Martın 4-də Jurnalist Qadınlar Assosiasiyası bir sıra nominasiyalar üzrə jurnalistləri və jurnalist kollektivlərini mükafatlandıracaq.
Assosiasiyanın prezidenti Sevil Yusifova “Media forum” saytına bildirib ki, nominasiyaların qalibləri təşkilatın idarə heyəti üzvlərinin, ekspertlər qrupunun rəyləri və sosioloji sorğunun nəticələri əsasında müəyyənləşdirilib.
Mükafatlar 2009-cu ilin yekunlarına görə veriləcək. Jurnalist Qadınlar Assosiasiyası ilin ən yaxşı televiziyasını, radiosunu, qəzetini, informasiya agentliyini, region televiziyasını mükafatlandıracaq. Bundan başqa, “İlin jurnalist qadını”, “Mətbuata göstərdiyi dəstəyə görə” nominasiyalarında da mükafatlar təqdim olunacaq.
Jurnalist Qadınlar Assosiasiyası 11 ildir illik yekunlar əsasında bu cür mükafatlandırmalar aparır.
Mükafatların təqdim olunması mərasimi martın 4-də saat 12-də İçərişəhərdə, Qız qalasının yaxınlığında yerləşən Muğam Klubunda keçiriləcək.
Tədbirin sponsoru Azərbaycan Sənaye Bankıdır.
«Media forum»