Çingiz Abdullayevin başına yığışan oxucular

Çingiz Abdullayevin başına yığışan oxucularSovet dövrünü yaşamış ahıl insanlar gənc nəslin kitab oxumamasını qınayırlar. Onlar deyirlər ki, Sovet dövründə bu belə deyildi. Gənclər yeni kitab çıxan kimi çalışırdılar ki, onu bir təhər əldə etsilər.

Kitab mağazalarının qabağı insan sürüsü ilə dolu olurdu. Elə vaxtlar olurdu ki, kitab qurtarırdı, gənclər dost-tanışlarından onu oxumağa alırdılar. Yəni maraq onları üstələyirdi. Daha boş-boş küçələrdə veyillənmir, ağıllı işlərlə məşğul olurdular.

Bəli, bu yuxarıdakı sözləri Sovet dönəmini yaşamış qocalar deyirdi. Bu sözləri mən onlardan dinləyəndə bir az heyfslənərdim.Deyərdim, kaş indiki gənclər də bu qocaların dedikləri kimi olardılar.Lakin araşdırıb Sovet dönəmindəki Azərbaycan oxucularının sayını öyrənəndə daha bir təəssüf hissi keçirdim. Sən demə Azərbaycan Sovet vaxtında da oxucusunun sayına görə hətta Tacikistandan belə geridə qalırmış. Bu xəbər nədənsə adamda acı təbəssüm yaradır. Düşünürsən ki, Sovet vaxtında yaşamış qocaların pəhpəhlə danışdıqları gənclər onlarla iç-içə yaşadıqlarından bu cavanlar haqqında həmin insanlarda müsbət rəy formalaşdırır. Və yenə fikirləşsən ki, onların sayı on-on beş idi, öz-özünə deyirsən ki, elə indi də elədi də. Elə indinin qocaları da yaxınlıqlarındakı cavanların beş-altısının kitab oxuduqlarını görüb Azərbaycanın gənclərinin indiki vəziyyətinin əla olduğunu dilə gətirirlər. Çox heyif ki, belə deyil.

Mənim yanaşmam tamam fərqlidir.
Rus yazıçısı Limonovun indi yadımda olmayan bir hekayəsində maraqlı bir fikir var idi. Orda yazıçı öz həmpeşə dostlarına deyir ki, biz yazıçıların ən yaralı yeri içkiyə düşkün olmağımızdır.
Gözəl fikirdir, elə deyilmi?

Limonov yazıçılar barədə belə bir fikir yürütmüşdü. Bəs oxucunun ən yaralı yeri nədir? Mən deyə bilərəm. Ciddi əsərləri oxumamaq. Misallar üzərində dediklərimi bir az da aydınlaşdırmaq istərdim.

Məsələn, bir oxucu Dostoyevskinin “Cinayət və Cəza”sını oxumaqdansa Rəşad Nuri Güntəkinin “Yaprak dökümü” romanını oxumağı daha uyğun bilir. Ya da “Yaprak dökümü” kino-serialını alıb baxmağı ondan da üstün tutur. Səbəbini açıqlayaq. Çünki Azərbaycanlı oxucu düşünür ki, Dostoyevsiyə ayıracağı vaxtı, daha doğrusu onun əsərini başa düşməyə-düşməyə oxuyacağına elə çox sadə və kütlə üçün yazılmış “Yaprak dökümü”nü oxuması daha faydalıdır. Deyəcəksiniz ki, “Yaprak dökümü” romanını kitabdan oxumayanlar nəyə görə onun kino-serial variantına baxmağa girişirlər. Bunu da açıqlamağa hazıram. Çünki oxuyarkən insan yorulur, gözlərinin altı tuluqlanır, hadisələri kitabdan oxuyarkən darıxır, hövsələsi çatmır. Amma seriala baxanda rahat olur. Ona görə ki, əziyyət çəkmir. Bax, belə…

Deyə bilərsinizmi, indi oxucu var?
Hamınız deyəcəksiniz ki, hə, hə var. Bəli, tutaq ki, var. Çingiz Abdullayevin detektiv romanını şor gözlüklə oxuyan yüzlərlə oxucu var. Amma siz bunlara oxucu deyirsinizsə yanılırsınız. Detektiv roman oxuyan oxucu seriala baxan bir məişət qadını səviyyəsindədir. Yəni, bunların arasında heç bir fərq yoxdur. Əksinə oxşarlıqları çoxdur.

İndiki oxuculara gələndə. Belə desək indi, bu saat sırf oxucu deyilən bir şey yağlı əppək kimi bir şeydi. O yağlı əppək də göylərə çəkilib. Onu tapıb içəriyə ötürmək isə…

Sırf oxucu-qulağa necə də xoş gəlir, elə deyilmi? Amma xülya, xəyal olmasaydı. Bağışlayın, belə aqresiv olmamalıydım. Lakin vəziyyət bunu tələb edir. Yaxşı, yaxşı sizi rahatlandırmaq istəyirəm. Oxucu var. Bəli, bəli var. Sevindiz? Hə, görürəm biriniz artıq köks ötürür. Amma sevinməyə tələsməyin. Çünki bu oxucuların hamısı qələm əhlidir. Və yaxud əlinə qələm alıb nəsə cızma-qaralayan “yazarlar”. Düşünürəm ki, yazan oxucu sırf oxucudan qat-qat ziyanlıdır. Niyə? Niyəsini də mən açıqlayım? Yaxşı, mən açıqlayaram. Ona görə ki, bu “yazarlar” bir-iki kitab oxumaqla və yaxud bir-iki şeir, hekayə qaralamaqla ədəbiyyat gündəminin başına qonublar. Və özlərini dünyanın ən şedevr yazıçılarından sayırlar. İçlərinin boş olduqlarından xəbərləri olmayan bu “yazarlar” güzgüdə özünə baxıb məst olan qadınlar kimi bir-birilərini tərifləməklə özlərini başa çıxartmağın ustasıdırlar. Qrafaman, bir sözlə qrafaman.

Kitab Bayramında da Çingiz Abdullayevin başına yığılışan oxucuları görəndə təəssüflə bir gerçəyi anladım: Azərbaycan ədəbiyyatı inkişaf etdikcə aşağı düşür…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO