“Qismət” nəşriyyatı tərəfindən hərbçilər üçün nəzərdə tutulmuş “Quran”ın (cib kitabı) hazırlanması üzərində iş aparılır. Bu barədə akademik, BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev “Qurani-Kərim”in Azərbaycan dilində izahlı tərcüməsi, “Yasin” və qısa surələrin çap olunduğu kitabların təqdimat mərasimində məlumat verib. Qafqaz Müsəlmanları İdarəsi və “Qismət” nəşriyyatının birgə hazırladıqları “Qurani-Kərim”in Azərbaycan dilində izahlı tərcüməsi, “Yasini Şərif” və qısa surələrin çap olunduğu kitabların təqdimat mərasimi keçirilib. Yeni tərcümə hər biri beş min tirajda çap olunub. Kitablar satış üçün deyil, hədiyyə üçün nəzərdə tutulub. Məmmədəliyev bildirib ki, yaxın gələcəkdə “Quran”ın Azərbaycan-ərəbcə və rusca-ərəbcə tərcümələri də çap olunacaq. Akademik deyib ki, yeni çap olunmuş “Quran”ın tərcüməsi üzərində köklü sürətdə dəyişikliklər və düzəlişlər edilib. “Quran”dakı sözlərin mənalarının daha da dəqiqləşdirilməsinə xüsusi səy göstərilib. Yeni və modern dizaynla hazırlanan bu nəşr bəzi texniki özəllikləri ilə fərqlənir. Səhifə bütövlüyünə diqqət yetirilib, hizblər və səcdə yerləri xüsusi işarələrlə göstərilib. Məluamt üçün bildirək ki, bu kitab “Quran”ın Azərbaycan dilinə tərcüməsinin yenidən işlənmiş 11-ci nəşridir.