Hüquqi dövlətdə milli azlıqların hüquqlarının təmini

Hüquqi dövlətdə milli azlıqların hüquqlarının təminiAzərbaycan müxtəlif etnik, milli qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulan və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli ölkədir

Hüquqi dövlət quruculuğu özündə həm də həmin sistemdə yaşayan millətindən, irqindən, etnik vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyini təcəssüm etdirir. Bu mənada milli azlıqların hüquqlarının təmini hüquqi dövlət quruculuğunun formalaşması və inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu və ya digər ölkədə yaşayan milli azlıqların hüquqlarının tapdanması şəraitində heç bir halda tam formalaşmış hüquqi dövlətin yaranmasından danışmaq olmaz.
Azərbaycana gəldikdə, ölkəmizdə milli və etnik azlıqların hüquqları hərtərəfli və ən yüksək səviyyədə qorunur. Azərbaycan müxtəlif etnik, milli qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulan və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli ölkədir. 1995-ci ildə qəbul olunan Konstitusiyanın bir neçə maddəsi də məhz mənşə, milli, etnik, irqi, dil və dinindən asılı olmayaraq azlıqların hüquqlarının təmini, qorunmasına və inkişafına həsr olunub. Məsələn, Konstitusiyanın 44-cü maddəsində göstərilir ki, Azərbaycanda yaşayan hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Ali qanunun 25-ci maddəsində isə qeyd olunur ki, dövlət milli, etnik, irqi, dil və dini fərqlilikdən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan həmçinin «Milli azlıqların hüquqlarının müdafiəsi haqqında» çərçivə Konvensiyasına qoşulan Cənubi Qafqazın ilk respublikasıdır. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin Hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim edib. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Avropa Şurasının Məşvərətçi Komitəsi sözügedən hesabatın icrasına nəzarət məqsədilə 2003-cü ilin yazında Azərbaycana gəlib. 2007-ci ilin yanvarında isə Azərbaycan milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına ikinci dövrü hesabatını təqdim edib. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir. Müvafiq qanunvericilikdəki, o cümlədən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planındakı milli azlıqların, etnik qrupların hüquqlarının müdafiəsi, mədəni irsinin qorunub saxlanılması, daha da inkişafı ilə bağlı müddəaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib və keçirilməkdədir. Həmçinin, «Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında» fərman da imzalanıb. Həmin fərman ölkəmizdə yaşayan milli, etnik azlıqların hüquqi dövlətdə birgəyaşayışının tənzimlənməsinə yönəlib. Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycanda həmçinin 1996-cı il 31 may tarixində qoşulduğu «İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması», «Aparteidin qarşısının alınması və onun cəzalandırılması» və «Genosidin qarşısının alınması və onun cəzalandırılması» haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur. Digər tərəfdən, «Mədəniyyət» haqqında qanunun 11-ci maddəsi milli mədəniyyətlərin inkişafı və qorunub saxlanılmasına yardımı nəzərdə tutur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir. «Təhsil» haqqında qanunun 6-cı maddəsinə, «Dövlət dili» haqqında qanunun 3-cü maddəsinə əsasən ölkəmizdə təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər. Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatla da milli azlıqlar məsələsində əməkdaşlıq edir. ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyəti müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfərə gəlib.
Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər ölkəmizdə bütün digər xalqlarla birgə sülh və harmoniya şəraitində yaşamış və yaşamaqda davam edirlər. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də ölkəmizdə qorunub saxlanılır.
Onu da qeyd edək ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasəti nəticəsində etnik təmizləmənin qurbanları təkcə yerli Azərbaycan türkləri olmayıb. Eyni zamanda, işğal zonasında yaşayan kürdlər, ruslar, yəhudilər və s. milli azlıqların nümayəndələri də erməni təcavüzünün acı nəticələrini yaşamaqda davam edirlər.
