Modern.az xəbər verir ki, jurnalist-publisist Nəzirməmməd Zöhrablının “Hər yarpaq bir sözümüz” adlanan kitabı “Qanun” Nəşrlər Evində işıq üzü görüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda oxucular müəllifin çağdaş Azərbaycan poeziyasının aparıcı simalarından olan şair Musa Yaqubun iri həcmli əsərləri – milli-mənəvi, əxlaqi və bəşəri dəyərlərə işıq tutan poemaları barədə geniş şərhləri, düşüncələri ilə tanış ola biləcəklər. Üç bölümdən ibarət kitabda həmçinin ictimai-siyasi məzmunlu publisistik yazılar, kiçik həcmli hekayələr də işıq üzü görüb. Yazılarda müasir Azərbaycan mediasına ekspert münasibəti, Qarabağ həqiqətlərini əks etdirən ideoloji-vətənpərvərlik ruhlu mübarizəmizin inikası, eləcə də görkəmli ictimai xadimlərin, əsl söz və sənət fədailərinin xalqımız qarşısında xidmətlərinin dəyərləndirilməsi öz əksini tapıb.
“Hər yarpaq bir sözümüz” jurnalist-publisist Nəzirməmməd Zöhrablının müəllif kimi ikinci, həmmüəllif kimi beşinci kitabıdır. 500 nüsxə ilə çap olunan kitabın redaktoru istedadlı gənc yazar Zaur Qəriboğlu, korrektorları Sevinc İbrahimqızı və Gülbahar Qurbanovadır.