Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində təşkil etdiyi növbəti press-tur Altıağac Milli Parkında olub. Qhtxeber.az-ın məlumatına əsasən, “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında təşkil olunmuş tədbir media nümayəndələrini Altıağac Milli Parkının flora və faunası, eləcə də Milli Parkın nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası ilə tanış etmək məqsədi daşıyıb.
Ölkənin 30-a yaxın aparıcı KİV nümayəndələrinin qatıldığı press-tur zamanı Altıağac Milli Parkının mühafizə işləri üzrə direktor müavini Paşa Məmmədov jurnalistlərə park haqqında geniş məlumat verib. Bildirib ki, ərazisi 11035 hektar olan Milli Park 2004-cü ildə yaradılıb. Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılıb. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Ərazidə yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük təşkil edir.
Altıağac Milli Parkının ərazisində cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq kimi növlərə rast gəlinir. Burada adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir.
Qeyd edək ki, Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət göstərir. 2006-cı ildə Altıağac Milli Parkında yaradılan və Cənubi Qafqazda analoqu olmayan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında vəhşi təbiətdən, o cümlədən qanunsuz saxlanılan yerlərdən müsadirə olunaraq götürülən, reabilitasiya keçən halsız, xəstə heyvan və quşlardan müvafiq nümunələr götürülərək laboratoriyada analiz edilir.