Rəsmi statistikaya görə, Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4 faizini təşkil edir. Milli azlıqlar arasında ləzgilər 178000, ruslar 141700, ermənilər 120700, talışlar 76800, avarlar 50900, məhsəti türkləri 43400, tatarlar 30000ukraynalılar 29000, saxurlar 15900, gürcülər 14900, kürdlər 13100, tatlar 10900, yəhudilər 8900, udinlər 4100 nəfər təşkil edir.
Ölkəmizdəki milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından da tam istifadə edirlər. Bu sahədə də milli etnik azlıqlara nəinki sərbəstlik verilib, eyni zamanda, dövlət tərəfindən bu tip milli mərkəzlərin inkişaf etdirilməsinə də hərtərəfli yardım və dəstək göstərilir. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyətdədir. Onların arasında «Birlik» cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kürd mədəni mərkəzi «Ronai», «Samur» ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti «Turqan-tel», Tatar mədəniyyət mərkəzi «Yaşlıq», Krım tatarları cəmiyyəti «Krım», gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin «Vətən» cəmiyyəti, Axısxa türk qadınlarının «Sona» cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, «Kapelhaus» alman mədəniyyət icması, Polyak mədəniyyət mərkəzi «Polonia», Beynəlxalq Talış assosiasiyası «Mada», Talış assosiasiyası «Avesta», Udin mədəniyyət mərkəzi «Orain», «Buduq» mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzi və s. göstərmək olar. Bu tip mədəniyyət mərkəzləri və assosiasiyalar milli, etnik azlıqların mədəni, milli xüsusiyyətləri, adət-ənənələrinin qorunub saxlanılması və inkişafına yardımçı olurlar. Ölkəmizdə həmçinin milli azlıqların kompakt yaşadığı ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyaları da fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları neçə illərdir ki, öz milli ənənələrini davam etdirirlər. Dövlət bu qurumları imkanı dairəsində maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Bunun özü də Azərbaycan dövlətinin ölkəmizdə yaşayan milli, etnik azlıqlara humanizm, bərabərlik və hüquqi dövlət prinsipindən irəli gələn yüksək qayğısının nəticəsidir.
Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır. Dövlət radiosu tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış, gürcü, rus və erməni dillərində Dövlət büdcəsindən maliyyələşdirilən verilişlər yayımlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda ləzgi və tat dillərində, Qusarda yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində qəzetlər işıq üzü görüb. Məsələn, «Samur» və «Dəngi Kürd» ləzgi və kürd dillərində nəşr olunur, Yəhudi cəmiyyəti «Soxnut» isə «Əziz» qəzetini nəşr edir.
Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət quruculuğu sahəsinə də öz töhvələrini verib və verməkdədirlər. Onlar dövlət orqanlarında da geniş şəkildə təmsil olunublar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi Daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsini tutub.
Milli azlıqlar cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları ilə seçilirlər. Çoxsaylı milli azlıqların nümayəndələri xaricdə belə ölkəmizi ləyaqətlə təmsil edirlər. Onlar da Azərbaycan vətəndaşı olaraq xaricdə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarında fəaliyyət göstərməklə ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da qalxmasına öz töhvələrini verirlər. Bu amilin özü də milli azlıqların Azərbaycanı öz doğma Vətənləri hesab etməsindən, burada onların hərtərəfli inkişafına hər hansı maneənin olmamasından irəli gəlir.
Bir sözlə, milli, etnik azlıqlar ölkəmizdə hərtərəfli dəstəyə malikdirlər. Azərbaycan dövləti milli azlıqların hüquqlarının tapdanmasına qarşı qanunun imkan verdiyi bütün tədbirləri görür. Eyni zamanda, ictimaiyyət, kütlə arasında da milli, dini azlıqlara böyük hörmət vardır. Əhalini ətrafındakının hansı dildə danışması deyil, yalnız onların qanunlara və dövlətimizə hörmət etməsi maraqlandırır. Bütün bu meyarlara əsasən əminliklə söyləmək olar ki, Azərbaycanda hüquqi dövlətin mühüm atributu olan milli, etnik azlıqların hüquqları tam şəkildə təmin olunub.
Rüfət Sultan

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə həyata keçirilən «Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu» layihəsi çərçivəsində dərc olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO