“Bu sözümü yazsanız, gərək Azərbaycandan köçəm, amma deyəcəyəm”
Lent.az-ın “Persona” rubrikasının qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevdir. Bizimlə söhbətdə Çingiz Abdullayev ömür yolundan, yazıçı həyatının acılı-şirinli xatirələrindən, Azərbaycan ədəbiyyatının bu günündən, övladlarından danışdı…
– 50 yaş insan yaradıcılığı üçün necə bir yaş dövrüdür?
– Hesab edirəm ki, əsl yazıçı üçün ən gözəl dövrdür. 50 yaşında nəyisə başa düşə, dərk edə bilirsən. Digər tərəfdən, bilmirəm yaxşı, ya pis cəhətdən, amma peşəkar olursan. Yazanda da nəyi yazdığını, nəyi yazmadığını başa düşürsən.
– Hüquq təhsili almısınız, amma yazıçı kimi məşhurlaşmısınız. Bunu nə ilə əlaqələndirərdiniz?
– Bu, bəlkə də SSRİ-nin dağılması, bəlkə də öz taleyimlə bağlıdır. Mənim sonuncu işim partiya işi idi, inzibati orqanların – “KQB”nin, “MVD”nin kuratoru idim. Mən Mərkəzi Komitəyə getməli idim. Ancaq iclasda Anarın razılığı ilə məni Yazıçılar İttifaqına katib göndərdilər. Yazıçılar İttifaqının katibliyi o zaman çox böyük vəzifə idi, Mərkəzi Komitənin Bürosu onu təsdiqləməli idi. Yazıçılar İttifaqında işləməyə başladım. Bəlkə də yaxşı müstəntiq, prokuror ola bilmədim, ona görə yazıçı oldum, bilmirəm. Ümumiyyətlə, dünyada belə hallar olub. Artur Konan Doyl həkimdi, istəyib ki, müstəntiq olsun, ola bilməyib, Şerlok Holmsu yaradıb. Jorj Simenon belçikalı idi, istəyib ki, müstəntiq olsun, Parisdə qəbul etmirdilər, “Komissar Meqre”ni yaradıb. Belə şeylər olub. Bəlkə də bununla bağlıdır. Ümumiyyətcə, təbii ki, hüquqşünas da yazmalıdır, danışmalıdır. Bizim ailədə mən 4-cü nəsildir ki, hüquqşünasam. Uşaqlarım artıq beşinci nəsildir ki, hüquqşünasdır, qızım İngiltərədə oxuyur.
– Çingiz Abdullayev qəhrəmanı Dronqoya nə dərəcədə bənzəyir?
– Təbii ki, oxşayır. Amma görünür ki, o, məndən ağıllı, təmkinli, təcrübəli, peşəkardır, daha çox qadınların xoşuna gəlir. Belə də olmalıdır. O şeylərə ki, nail ola bilmədim, əsərlərimin qəhrəmanına verdim. Dünyada 5 “Dronqo” klubu, Moskvada 2 “Dronqo” restoranı var. Onların heç birinin mənə dəxli yoxdur. Amma düzdür, ora gələndə məndən pul götürmürlər, hər yerdə də mənim şəklim asılıb. 140 kitabım var. Kitablarım əsasında 8 kino çəkilib. Siz gələndə Ənvər Əbluc zəng vurmuşdu, təzə kino çəkirlər. 10-cu kino da Moskvada çəkilir…
– Bir yazıçı kimi yetişməyinizdə böyüdüyünüz ailənin rolunu necə qiymətləndirirsiniz?
– Hər şey ailədən başlayır. Anam tarixçi professor olub, 30 ilə yaxın rektor işləyib. O cümlədən Həmkarlar İttifaqının sədri olub, Mərkəzi Komitədə çalışıb. Atam da böyük vəzifələrdə işləyib. Naxçıvan şəhər prokuroru, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri olub. Ona görə də evimizdə böyük kitabxanaları vardı. Elə ziyalı mühitində böyüyürdüm. Sonra həyatım elə oldu ki, hərbi zavoda düşdüm. Deyirdilər ki, ən təcrübəli, ən maraqlı, ən istedadlı insanlar o zamanlar hərbi zavodlarda işləyiblər. Doğurdan da elə olub. Ən maraqlı, satışına icazə verilməyən kitabları orada satırdılar. Biz o musiqilərə qulaq asırdıq ki, onlara qulaq asmaq olmazdı. Daha sonra Moskvaya getdim. Moskvada, bir müddət də xaricdə işlədim. 20 il Yazıçılar Birliyinin katibi olmağımın da təsiri olub. Əyləşdiyim kabinet dahi şairimiz Səməd Vurğunun kabinetidir. Otağımda gördüyünüz şəkildə prezident İlham Əliyev dayanıb, Vaqif Səmədoğlu da ona danışır ki, burda Səməd Vurğun otururdu. Bütün bunların hamısının təsiri olub.
– Əsərləriniz üçün mövzu qaynağı böyük mənada Azərbaycan reallıqları olub, yoxsa…
– Dünya! Bu gün bölsən, sənə güləcəklər, çünki internet var. Elə yazmalısan ki, kitabını dünyada oxusunlar. Əgər fikirləşirsənsə ki, öz kəndində birinci ola bilərsən, bu, gülməlidir. O dövr, 20-ci əsrin 70-80-ci illəri həmişəlik keçib. Hələ bir çox yazıçılar, jurnalistlər bunu başa düşmür, dərk etmirlər. Elə kitab yazmalısınız ki, həmin kitabı dünyada oxumaq istəsinlər. Çünki bu gün hər kəsin internetə çıxış imkanı var. İnternetdə nəinki Azərbaycan, ingilis, rus, fransız və digər dillərdə milyonlarla kitab var. Bakıda kitab mağazası azdır, amma var. Məsələn, “Əli və Nino” kitabxanası var. Kitabxanada minlərlə kitab var. Görün siz necə kitab yazmalısınız ki, oxucu məcbur olsun, cibindən pul çıxarıb kitabınızı alsın və onu oxusun. Ona görə də çox çətindir və yazıçıların əksəriyyətinin kitabları satılmır.
Azərbaycan mühiti məsələsi qurtardı, o halda yazıçı ola bilməzsiniz. Jurnalistika da belədir. Elə jurnalist olmalısınız ki, Moskvada, Berlində yaşayan şəxs sizin yazılarınızı oxumaq istəsin. Əgər yerli səviyyədə jurnalist olmaq istəyirsinizsə, ömürlük də belə qalacaqsınız.
Mənim əsərlərimi 27 dilə tərcümə ediblər. Hazırda 28-ci dilə, Çin dilinə də tərcümə edirlər. Mənim gözümə vurulmayıblar ki?! Maraq var ki, tərcümə edilib. Bu günə qədər dünyada 25 milyon kitabım çıxıb. Yazıçı oturub fikirləşə bilməz ki, yazdıqlarımı qohumlar, dostlarım oxuyur, yaxud oxumur. Açığı, elə fikirləşənlərin yazılarını qohumları, dostları da oxumur. Elə yazmalısan ki, səni dünya qəbul etsin.
– Maraqlıdır, Çingiz Abdullayevin günü necə keçir, nə vaxt istirahət edir…
– Mən bilmirəm ki, istirahət nədir. İstirahət oturub heç nə etməməkdir? Mən belə istirahət etmirəm. Sizinlə danışanda da fikirləşirəm. Anarın bir yaxşı misalı var. Deyir ki, qonşu yazıçının evinin yanından keçəndə görür ki, yazıçı uzanıb fikirləşir. Deyir ki, dincəlirsən, cavab verir ki, yox, işləyirəm. Qonşu qayıdanda görür ki, ağacın dibini belləyir. Soruşur ki, indi işləyirsən, deyir ki, yox, indi dincəlirəm.
Mən ömrümdə heç vaxt məzuniyyətdə olmamışam. Oturub heç nə etməyəsən, insan dəli olar. Mən kitab oxumağı, xaricdə çox olmağı, ölkələri gəzməyi sevirəm. İmkanım var ki, xaricdə çox olum. Bu gün bir çox ölkələr mənə açıq viza verib. Bu baxımdan hara istəyirəm, sərbəst gedə bilərəm. O baxımdan, həyatım çox maraqlıdır. Allaha min dua edirəm. İnanmazdım ki, həyatım belə olacaq.
