“Jurnalistlər cəmiyyətdə onlara aid olan məsuliyyətləri üzərlərinə öhdəlik götürməlidirlər”

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Modern.az saytının suallarına cavab verir
– Əli müəllim, ATƏT-in fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin Cənubi Qafqaz regionuna səfəri başlayıb. Sizcə, Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi müddətdə Qarabağ probleminin həllində müsbət irəliləyişlərə nail olmaq mümkün ola bilərmi?
– ATƏT-in yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev regiona ATƏT-ə sədrlik etmiş şəxslərin əksəriyyətindən daha yaxşı bələddir, burada cərəyan edən hadisələrin tarixi köklərini, meydana gəlməsini, sonrakı inkişafını və bugünkü vəziyyətini çox yaxşı bilir. Qazaxıstanın nümayəndəsi kimi o, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü problemlərini də yaxşı bilir. Onun ölkəsi Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu anlamda, əlbəttə, onun bu məsələyə daha konstruktivlik gətirmək imkanları var. Ən azından onun ATƏT-ə rəhbərlik etdiyi müddətdə məsələnin həllinin dinamikləşdirilməsinə və məsələnin həllində hansısa bir konstruktiv sonluğa gəlinməsinə çalışılacaq. Mən əminəm ki, bu da müəyyən müsbət nəticələrə gətirib çıxaracaq.
– Sizcə, bu ilin sonlarına qədər münaqişənin tənzimlənməsi ilə əlaqədar ilkin sülh razılaşmasının əldə edilməsi mümkündürmü?
– Bilirsiniz, hər şey ola bilər. Amma bunu heç kim indidən proqnozlaşdıra bilməz. Hər şey ATƏT-in həmsədrlər institutundan və o instituta həmsədrlik edən 3 dövlətdən – ABŞ, Rusiya və Fransadan asılıdır. Əgər onlar bundan sonra da bu məsələdə sadəcə olaraq, tərəflərin mövqeyini yaxınlaşdırmaq istiqamətində özlərinin dişsiz, belə demək mümkünsə, qeyri-prinsipial mövqelərini davam etdirəcəklərsə, əlbəttə, heç nəyə ümid etmək olmaz. Yox əgər, onlar getdikcə prinsipiallaşacaqlarsa, beynəlxalq hüququn norma və tələblərini getdikcə kəskin şəkildə meydana qoyacaqlarsa və bu münaqişə tərəflərinə sözün həqiqi mənasında, beynəlxalq hüquq çərçivəsində ciddi təzyiq göstərəcəklərsə, o zaman nəyəsə ümid etmək olar.
– Necə hesab edirsiniz, münaqişənin həllilə bağlı proseslər hərb variantına doğru gedir, yoxsa sülh?
– Bu haqda danışmaq istəməzdim. İstənilən halda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək, öz torpaqlarını azad etmək hüququnu heç kimə güzəştə getməyib və bundan sonra da getməyəcək.
– Yeri gəlmişkən, ötən həftə parlamentdə Kütləvi İnformasiya Vasitələri ilə birbaşa bağlı bir neçə qanunvericilik aktına əlavə və dəyişikliklər olundu və bunlar həm müxalifətçi millət vəkilləri, həm də bütövlükdə müxalifət tərəfindən kəskinliklə qarşılandı. Onlar bunu söz və mətbuat azadlığına qarşı yönəlmiş təzyiq, təhdid kimi qiymətləndirdilər…
– Bunlar tamam əsassız fikirlərdir. Müxalifətçilər özləri də bilirlər ki, bu məsələdə haqlı deyillər. Bildiyiniz kimi, ötən il referendum yoluyla Konstitusiyaya bir sıra dəyişiklikllər olundu və indi həmin dəyişikliklər müvafiq qanunvericilik aktlarında, o cümlədən kütləvi informasiya vasitələri ilə bağlı qanunlarda öz əksini tapıb. Sabah bir nəfər kameraman və yaxud bir nəfər fotoqrafçı tutalım, həmin müxalifət liderlərindən birini səhərdən-axşama izlədi, harada oldu onun şəklini çəkdi, o zaman həmin şəxs hamıdan qabaq məhkəməyə müraciət etməsə, nə deyirsiniz deyin. Məhz o zaman parlamentdə onun danışığının nə qüvvədə olduğunu dərhal hamı anlayacaq. Bilirsiniz, hər bir insanın şəxsi həyatının qorunması, toxunulmazlığının təmin edilməsi onun konstitutsion haqqıdır. Əgər kimsə hesab edir ki, jurnalistlərin söz, informasiya toplamaq haqqı insanların toxunulmaz konstitutsion haqqından yüksəkdir, çox səhv edir. Jurnalist də bir insandır, onun özü də jurnalistlik fəaliyyətini, qələmini yerə qoyandan sonra sıravi bir şəxsdir, o da konstitutsion hüquqlarından istifadə etmək ehtiyacına malikdir. Ona görə də bu məsələdə heç bir səs-küy qaldırmağın əsası yoxdur. Jurnalistlərə qətiyyən məhdudiyyət qoyulmur, ictimaiyyət üçün maraqlı olan informasiyaların toplanması, ictimaiyyət üçün maraqlı olan səhnələrin çəkilib göstərilməsi və sair, amma burada insanların şəxsi toxunulmaz həyatından söhbət gedir.
