Jurnalistikanın ləkələnməsindən danışılıb

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) hesabat konfransı keçirilib. Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, , 2011-ci ildə Şuranın başlıca iş istiqamətləri komissiyaların fəaliyyətindən, quruma daxil olan şikayət və müraciətlərin araşdırılmasından, müvafiq qərar və rəylərin çıxarılmasından, «reket jurnalistika»ya qarşı mübarizə tədbirlərindən, diffamasiya təşəbbüslərinin reallaşdırılmasından, o cümlədən ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə «Diffamasiyadan müdafiə haqqında» qanun layihəsinin hazırlanmasından, prezident fərman və sərəncəmlarında media ilə əlaqəli proqramların reallaşdırılmasından, layihələrin həyata keçirilməsindən, müxtəlif mövzularda konfrans, seminar və «dəyirmi masa»ların təşkilindən və beynəlxalq əməkdaşlıq məsələlərindən ibarət olub.

Şura sədri deyib ki, 2011-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub ki, onlardan 499-nu kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil edib. Həmin şikayətlərdən 301-i Katiblik səviyyəsində həllini tapıb. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 198 müraciətdən 128-i bilavasitə Şuranın Şikayətlər üzrə Komissiyasında araşdırılıb ki, onlardan 92-i komissiya səviyyəsində həllini tapıb. Komissiyanın MŞ-nin İdarə Heyətinə təqdim etdiyi 36 rəyin 24-ü əsasında qərarlar çıxarılıb. İdarə Heyəti digər 9 qərarını və 1 xüsusi rəyini çıxararkən «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəylərinə istinad edib. Beləliklə Şuranın İdarə Heyəti 2011-ci ildə ümumilikdə 33 qərar və 1 xüsusi rəy çıxarıb.

Ə.Amaşov MŞ İdarə Heyətinin 2011-ci il üçün son iclasında 2012-ci ildəki fəaliyyət prioritetlərinin açıqlandığını vurğulayıb. Bu barədə məlumat verən Şura sədri həmin prioritetlərin əsasən diffamasiya ilə bağlı təşəbbüslərin dəstəklənməsindən, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onların həmkarlar ittifaqlarında təmsilçiliyinin real işlək mexanizmlərinin hazırlanması yollarından, KİV-lərdə reklam və elanların yerləşdirilməsinə dair qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlərin görülməsindən, internet medianın Mətbuat Şurasının medianın özünütənzimləmə obyektinə daxil edilməsindən ibarət olduğunu diqqətə çatdırıb. O eyni zamanda bildirib ki, Şura ötən il ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya haqqında qanun layihəsi hazırlayıb və sənəd ölkə parlamentinə təqdim olunub. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»ında da diffamasiya məsələsinə önəm verildiyini deyən Ə.Amaşov əlavə edib ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub və Şura mövcud istiqamətdəki təşəbbüslərə dəstək verəcək.

MŞ sədri rəhbərlik etdiyi qurumun qəzetlərin əldə yayımı sahəsində yaranmış problemləri aradan qaldırmaq istiqamətində də səylərini davam etdirəcəyini diqqətə çatdırıb. Ə.Amaşov bununla bağlı müvafiq dövlət qurumunun rəsmiləri ilə ilkin görüşlərin keçirildiyini deyib.

Qəzetlərin əldə yayımı ilə əlaqədar məsələyə MŞ İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlının, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, respublikanın əməkdar jurnalisti Yusif Kərimovun və başqalarının çıxışlarında da önəm verilib, mövcud sahədəki vəziyyətin tənzimlənməsinin zəruriliyinə dair təkliflər səslənib.

B.Sadıqov MŞ-nin «reket jurnalistika»ya qarşı mübarizəsinin məğzində diffamasiya mühitinin yaranmasına xidmətin olduğunu vurğulayıb. Bir sıra nəşrlərin hələ də milli mətbuatımızın təmiz adına ləkə gətirmək istiqamətində səylər göstərdiyiklərini və mövcud halın həqiqi jurnalistikanın cəmiyyətdəki nüfuzuna xələl gətirmək baxımından yolverilməzliyini deyib.
V.Rəhimzadə MŞ-nin ötən il kifayət qədər əhatəli fəaliyyət göstərdiyini bildirərək «reket jurnalistika»ya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini əsaslandırıb.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov Şuranın 2011-ci ildəki fəaliyyətinin mühüm cəhətlərindən biri kimi ömrünü-gününü jurnalistikamıza sərf etmiş şəxslərlə bağlı anım mərasimlərinin təşkilini, həmçinin milli mətbuatımzda mühüm rol oynamış nəşrlərinin yubileylərinin qeyd edilməsini vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO