“iki dədə sovet ittifaqı qəhramanı Həzi Aslanov ” kitab-albomu təqdim olunmuşdur

Dekabrın 3-də Bakıda “Biz Qələbənin varisləriyik!” beynəlxalq aksiyası çərçivəsində Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 100 illik yubleyinə həsr etdiyi “İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov” kitab-albomu təqdim olunmuşdur.
Qeyd edək ki, kitab-albom müəllifin on illik araşdırmalarının bəhrəsidir. Müəllif bu müddət ərzində bir çox arxiv, muzey və kitabxanaların nadir nüsxələr saxlanan fondlarında işləmişdir. Bu müddətdə yüzlərlə sənəd, gündəlik, məktub və fotolarla tanış olmuş, sənədli və bəddi filmlərə baxmış, müharibə illərinin qəzet- jurnallarını nəzərdən keçirmiş, qəhrəmanın qohumları, Aslanovçu veteranlarla görüşmüş, bir-birindən maraqlı, bu günümüz üçün daha aktual səslənən ibrətamiz xatirələri dinləmişdir.
İstefada olan ordu generalı, “Biz Qələbənin varisləriyik” beynəlxalq aksiyası mərkəzi qərargahının sədri Viktor Yermakov nəfis şəkildə hazırlanmış bu kitab-albomun çapını yüksək qiymətləndirmiş və müəllifə yaradıcılıq uğurları arzulamışdır. General “Biz Qələbənin varisləriyik” beynəlxalq aksiyası mərkəzi qərargahı adından A.Qurbaniyə Fəxri nişan təqdim etmişdir.
İlk Azərbaycanlı sərhədçi general, Respublika Veteranlar Şurası rəyasət heyətinin üzvü, istefada olan general-mayor Mustafa Nəsirov vurğulamışdır ki, 70-dən çox kitabın müəllifi olan A.Qurbani ölkəmizdə hərbi-vətənpərvərlik işinin təşkilində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji tərbiyəsində və respublika veteranlar təşkilatının fəaliyyətində yaxından iştirak edir.
“Biz Qələbənin varisləriyik!” beynəlxalq aksiyası mərkəzi qərargahının həmsədri, Rusiya Dövlət Dumasının keçmiş sədri Gennadi Seleznyov Azərbaycanda olduğu günlərin onun xatirəsindən silinməyəcəyini demiş, tədbirin yüksək səviyyədə təşkil edildiyini Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə hərbi-vətənpərvərlik işinin daha da genişləndirilməsinə diqqət və qayğısının təzahürü kimi dəyərləndirmişdir. O, kitab-albomun Qələbənin 65 illiyi ərəfəsində Moskvada keçiriləcək Hərbi-Vətənpərvərlik Ədəbiyyatı Sərgisində ən yüksək yer tutacağına əminliyini ifadə etmişdir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi, polis general-mayoru Həzi Aslanov babasının adının əbədiləşdirilməsi üçün ulu öndər Heydər Əliyevin gördüyü işləri xatırladaraq həmin ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, müəllifə uğurlar arzulamışdır.
Nəşrdə oxucular müxtəlif illərin fotolarının, sənədlərin, məqalələrin, ədəbiyyat və incəsənət nümunələrinin və unudulmaz xatirələrin işığında ölməz qəhrəmanımızın qısa, lakin mənalı ömür yolu, komandirlik məharəti, əsgəri rəşadət və sücaəti ilə ətraflı tanış olacaqlar. Bu kitab-albom xalqımızın şanlı oğlu Həzi Aslanovun müqəddəs xatirəsinə hörmət və ehtiramın təcəssümü olmaqla yanaşı, həm də müstəqil Azərbaycanımızın Silahlı Qüvvələri üçün gələcək sərkərdələrin yetişdirilməsi, gənclərin orduya hazırlanması, hərbi peşələrə daha dərindən yiyələnməsi və ata-babaların tarixi döyüş ənənələri ruhunda tərbiyə edilməsi işinə öz töhfəsini verəcəkdir.
Sonda qonaqlara müəllifin imzası ilə kitablar paylanmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO