“Media forum” saytı “Bizdə qəzetlərin ilin bütün günləri çıxması ənənəsi, fasiləsiz qəzet ənənəsi niyə yoxdur” sualı ilə başlatdığı müzakirəni davam etdirir. Bu dəfə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, “Azərmətbuatyayımı”nın rəhbəri Vüqar Səfərli fikirlərini açıqlayır.
V.Səfərli fasiləsiz qəzet ənənəsinin yoxluğunu sırf texniki səbəblərlə əlaqələndirir. O hesab edir ki, qəzetlərin öz mətbəələri və yayım şirkətləri olmadığından belə bir ənənəyə start verə bilmirlər: “İnkişaf etmiş ölkələrdə qəzet redaksiyalarının ayrıca mətbəələri və yayım şirkətləri var. Bütün yaradıcı və texniki iş media quruluşlarının öz əlində cəmləşdiyindən onlar üçün fasiləsiz qəzet buraxmaq problem deyil. Azərbaycanda bu işi görmək çətindir. Tək redaksiyaların deyil, yayım şirkətlərinin və mətbəələrin də istəyini nəzərə almaq lazım gəlir. Hər mətbəə, yaxud yayım şirkəti fasiləsiz çıxmaq istəyən bir-iki qəzet üçün işləmək istəməz. Fasiləsiz çıxmaq istəyən qəzetlərin sayı çox olsa, çap və yayım şəbəkəsi də işini buna uyğun qura bilər.
Mən belə bir ənənənin tezliklə Azərbaycana gəlməsini arzu edirəm. Belə bir mexanizmin, ənənənin yaranması hamının xeyrinə olardı. Misal üçün, Novruz bayramı günlərində 9-10 gün müddətində qəzetlər çıxmadı, informasiya sarıdan qıtlıq yaşadıq”.
İcraçı direktor KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin iqtisadi durumunun yaxşılaşdırılmasına kömək etdiyini vurğulayıb: “Lakin bu dəstək indiki halda qəzetlər üçün yetərli deyil və onların sürətli inkişafını təmin etməyəcək. İnkişaf üçün müəyyən vaxt lazımdır. Getdikcə yardımlar artacaq, dərc olunan qəzetlər ələnəcək, ən yaxşılarının tirajları da artacaq. Bu gün 50-60 qəzet yardım üçün fonda müraciət edir. Yardim olunur, amma bu o demək deyil ki, hər yardım alan qəzet inkişaf edəcək. Yardım alan qəzet satılmayacaq, yayılmayacaqsa, o kimə lazımdır və belə nəşrin fasiləsiz dərc olunması ümumiyyətlə mümkündürmü?”
V.Səfərli yardım ayrılması üçün müraciət edən qəzetə hər sayından ən azı 500 nüsxə satılması şərti qoyulduğunu xatırladıb: “Çap mediası bu göstərici üzrə yayımlana bilmirsə, həmin mətbuat orqanının ictimai rəyə təsiri də ola bilməz”.
Fond rəhbəri heç də hər qəzetin 500 nüsxə həddini aşa bilməməsini Azərbaycandakı qəzet bolluğu ilə bağlayıb: “İnsanlarda sanki qəzetlərə qarşı nifrət yaranıb. Yağışdan sonra çıxan göbələk kimi ortaya o qədər qəzetlər çıxıb ki, əksəriyyətinin adı heç tanınmır. İnsanları şantaj, təhqir etməklə beş-üç manat tapıb qəzet buraxırlar. Belə qəzetciklər oxucularda mediaya, mətbuata qarşı soyuqluq yaradır”.
V.Səfərli hazırda fondla bağlı ona qarşı təzyiqlərin çox olduğunu deyir: “Mən nə qədər fonddayam, yalnız qəzetlərin inkişafı üçün çalışacağam. Bura yardım fondu deyil ki, hərəyə bir az yardım ayıraq. Bizim məqsədimiz bu deyil. Biz qrantı o qəzetlərə ayırmalıyıq ki, inkişaf potensialı böyükdür. Fond belələrinə dəstək olmalıdır. Niyə axı bizim qəzetlər 32 səhifəli, rəngli çıxmasın? Niyə inkişaf etmiş ölkələrdəki kimi bizim də 3-4 güclü qəzetimiz olmasın? Bütün bunları fond edə bilməz, gərək qəzetlərin öz iqtisadi vəziyyəti yaxşılaşsın. Bunun üçün qəzetin yayımı və reklamı olmalıdır. Dünyanın hər bir yerində qəzetin 50 faiz gəliri reklamdandır. Lakin bizdə reklam bazarı formalaşmayıb”.
İcraçı direktor reklam bazarının inkişaf etməsi üçün Türkiyə təcrübəsinin ölkəyə gətirilməsini o qədər də yetərli saymır: “Çoxları Türkiyə təcrübəsi deyir. Amma onu bizim mediamıza tətbiq etmək heç cür mümkün deyil. Dövlət reklam və elanlarının mətbuatda yayımlanması üçün elə meyarlar qoyulub ki, bizim ən tirajlı qəzetimiz belə o meyarlara uyğun gəlmir. Misal üçün, belə reklamları almaq üçün əyalət qəzetlərinin tirajı ən azı 5 min, ölkə üzrə yayımlanan mətbuat orqanlarının ən azı 10 min tirajı olmalıdır.
Yeri gəlmişkən, dövlət reklam və elanlarının qəzetlər arasında paylanması üçün yaradılması nəzərdə tutulan qurumun məqsədini düzgün anlamayanlar var. Özəl sektorun bura aidiyyəti yoxdur. Bəziləri elə başa düşür ki, bütün reklamlar bu qurumda cəmləşəcək. Xeyr, özəl sektor reklamda sərbəstdirlər. Burada incə məsələ odur ki, Türkiyə ilə müqayisədə bizim dövlət idarələrinin, təşkilatlarının ayırdıqları reklam və elanlarlar cüzi miqdardadır. Vəziyyəti analiz etdikdə görürəm ki, belə elan və reklamları bir yerə yığsaq, bir qəzetə belə kifayət edə bilməz. Əsas reklam özəl sektordadır və heç kim onları məcbur edə bilməz ki, hansısa qəzetə reklam ver”.
V.Səfərli dövlət təşkilatlarının reklam və elanlarının az olduğunu, bu səbəbdən də hökumət qarşısında müəyyən təkliflər səsləndirdiklərini deyib: “Biz təklif edirik ki, reklam və elan verilməsi üçün büdcədən təşkilatlara müəyyən ayırmalar olsun. Misal üçün, Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulan 22 faizlik vergi 21 faizə endirilsin, həmin bir faiz cəmlənərək reklam büdcəsi formalaşdırılsın. Artıq bunun sayəsində kifayət qədər iş görmək olar”.
İcraçı direktor özəl sektorun çap mətbuatına reklam verməkdə qısqanclıq eləməsini siyasi səbəblərlə bağlı olmadığını deyib: “Qəzetlərin tirajları az olduqca vəziyyət belə də davam edəcək. Tirajların artması, eləcə də fasiləsiz qəzet çıxarma ənənəsinin yaranması reklamvericiləri reklam, elan verməyə həvəsləndirəcək”.
«Media forum»