– Ailəniz bu yaşam tərzini necə qəbul edir?
– Görünür ki, ailəm də mənə oxşayır. Oğlum Amerikada məktəbdə oxuyur. Qızıma gəlincə, çox fəxrlə deyirəm ki, qızım London İqtisad Məktəbini əla qiymətlərlə qurtarıb və London İqtisad Məktəbində ilk azərbaycanlı magistr olub. İndiyəcən orada bəzi azərbaycanlılar oxuyub, ancaq heç biri hüquqşünas magistr olmayıb. Dünyanın ən çətin universiteti hesab olunur. Mən sevinirəm ki, uşaqlarım ən azı 5-6 dildə sərbəst danışırlar. Mən də bəzi dilləri bilirəm. Buna baxmayaraq, hər ikisi üçün Azərbaycan dili müəllimi tutmuşuq. Onlar Azərbaycan dilində də sərbəst danışmalı, oxumalıdırlar. Bu baxımdan belə yaşayış çətindir. Amma onlar da, mən də öyrəşmişik. Fikirləşirəm ki, qızım, oğlum nə qədər oxumalıdır? Bəzən uşaqlara yazığım gəlir ki, səhərdən axşamacan oxumalıdırlar ki, müasir dövrə uyğun yaşasınlar, özlərini tapsınlar. Başa düşürəm ki, 4-5 dildə sərbəst danışmaq, yazmaq çox çətindir.
Onu da deyim ki, İngiltərədə hüquqşünas olmaq Azərbaycanda, Fransada, Almaniyada, yaxud Rusiyada hüquqşünas olmağa nisbətən 1000 dəfə çətindir. Çünki bizim hüquqşünaslar məcəllə əsasında, amma İngiltərədə presedent hüququ əsasında işləyirlər. Əgər bu qələmi oğurlayıblarsa, 1000 il bu məsələ ilə bağlı nə qədər təcrübə olub, onun hamısını bilməlisən. Ona görə ingilis və amerikalı hüquqşünaslar çox güclü olur. Əgər 21-ci əsrdə dünya miqyaslı hüquqşünas olmaq istəyirsənsə, bunu bilməlisən. Bu baxımdan yazığım də gəlsə, sevinirəm ki, onlar belə yaxşı oxuyurlar. Fəxr edirəm ki, qızım gənc yaşında London İqtisadiyyat Məktəbinin magistridir. Özüm də bilmirəm ki, bu, necə ola bilərdi. Amma nə isə olub ki, bu ali məktəbə daxil olub.
– Bəs Çingiz Abdullayev həyat yoldaşına ömrünün hansı dövründə rast gəlib?
– Eyni binada yaşamışıq. O 7-ci mərtəbədə, mən 3-cü mərtəbədə yaşamışam. Mərkəzi Komitənin binası vardı. O orderləri vaxtilə Heydər Əliyev özü verirdi. O qızın atası, mənim də atam çox böyük vəzifədə işləyirdi. Anam o vaxt Mərkəzi Komitədə, onun atası Nazirlər Kabinetində işləyirdi. O, bizim binaya köçəndə mən 9-cu sinifdə, o, birinci sinifdə idi. Neçə il ərzində mən görürdüm, gözləyirdim ki, necə böyüyür. Onun 18-19 yaşı olanda biz evlənmişik. 22 ildən çoxdur ki, biz evliyik. Yazıçının xanımı olmaq da çox çətindir. Axı mən evdə gecələr işləyirəm, yatmıram. Necə mənzil olursa-olsun, narahat edirəm. Evdə uşaqlar balaca olanda onları da narahat edirdim. Axşamlar işləyir, səhərlər yatmağa gedirdim. Təbii ki, hər qadın buna dözməz, hər qadın bunu qəbul etməz. 22 ildən çoxdur ki, bir yerdəyiksə, deməli, o, bunu qəbul edib. Bu baxımdan, bəxtim gətirib.
– Belə bir fikir var ki, detektiv əsərləri dahilər yazır, amma kim gəldi oxuyur. Bununla razılaşırsınız?
– Sadəcə, oxucularımı sayım. Hörmətli prezidentimiz İlham Əliyev, Rusiyanın baş naziri Vladimir Putin, Rusiyanın prezidenti Dmitri Medvedyev, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov, Litvanın prezidenti Landsberqis, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Ukraynanın sabiq baş naziri, prezidentliyə namizəd Viktor Yanukoviç və başqaları. Azərbaycanda elə tanınmış məmur yoxdur ki, mənim kitabımı oxumasın. Əgər belə səviyyədə insanlar mənim kitablarımı oxuyurlarsa, mən fəxr edirəm ki, oxucularımın səviyyəsi yüksəkdir.
Araşdırma aparmışıq. Mənim əsərlərimi ali təhsili olmayan, səviyyəsiz insan oxuya bilmir. O başa düşmür ki, nə barədə yazıram. Başa düşə də bilməz. Bu baxımdan sevinirəm ki, oxucularım arasında belə tanınmış, təcrübəli insanlar var.
– Hüquq-mühafizə orqanlarının məxfi sənədlərinin saxlanıldığı arxivlərə girmək imkanına malik olmasaydınız, belə əsərlər yazmaq mümkün olardımı?
– Arxivlərdə arxiv işçiləri də çalışırlar, çoxlu sayda zabit də var ki, arxivlərdə işləyirlər. Hər şey yazıçının istedadından asılıdır. Biri bu imkandan istifadə edir, biri istifadə edə bilmir. Yazıçı yaza bilirsə, onun kitabını oxuyacaqlar. Yaza bilmirsə, heç bir arxiv, hətta 10 nəfər də kömək eləsə belə, həmin yazıçının kitabını oxuya bilməyəcəklər. Sən elə kitab yazmalısan ki, onu oxusunlar. Bu, hansısa arxivdən yox, yazıçı kimi istedadından asııdır.
Nə qədər tanınmış insanlar mənim kitablarımı oxuyur. Axı onların imkanı var ki, başqalarının da kitablarını oxusunlar? Kitabımı oxuyurlarsa, deməli, arxivdən başqa onları nə isə maraqlandırır. Söhbət yalnız zəhmət və istedaddan gedə bilər.
– Sonuncu oxuduğunuz əsər hansıdır? Dünya ədəbiyyatından hansı yazıçıların əsərlərini oxuyursunuz?
– Xorvat yazıçısı Milorad Paviçin “Xəzər sözlüyü” əsərini oxumuşam. Bu baxımdan da mən çox xoşbəxt insanam. Mən PEN Klubun (Yazarlar Assosiasiyası) vitse-prezidentiyəm. Son 14-15 ildə Nobel mükafatı alan dünyanın məşhur yazıçılarının əksəriyyətini şəxsən tanıyıram. Ya onların evində olmuşam, ya onlar mənim evimdə olub.
Mən onlarla ünsiyyətdə olarkən təbii ki, kitablarını oxuyuram. Sevinirəm ki, mən belə şəxsiyyətləri tanıyıram.
– Övladlarınızın hansında yazıçı ruhu müşahidə edirsiniz? Ümumiyyətlə, onların yazıçı həyatı yaşamağını arzulamısınızmı?
– Allah eləməsin ki, övladlarımdan hansısa yazıçı olsun. Uşaqlarımın yazıçı olmasını istəməyim ən böyük lənət olar. Yazıçılıqdan çətin peşə yoxdur. Məni kəssələr də, öldürsələr də, istəməzdim ki, oğlum, ya da qızım yazıçı olsun. Sən elə yazmalısan ki, milyonlar səni oxumaq istəsin.
– Yəni yazıçılıq bir riskdir?
– Siz Azərbaycanda neçə yazıçı tanıyırsınız ki, heç olmasa dünyanın 5 ölkəsində kitabı çıxsın? Mən tanımıram. Nəyə görə bunu deyirəm? Söhbət tək yazıçıdan getmir. Yazıçı, rəssam və bəstəkar üçün nəinki tək istedad lazımdır, bir az da tanrının verdiyi bəxt də lazımdır. Əgər siz həkimsinizsə, bir dahi həkim olur. Ancaq onlar da həkim işləyir, iynə vururlar. Yaxud mühəndissinizsə, biri Eyfel olur, o biri mühəndislər də nə isə tikirlər. Jurnalistlərdən də biri dahi olur, o biriləri nə isə yazırlar, qəzetdə işləyirlər. Yazıçının kitabı oxunmursa, o yazıçı kimə lazımdır? Milyon yazıçıdan biri uğurlu olur. Əgər mən indi sizə bir söz desəm və siz yazsanız, gərək mən Azərbaycandan köçəm. Amma mən bunu deyəcəyəm və siz də yazın. Azərbaycanda öz kitablarına qonorar alan yeganə yazıçı mənəm. Siz istəyirsiniz ki, mən uşaqlarıma belə çətin peşə seçməyə icazə verim? Azərbaycanda məndən başqa 1500 yazıçı var. Bir nəfər var, o da yazdığı ssenarilərə pul alır. O da Rüstəm İbrahimbəyovdur. Dünyada yayılan kitablarına görə pul alan Azərbaycanda yalnız mənəm. Bizdən başqa Azərbaycanda heç kəs yoxdur. Bunu siz yazandan sonra Azərbaycanda qırğın olacaq. Amma bu, həqiqətdir.
70 milyonluq Türkiyədə 3 yazıçı var. Digər yazıçılar qəzetdə, başqa yerlərdə işləyirlər.
Peşəkar insan öz peşəsi ilə pul qazanan deməkdir. Azərbaycanda yazıçılardan kim öz peşəsi ilə pul qazanır? 5 nəfərin adını çəkmək olarmı? Əgər belələri yoxdursa, mən niyə uşaqlarıma deyim ki, yazıçı peşəsini seçin?!
İkincisi də, qızım çox gözəl rəssamdır. Azərbaycan rəssamlarının kitabı çıxıb, 1000 il ərzində yaşayıb-yaradan rəssamlar orada var. Mənim qızım da ora düşüb. Qızımın əsərləri Amerikada, İsveçrədə, Danimarkada satılır. O əsərlərə yaxşı pul da verərək alırlar. Buna baxmayaraq, öz qızıma birinci gündən demişəm ki, nə istəyirsən, et, lakin sənin peşən olmalıdır. Yazıçılıq, rəssamlıq, bəstəkarlıq peşə deyil. Düzdür, bu, istedaddır, zəhmətdir, amma peşə deyil. Qızıma demişəm ki, sənin peşən olmalı, işləməlisən.
Əgər məndən soruşursunuzsa, allaha məsciddə dua edəcəyəm ki, nə qızım, nə də oğlum yazıçı olsunlar. Mən bilirəm ki, bu, necə çətin sənətdir. Elə günlər olub ki, 27 saat fasiləsiz stolda oturmuşam. Tualetə çıxıb, çörək yeyib, 5 dəqiqə sonra qayıtmışam. Siz istəyirsiniz ki, belə zülm həyatı mən öz uşaqlarıma arzulayım?
Düzdür, mən kitab yazanda orada yaşayıram, sevinirəm. Fikirləşirəm ki, bəlkə də mənim bu həyatım düz deyil, sizinlə danışmağım belə. Amma kitablarda mənim əsl həyatım keçir. İstəsəm uça, nə istəsəm, edə bilərəm. Əsl həyat odur. Buna baxmayaraq, başa düşürəm ki, min, milyon yazıçıdan biri uğurlu ola bilər. Yazıçının kitabını oxumurlarsa, rəssamın əsərlərini heç kəs bəyənmirsə, almırsa, kimə lazımdır? Əgər bəstəkarın musiqisini qəbul etmirlərsə, kimə lazımdır? Hamısını da insanlar qəbul edə də bilməzlər. Düzdür, 1000 yazıçı olmalıdır ki, biri uğurlu olsun. Amma həmin uğur qazanmayan 1000 yazıçı ən bədbəxt insanlardır.
Azərbaycanda ənənə var ki, sən yazıçısansa, övladın yazıçı, prokurorsansa, oğlu prokuror, həkimsənsə, övladın həkim olmalıdır. Mən bunu düzgün saymıram. Yazıçı olmaq üçün böyük, dəhşətli zəhmət çəkməlisən. Bir dəfə rəhmətlik Azad Şərif dedi ki, əgər hər gün 9 saat işləsən, sənin kitablarını yalnız köçürmək üçün 18 il lazım olar. Mən 140 roman yazmışam. Ona görə də övladlarımın yazıçı olmalarını istəmirəm…