Noyabrın 18-də Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu “Şəffaflıq” və “İfadə azadlığı” proqramları üzrə həyata keçirilən, 2009-2010-cu illəri əhatə edən jurnalist araşdırmalarının video versiyalarını təqdim edib.
“Media forum” saytının məlumatına görə, təqdimatda 2009-2010-cu illərin ictimai vəsaitləri ilə bağlı elan edilən jurnalist araşdırmaları üzrə müsabiqədə qalib gəlmiş 4 araşdırmanın (“Exo” qəzetindən Cavid Quliyevin “Ərzaq təhlükəsizliyi”, “Yeni Müsavat” qəzetindən Həbibə Abdullayevanın “Dünyanın zibil təcrübəsi”, “Ekspert” iqtisadi jurnalından Dünya Sakitin “Xroniki böyrək çatışmazlığı”, “Azadlıq” radiosundan Səadət Akifqızının “Texniki peşə məktəbləri” adlı araşdırmaları) film versiyası nümayiş etdirilib.
“İnternyus Azərbaycan” təşkilatının hazırladığı filmlər ingilisdilli auditoriya üçün də tərcümə edilib.
Jurnalist müsabiqəsi iqtisadçı ekspertlərin hazırladığı büdcə neft gəlirləri və dövlət proqramlarının səmərəli və şəffaf istifadəsi ilə bağlı olub.
Fond ictimai vəsaitlərlə bağlı araşdırma jurnalistikasının gələcəkdə inkişafını nəzərdə tutub və gələn il ictimai vəsaitlərlə bağlı regional araşdırıcı jurnalistika məktəbinin əsasını qoymağı planlaşdırır.