Almaniya paytaxtı Berlində Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin (Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan, Azərbaycan) media qurumlarının toplantısı keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyasının təşəbbüsü ilə noyabrın 6-dan 11-dək keçirilən toplantıda Azərbaycanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və İctimai TV-nin Həmkarlar Komitəsindən Elnur Əliyev təmsil edblər.
JuHİ sədri Müşfiq Ələsgərli “Media forum”a bildirib ki, tədbirin məqsədi “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdə medianın vəziyyətinə dair hesabatların dinlənilməsi, problemlərin təsnifatlaşdırılması və çıxış yollarına dair müzakirələrin aparılması olub: “BJF-nin ölkələr üzrə təmsilçiləri ölkələrində söz azadlığının inkişafını əngəlləyən məqamlar, keçirilməsi zəruri olan islahatlar barədə məlumat verdilər. Sonra qərara alındı ki, bu hesabatlar rəsmi sənəd halına salınaraq BJF-yə təqdim edilsin və dünya ictimaiyyəti üçün açıqlansın”.
JuHİ sədri qeyd edib ki, daha öncə belə bir hesabat “Böyük iyirmilik” dövlətlərində hazırlanıb: “Təəssüf ki, hazırlanmış sənəd acınacaqlı durumu ortaya qoyub. Toplantıda belə bir tezis səsləndi ki, hazırda ümumilikdə dünya üzrə media azadlığı məsələsi qənaətbəxş deyil. Mediaya basqılara, yaşanan sıxıntılara indi iqtisadi böhranın təsiri də əlavə olunub. Müstəqil medianın xilası üçün təcili tədbirlər görülməlidir”.
«Media forum»