Çingiz Abdullayev düz proqnozlaşdırıbmış. O danışdı və qiyamət qopdu. Hətta demədiklərini belə ayağına yazdılar. Dedilər ki, əsərlərinin tirajı, yaxşı pul qazanması hələ onun böyük yazıçı olmasına dəlalət eləmir.
Amma və lakin! Mən hələ Çingiz Abdullayevin dilindən “böyük yazıçıyam” iddiasını eşitməmişəm. Adam deyir ki, yazıçılığa peşə kimi baxır, burdan pul qazanır və bu bazardan qazandığı para onu yaşadır. Vəssalam! Pul qazanmaq üçün heç də həmişə böyük adam olmağa, xüsusi istedada sahiblənməyə ehtiyac yoxdur. Bir az çeviklik, bir az işlədiyin sahənin nəbzini tutmaq, bir az kreativ olmaq tam yetərlidir.
Çingiz Abdullayevin adı, ümumiyyətlə, heç vaxt mənim sevimli yazıçılarım siyahısında olmayıb. Onun əsərlərinin də xüsusi həvəskarı deyiləm, amma filoloq kimi bəzilərini oxumuşam.
Çingiz Abdullayevi oxumamağımın səbəblərini də yazacam. Birinci ona görə ki, mən macəralı və riskli həyatı yaşamağı oxumaqdan daha çox sevirəm.
İkincisi, hörmətli Çingiz müəllim Azərbaycan dilində yazmağı bacarmır. Yaza bilmir yox, məhz yazmağı bacarmır.
Yenə də amma və lakin! Şəxsi mülahizələr və münasibətlər insanlarla bağlı reallıqlara təsir etməməlidir. Çingiz Abdullayev bu ölkənin ədəbiyyatında öz əsəri ilə yaşamağı bacarmağın, ədəbiyyatla bazar münasibətlərini çulğalaşdırmağın nümunəsidir. Və biz belə nümunələrə əl yelləməkdənsə, onların sayını artırmağın peşində olmalıyıq.
Mən Çingiz müəllimə münasibətdə ən çox ona görə pessimizmə düçar oldum ki, onun “iddialı danışığı” bizim özünə gənc, perspektivli yazar deyib də, Anar-Elçin nəslini bəyənməyən yazarlarımız tərəfindən də top-tüfənglə qarşılandı. Telefon eləyənlər ağız əyirlər. Maraqlıdır, onda bu uşaqlar (ona görə uşaqlar ki, eyni nəslin nümayəndələriyik. Yaş olaraq!) nəyin davasını eləyirlər? Deməli, söhbət niyə yazıçıya dövlət təqaüdü verilməlidi, niyə yazıçı dövlət hesabına ev, maşın, imtiyaz, oğul-uşağına iş almalıdır prinsipi deyil. Əslində dava “niyə yaşlı nəslin nümayəndələrinə olar, bizə yox” prinsipi ilə gedir! Mən belə görürəm ki, hətta bu gün, ümumiyyətlə, Yazıçılar Birliyi lazım deyil deyənlərə, sabah Anar, Çingiz Abdullayev, Fikrət Qocanın yerində oturmağı təklif eləsələr, onda Yazıçılar Birliyi də bizə “lazım olacaq”…
***
Çingiz Abdullayevin Azərbaycan dilində yaza bilməməsini mən də bəyənmirəm. Amma bu, Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatı ilə söz biznesi (yaxşı mənada) arasında körpü salması həqiqətini dəyişmir axı. Adam bu sahədən pul qazanmağı bacarır. Özü də o, bu pulu qoltuğuna vurduğu kitabını məmur qapılarında paylamaqla, avtoqraf yazıb kiməsə hədiyyə göndərməklə aldığı vəsait kimi “qazanmır”. Əsərini yazır, müqavilə bağlayır, satılan kitablarının qonorarını alır. Dünyanın bütün normal ölkələrində, dünyanın bütün normal yazıçılarının elədiyi kimi.
Çingiz Abdullayev müasir və hüdudsuz dünyanın yazıçısıdır. İnternetin söz adamıdı və onun digərlərindən olan əsas fərqi bu sahə ilə maddi olaraq yaşaya bilməsi, tam qorxmadan və sözün həqiqi mənasında bu sahəyə iş adamı kimi yanaşmasındadır.
İnkişaf isə maraqların təmin edildiyi yerdə olur. Nə qədər ki, Azərbaycanda yazıçı əsərinə yalnız ad almaq, deputat seçilmək, bilmirəm, kiməsə xoş görünmək nümunəsi kimi baxacaq, öz yazdığına biznes vasitəsi kimi deyil, ideoloji və siyasi vasitə kimi yanaşacaq, biz “acından ağlayan yazıçılar” görəcəyik. Nə qədər ki bəziləri üçün “şairlər də peyğəmbər kimi müqəddəsdir” kəlamı, siqaret tüstülərinin arxasından obrazlı pozlarda görüntülənmək kimi nümunələr hələ də keçərli olacaq, o qədər də Çingiz Abdullayevin çox praqmatik olan və onu mənə sevdirməyə başlayan çıxışları belə daş-qalaqla qarşılanacaq. Və bu belə davam etdikcə də, əsərlərində, efirlərdə “söz peyğəmbərləri” olanlar üçün ədəbiyyat, əsər yazmaq bəndə qapılarında kimdənsə oğul-uşağının işini xahiş etmək üçün vasitə olaraq qalacaq. Biz də müasir dünyanı lərzəyə gətirən, tirajlanıb oxunan, öz əməyi hesabına az qala xüsusi təyyarəsi belə olan yazıçılar görməkdən məhrum qalacağıq. Nə qədər milli kitab axtarışına çıxsaq belə…
Hələ də “heç qonorar istəmirəm, təki kitabım çap olunsun” təfəkkürü ilə yazıçı olduğunu isbatlamaq istəyənlər varsa, onda hansı ədəbi inkişafdan danışırıq? Mən bunu iş istəyən adamın “maaş önəmli deyil” ifadəsinə bənzədirəm. Sual çox sadədir: Onda niyə işləmək istəyirsən?
Mən razıyam, təki bizim yazıçılar, ingilis, fransız, lap çin, yapon dilində yazsınlar, amma yazsınlar və sərhədləri aşsınlar, gözükölgəli olmasınlar, əsərlərinə biznes layihələri kimi baxa bilsinlər.
Çingiz Abdullayev Azərbaycan ədəbiyyatına kreativlik gətirib. Bizim ədəbiyyatı dünyada tanınan ən kiçik mükafatından “Nobel”ə qədər götürəcək yol budur. Azərbaycan dilində yaza bilməmək kimi mənfiliyinə baxmayaraq, təkcə buna görə, Çingiz Abdullayevi daşlamaq olmaz, məncə. Bir də ki adamın kredosu birincilikdi, onun bu haqqına necə göz yummaq mümkündü ki?
Ən nəhayət, Çingiz müəllimin Rusiya elitasının nümayəndələrinin sonuncu Bakı səfərindəki çıxışını zalda sona qədər dinlədim. Qeyri-adi heç nə demədi. Onların bir qismini bəlkə bir az iti formada başqaları da həmişə deyib. Amma fərq vardı: Bunu rusların qəbul etdikləri, özləri kimi yanaşdıqları Çingiz Abdullayev dedi. Onda artıq effekt başqa oldu, zaldakı rusların üzlərinə baxmaq yetərdi.
Hər şey bir yana, təkcə bu epizoda görə, bizə heç olmasa, bir Çingiz Abdullayev lazımdı, cənablar!
P.S. Yazıdan sonra onsuz da heç vaxt gündəmdən düşməyən “bu da özünü böyük jurnalist hesab edir” iddialarının yenidən parıldamamasını xahiş edirəm. Çünki mən heç vaxt “böyük jurnalist bir yana, heç yaxşı jurnalist olduğumu da iddia etməmişəm ”…
P.P.S. Bu yazının Çingiz Abdullayevin müdafiəsinə qəti dəxli yoxdu. Bildiyim qədərilə o, heç Azərbaycan dilində oxumur da…
LENT.AZ