Jurnalistika fakültəsində oxuyanlar jurnalist olmaq istəyirlərmi?

Jurnalistika yaradıcılıq tələb edən ixtisasdır. Jurnalist olmaq düşüncələrini sərbəst, həm də orijinal tərzdə ifadə etmək deməkdir. Bu peşə azad sözün inkişafına geniş imkanlar açır. Fikirlərini ictimaiyyətə çatdırmaq, cəmiyyətin nöqsanlarını, bəlalarını tənqid etmək, problemlərdən çıxış yollarını göstərmək, önəmli informasiyanı dəqiq və operativ şəkildə auditoriyaya çatdırmaq bacarığı isə hər kəsdə eyni dərəcədə deyil. Məhz bu səbəbdən jurnalistika fakültəsini seçərkən jurnalist adının cazibəsiylə yanaşı, bu peşənin çətinliklərini dərk etmək, yaradıcılıq imkanlarını da nəzərə almaq lazım gəlir.

Hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 450-yə yaxın tələbə təhsil alır. Təbii ki, onların heç də hamısı gələcəkdə jurnalist kimi çalışmaq istəmir. Tələbələrin fakültəyə nə dərəcədə könüllü gəldiyini, peşələrinə münasibətlərini öyrənmək üçün onlar arasında sorğu keçirdik.

Jurnalistika fakültəsinin müxtəlif kurslarında oxuyan tələbələrin fikirlərini təqdim edirik.
Səadət Abbaslı: “Qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı jurnalistika ixtisasını birinci yerdə yazdım. Fakültəyə gəldikdən sonra düz seçim etdiyimdən əmin oldum. Dünyaya baxışım tamam dəyişdi. Müəllimlərin tələbələrə münasibəti başqa yerlərdən fərqlidir. Burada azad fikir söyləməkçün stimul verilir. Mən fəxr edirəm ki, bu fakültənin tələbəsiyəm”.

Samir İsayev: “İxtisas seçimində jurnalistika fakültəsini ikinci yerdə yazsam da, həmişə jurnalist olmağı arzulamışam. Gələcəkdə televiziya və ya radio jurnalisti kimi çalışmaq istərdim”.

Aqşin Zamanov: “Jurnalistika fakültəsinə elə də ürəklə gəlməmişəm. Lakin bir müddət keçdikdən sonra bu peşəni sevdim. Burada insanın dünyaya baxışı dəyişir. Fakültəyə gəlişim təsadüf olsa da, inanıram ki, gələcəkdə peşəkar jurnalist olaram. Nəzərə alsaq ki, dünyada çox şey təsadüf üzərində qurulub, düşünürəm ki, bu mümkündür”.

Fidan Məmmədova: “Jurnalistika fakültəsinə həvəsim, xüsusi bir marağım olduğu üçün gəlmişəm. Hələ şagird olduğum vaxtlardan Çingiz Mustafayevi,Qənirə Paşayevanı özümə örnək seçmişəm. Fakültəyə gəldiyim ilk gündən bəri müəllimlərin şagirdlərlə münasibəti, səmimiliyi və qarşılıqlı hörməti fakültəyə olan marağımı daha da artırdı. Ən böyük arzum təhsilimi başa vurub bu sahədə öz imzasını qoyan jurnalistlərdən biri olmaqdır”.

Bəhruz Qocayev: “Jurnalistika fakültəsini seçim siyahısında yeddinci yerdə yazdım. Könülsüz də olsa bu fakültəyə daxil oldum. İlk günlərdə fakültəni heç sevmirdim. Dərslər mənimçün maraqsız idi. Lakin bir neçə həftə sonra dərslərə, xüsusən də ixtisas fənnlərinə marağım artdı. Gələcək peşəmi sevməyə başladım. Başa düşdüm ki, mənim yerim elə buradır. Jurnalistikaya gəlişim təsadüf olsa da, fikrimcə, bu xoş təsadüf həyatımı tamamilə (yaxşılığa doğru) dəyişib. Fakültəni bitirdikdən sonra jurnalist kimi mətbuat xidmətlərində çalışmaq istərdim”.

Qeyd etmək lazımdır ki, əvvəllər jurnalistika fakültəsinə daxil olmaq üçün yaradıcılıq imtahanları keçirilirdi. Belə olduqda, həqiqətən həvəsi və yaradıcılıq imkanları olan şəxslər bu ixtisasa qəbul olunurdu. Hazırda isə qəbul imtahanlarının nəticələri hər şeyi həll edir. Sorğudan da bu aydın görünür. Jurnalistikaya gəlişini uşaqlıq arzusuyla bağlayanlar da var, xoş təsadüf hesab edənlər də. Könülsüz gəlib fakültəyə bağlananlar, peşəsini sevənlər varsa bunu fakültənin və onun kollektivinin uğuru hesab etmək olar. Ümid edirik ki, gələcəyin sayılıb-seçilən, peşəkar jurnalistləri elə bu tələbələr arasındadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO