə imzalasa, biz məmnuniyyətlə bu variantı tətbiq edə bilərik”.
“Xalq kompüteri” 2009-cu ilin aprel ayından orta məktəb müəllimlərinin güzəştli kompüter əldə etməsinə yönəlmiş layihədir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, HP və “Microsoft” şirkətlərinin iştirakı ilə reallaşan layihə 6 ay ərzində 3500 müəllimə lisenziyalı proqramla təmin olunmuş kompüterə sahib olmaq imkanı yaradıb.
«Media forum»