– Azərbaycanda söz və mətbuat azadlığının durumunu necə qiymətləndirmək olar?
– Söz və mətbuat azadlığının vəziyyətini qənaətbəxş, yetərli hesab etmək olar. Söz və mətbuat azadlığı hədsiz-hüdudsuz, kimi nə zaman necə istəyirsə təhqir etmək və yaxud da onun haqqında nə istəyirsə yazmaq hüququ deyil. Bu, insanların baş verən hadisələr, onlar üçün maraqlı olan insanlar, onları idarə edən dövlət məmurları, onların seçdikləri deputatlar, onların yaşadıqları cəmiyyət və bu cəmiyyətin iqtisadi-sosial həyatı haqqında şəffaf informasiya almaq hüququdur. Ona görə də onların bu hüququ təmin olunmalıdır. Bu anlamda əlbəttə, Azərbaycanda söz və mətbuat azadlığını, bu sahədəki vəziyyəti qənaətbəxş hesab etmək olar.
– Belə olan halda, «Diffomasiya haqqında» qanun layihəsinin müzakirəsi niyə yubadılır?
– «Diffomasiya haqqında» qanun layihəsi tək jurnalistikaya aid qanun deyil, bu sənəd Cinayət Məcəlləsindəki mövcud bir hüquq normasıdır ki, bütün cəmiyyətə aiddir. Yəni, insanların şərəf və ləyaqətinə toxunmamaq, təhqir etməmək və onların şəxsiyyətini alçatmamaqdır. Bunu jurnalist də edə bilər, küçədən keçən istənilən bir insan da, bunu pasiyenti müraciət etdiyi zaman həkim də edə bilər, bunu dərs zamanı müəllim də. Ona görə də diffomasiya məsələsinə kompleks yanaşılmalıdır. O ki qaldı jurnalistlər üzərindən cinayət məsuliyyətinin götürüməsi, yəni jurnalistlərin fəaliyyətinin dekriminalizasiyası, bu başqa məsələdir. Bunun üçün jurnalistlər cəmiyyətdə onlara aid olan məsuliyyətləri öz üzərlərinə öhdəlik götürməlidirlər.
– Bunu necə edə bilərlər?
– Onlar cəmiyyətin hamısı üçün məqbul hesab olunan Jurnalistin Əxlaq Kodeksini qəbul etməlidirlər və onun pozulmasına görə, bu və ya digər dərəcədə məsuliyyəti daşımalıdırlar. Bundan sonra bu məsələyə getmək olar. Biz əleyhinə deyilik ki, Azərbaycanda jurnalistlik, mətbuat və informasiya fəaliyyəti dekriminallaşmasın. Biz bunun tərəfdarıyıq. Lakin bunun üçün hər tərəf çalışmalıdır: jurnalistlər də, icimaiyyət də, dövlət orqanları da, beynəlxalq təşkilatlar da. O vəziyyətə, o mərhələyə qədər ki, cəmiyyətdə bu dekriminalizasiyanın məsuliyyətini öz üzərinə götürən jurnalistlərin sayı digərlərindən çox olsun.
– Təxminən 9 aydan sonra Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bu baxımdan, seçkiqabağı durumu necə dəyərləndirirsiniz? Bu durum seçkilərin demokratikliyinə tam təminat verirmi?
– Hələlik seçkilər haqqında danışmaq tezdir. Amma Azərbaycan hökuməti, onun seçki institutları seçkilərin tam demokratik, şəffaf, ədalətli keçirilməsinə təminat verir və verəcək.
– Son olaraq, hər dəfə olduğu kimi, bu seçki ərəfəsində də müxalifət tərəfindən seçki qanunvericiliyinin dəyişdirilməsi, paritetlik, proporsional seçki sisteminin bərpası və sair məsələlər gündəmə gətirilir…
– Hər bir ideyanın cəmiyyətdə müzakirə olunmaq haqqı var, o cümlədən bunların. Bu ideyanı, təklifləri irəli sürənlərin də özlərinin arqumentləri var və onları irəli sürürlər. Belə düşünürəm ki, əgər bu təkliflərin ciddi aktuallığı cəmiyyətdə görünsə, o zaman onları müzakirəyə çıxarmaq olar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO