Dekabrın 3-də Yazıçılar Birliyinin “Natəvan” klubunda dünya şöhrətli yazar, tanınmış detektiv ustası, xalq yazıçısı Çingiz Abdullayevin tələbə gənclərlə görüşü keçirilib.
Modern.az-ın məlumatına görə, Ç.Abdullayev yaradıcılıq planlarından söz açacaq və gəncləri maraqlandıran sualları cavablandırıb. Əsərlərini niyə daha çox rus dilində olması sualını cavablandıran yazıçı bildirib ki, bu əsasən onun rusdilli təhsilli olması ilə əlaqədardır: “Düzdür əsərlərimin böyük əksəriyyəti rus dilindədir. Lakin buradakı bədii təfəkkür tərzi, yazı üslubu və hadisələri qiymətləndirmə mənim bir azərbaycanlı yazıçı olduğumu təsdiq edir”.
Daha sonra öz yaradıcılıq planlarından danıışan yazıçı onun əsərlərinin Çin dilinə tərcümə edilməsi barədə Çin Xalq Respublikasından ona müraciət edildiyini söyləyib: ”Əgər bu təklif reallaşsa çin dili əsərlərimin tərcümə edildiyi 29-cu dünya dili olacaq”. Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Əsərləri 28 xarici ölkə xalqlarının dilinə tərcümə olunub. Almaniya, Rusiya, İrlandiya, Fransada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırıb.