Sentyabrın 15-də Səbail Rayon Məhkəməsində jurnalist Asəf Quliyevin Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. “Media forum” saytına danışan Asəf Quliyev bildirib ki, iclasda məhkəmə araşdırmasının sentyabrın 29-da başlamasına qərar verilib.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti bu il iyulun 31-də müqavilə müddəti başa çatandan sonra Asəf Quliyevlə yeni müqavilə bağlamayıb. Jurnalist cəmiyyət rəhbərliyinin bu addımınu qanunsuz sayır: “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun mənim işdən çıxarılmağımla bağlı əmrinin ləğvini, müddətsiz müqavilə bağlanılması şərti ilə AzTV-də redaktor vəzifəsinə təyin edilməmi, işi buraxdığım müddətin əməkhaqqının ödənməsini istəyirəm. Bundan əlavə, Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə uyğun olaraq ifadə azadlığının pozuntusu tanınmalı və pozuntuya görə cavabdeh şəxs kompensasiya ödəməlidir. Növbəti iclasda kompensasiyanın məbləğini müəyyənləşdirib hakimin nəzərinə çatdıracağıq”.
“Media forum”