Jurnalist Rüfət Abbasov Mərkəzi Bankın departament rəhbəri təyin olunub

Mərkəzi Bankda dəyişiklik var. “Media forum” saytı xəbər verir ki, bankda jurnalist Rüfət Abbasovun rəhbərlik etdiyi kommunikasiya departamenti yaradılıb.

Yeni departament strateji kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbələrini birləşdirir. Qurumun rəsmi internet saytında həmin departamentdə çalışmaq üçün üç ştat üzrə (strateji kommunikasiya şöbəsinin rəisi, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi və internet səhifəsinin inzibatçısı) vakansiya elan edilib.

R.Abbasovun departament rəhbəri təyin edilməsi ilə bağlı məlumatı “Həftə içi” qəzeti yayıb. Qəzetin yazdığına görə, o, iki həftəyə yaxındır Mərkəzi Bankda işlə tanış olur.

1984-cü ildə Bakıda anadan olan Rüfət Abbasov Ali Diplomatiya Kollecinin beynəlxalq jurnalistika fakültəsinin və Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. ABŞ Dövlət Departamentinin Gələcəyin Liderləri beynəlxalq proqramı üzrə də təhsil alıb.

“Olaylar” İnformasiya Agentliyində və eyni adlı qəzetdə, “Trend” agentliyində çalışıb. “Reuters”in müxbiri, “Azercell Telekom” MMC-nin mətbuat katibi olub. Mərkəzi Banka gələnədək “Bank of Azerbaijan”da kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO