Çingiz Abdullayev dünya ictimaiyyətinə müraciət edib

Modern.az xəbər verir ki, İranda həbs olunan iki gənc Azərbaycan şairləri – Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) ilə bağlı PEN-klubun prezidenti, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin dünya ictimaiyyətinə müraciəti yayılıb. Müraciətdə deilir:

“Məlumat üçün yüksək diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının vətəndaşları, gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) cari ilin 29 aprel tarixində poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Adıçəkilən şəxslər festivalda iştirak etdikdən sonra may ayının 2-də naməlum şəraitdə Təbriz şəhərində yoxa çıxıblar.

İranın bəzi kütləvi informasiya vasitələri Təbrizdə yoxa çıxan azərbaycanlı şairlərin narkotik qaçaqmalçılığı və İsrail lehinə casusluq etməkdə təqsirləndirildiyini iddia etsə də, bu ölkənin rəsmi orqanları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin beş Notasına, eləcə də Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə bu günə kimi münasibət bildirməmişdir.

İki gənc insanın yoxa çıxdıqdan sonra vəkil ilə təmin edilməməsi, saxlanma şəraitinə, sağlıq durumuna aydınlıq gətirilməməsi, saxlanılmalarına dair Səfirliyə və ailələrinə məlumat verilməməsi və hüquqlarının pozulması, həmçinin onlarla görüşə şərait yaradılmaması haqlı olaraq Azərbaycan xalqında, eləcə də onların valideynlərində və qohumlarında böyük narahatlıq yaratmışdır.

İnsan hüquq və azadlıqlarına hörmət, demokratiya, sülh, tolerantlıq, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək dəyərlərinin qorunmasına və təşviq edilməsinə yüksək ehtiyac duyulduğu bir dövrdə iki azərbaycanlı gəncə qarşı İranda edilən bu ədalətsizliklər və onların hüquqlarının təmin edilməməsi beynəlxalq hüquq və normalara da zidd olmaqla yanaşı, insan hüquqlarının təməl prinsiplərinin kobud pozulması faktıdır.

Azərbaycanda vicdan azadlığı, insan hüquq və azadlıqlarına hörmət, eləcə də ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək hörmət olunan prinsiplərdir.

Sizi iki istedadlı gənc şairin azad edilməsi, o cümlədən onların hüquqlarının bərpa edilməsi və Vətənə geri dönməsi üçün səylərin birləşdirilməsinə çağırıram. Çünki, insan hüquq və azadlıqları kimi ümumbəşəri prinsipləri qorumaq və müdafiə etmək hər bir beynəlxalq və qeyri-hökumət təşkilatlarının, o cümlədən dövlətlərin əsas prioriteti olmaqla yanaşı hər bir insanın mənəvi borcudur”.

Qeyd edək ki, PEN-klub yanında Müdafiə Komitəsi də ayrıca müraciət yayıb. Bu müraciətdə də bildirilib ki, Azərbaycan ictimaiyyəti, ziyalılar, jurnalistlər, yazıçılar dərin narahatlıq hissi keçirərək bildirirlər ki, gənc şairlərə qarşı yönəlmiş ittihamlar siyasi mülahizələrə söykənir və Azərbaycan-İran münasibətlərini gərginləşdirir.

“Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) gənc şairləridir, məhsuldar ədəbi yaradıcılıqla məşğuldurlar. Biz Azərbaycan ictimaiyyəti adından gənc şairlərimizin azad olunması üçün beynəlxalq qurumlardan, beynəlxalq hüquq müdafiə təşkilatlardan bu məsələni diqqətdə saxlamalarını xahiş edir və kömək gözləyirik.
İyulun 4-də keçirilən tədbirdə həmçinin qərara alınıb ki, gənc şairlərin azad olunmaları üçün vəkil tutulması istiqamətində addımlar atılsın. Həmçinin tanınmış Azərbaycan ziyalılarından ibarət nümayəndə heyətinin İrana göndərilməsi barədə fikir razılıqla qarşılanıb. Tədbir iştirakçıları bildiriblər ki, şarilərin azad olunmasında Şeyx Hacı Allahşükür Paşazadəyə vasitəçilik etmək üçün müraciət olunsun”-deyə müraciətdə qeyd edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO