Jurnalistika dəbdən düşüb, yoxsa nüfuzdan?

Amerika cəmiyyəti arasında keçirilən bir sorğunun nəticəsində bu ölkədə jurnalistika dəbdən düşmüş sahə hesab edilib. Maraqlıdır, hazırki mətbuat bolluğunda Azərbaycanda necə, jurnalistika dəbdən düşmüş sahə sayılmır ki? Modern.az bu suala bir sıra KİV nümayəndəsinin cavabını öyrənib.
“Media Forum” saytının müxbiri Könül Şamilqızının fikrincə, klassik jurnalistika heç vaxt dəbdən düşməyəcək: “Nəyin dəbdə olub-olmadığını müəyyənləşdirmək qəliz məsələdi. Çünki burda norma və dəyər yerində olmadığına görə, nəyinsə gerçək dəyərini də vermək mümkün deyil. Yəni hər kəs dəyərləri ürəyinin dərin qatlarında bəlkə bilir, amma bunu istifadə etmək bacarığına malik deyil. Ola bilər ki, sosial paylaşım sahələrinin, virtual məkanların və xalq jurnalistikasının paylaşım imkanları artıqca, klassik jurnalistikanın dəbdən düşməsini deyə bilərlər. Bu, sorğunun keçirildiyi məkan, ordakı insanların fikrincə belə ola bilər. Ümumi götürdükdə, mən hesab etmirəm ki, jurnalistika dəbdən düşmüş peşədir. Cəmiyyət normallaşmağa doğru getdikcə, jurnalistika sahəsi daha da inkişaf edəcək və dəbdə olacaq. Hər halda mən özümü dəbsiz qələm sahibi hesab etmirəm”.
“Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyevin fikrincə jurnalistika həmişə dəbdə olacaq: “Ola bilər dövrdən-dövrə, zaman keçdikcə materialların yerləşdirilməsinə, yaxud hansısa janra münasibət dəyişsin. Ümumilikdə jurnalistikaya isə münasibət heç vaxt dəyişməyəcək və bu sahə həmişə dəbdə olacaq”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da Azərbaycanda jurnalistikanın dəbdən düşəcəyini gözləmir: “ABŞ sosioloqlarının əldə etdikləri nəticəni bütün dünyaya şamil etmək olar. Amma məncə burada bir qədər konkretliyə varmaq lazımdır. Dəbdən düşən jurnalistika deyil, jurnalist ixtisası üzrə təhsildir. Çünki praktika göstərir ki, ali jurnalist ixtisasına yiyələnmədən də, bu sahədə çalışıb uğurlar qazanmaq olar. Bu gün Azərbaycan mediasına nəzər yetirdikdə, jurnalist ixtisaslı kadrların çox aşağı faiz təşkil etdiyini görərik.
Eyni zamanda jurnalistika sahəsinə gələnlərin ildən-ilə azalması da faktdır. Bunun səbəbi bir tərəfdən mediadakı maddi vəziyyətin cəlbedici olmamasıdır. Necə təsəvvür edirsiniz, bu gün Azərbaycanda gömrük, vergi kimi sahələrdə olan məvacib jurnalistika sahəsində olsa, bu sahəni dəbdən düşmüş saymaq olarmı? Digər tərəfdən texniki inkişaf və internetin mövcudluğu media kollektivlərində təbii ixtisarlara səbəb olur. Məsələn, mənim də bir vaxtlar çalışdığım “Azadlıq” qəzetində əgər 10-12 il əvvəl 60-70 nəfər çalışırdısa, indi eyni işi 10-15 adam görür. Bu baxımdan, jurnalistika sahəsini dəbdən düşmüş saymaq olmaz. Sadəcə bu sahədə bir komplektləşmə var. Axı dünyanın informasiya ilə nəfəs aldığı bir zəmanədə bu “nəfəsi” istehsal edən sahə necə dəbdən düşə bilər?”.
“525”-ci qəzetin redaktoru Yaşar Əliyev jurnalistikanın nüfuzunun aşağı düşdüyünü deyir: “Jurnalistika elə bir sahədir ki, cəmiyyət üçün həmişə lazımdır. Çünki jurnalistika olmazsa, nə ölkə, nə siyasət, nə mədəniyyət, nə də idman idarə oluna bilər. Bir sözlə bütün sahələrin kökü jurnalistika ilə bağlıdır. Yəni onunla idarə olunur. Sovet dövründə ictimai fikir çox böyük önəm kəsb edirdi. Ancaq bunu indi demək mümkün deyil. Təəssüf ki son dövrlərdə Azərbaycanda jurnalistikanın ictimai nüfuzu aşağı düşüb. Bu da cəmiyyətlə bağlı bir şeydir”.
“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızının qənaətincə də jurnalistika nüfuzdan düşüb: “İnkişaf etmə səviyyəsindən asılı olmayaraq heç bir ölkədə jurnalistika dəbdən düşmüş sahə deyil. Çünki jurnalistika bütün cəmiyyət üçün lazımdır. Əgər insanlar varsa, həyat varsa və hadisə baş verirsə, mütləq jurnalistika orda var. Cəmiyyəti jurnalistikasız təsəvvür etmək mümükün deyil. Bu sahənin dəbdən düşməsini iddia etmək məncə yalnış fikirdir. Ancaq Azərbaycanda indi süni qəzet bolluğu yaranıb. Bu da təbii ki, qəzetləri gözdən salır və mətbuatın zədələnməsinə gətirib çıxarır. Məncə, jurnalistika dəbdən deyil, ola bilsin ki, nüfuzdan düşmüş olsun”.
“Ayna” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, jurnalistika ən dəbli sahələrdən biridir: “ Jurnalistika Amerikadan fərqli olaraq Azərbaycanda perspektivli və prestijli sahələrdən biridir. Bu yaxınlarda bir şirkətin keçirdiyi rəy sorğusunun nəticəsində Azərbaycanda jurnalistika, vergi və gömrük ən dəbdə olan peşələr sırasında qeyd olunub. Ancaq bu gün jurnalistlərin ağır maddi durumda olduğunu da qeyd etmək lazımdır. Fikrimcə, bu sahə hələki Azərbaycanda dəbdən düşmüş sayılmır”.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO