Heydər Əliyevi anma günü

Dekabrın 12-si ulu öndər, dövlətçiliyimizin memarı Heydər Əliyevin anım günüdür. Bu gün ümmilli liderin vəfatının altıncı ildönümü münasibətilə bütün Azərbaycan ərazində anım mərasimləri keçiriləcək, Fəxri Xiyabanda mərhum prezidentin qəbiri ziyarət ediləcək.

Artıq dünəndən ölkənin idarə və təşkilatlarında, ali məktəblərdə, yaradıcılıq birliklərində, habelə dünyanın bir çox paytaxtlarında anma mərasimləri keçirilib. Fəxri Xiyabanda da ulun öndərin məzarı dekabrın 11-dən ziyarət edilməyə başlayıb.

***

Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində doğulub. 1940-1969-cu illərdə Azərbaycan dövlət təhlükəsizlik orqanlarında işləyib. 1967-69-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub. 1945-ci ildə Sov.İKP üzvlüyünə qəbul olunub. 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi olub. 1982-87-ci illərdə Sov.İKP MK Siyasi bürosunun üzvü olub, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini işləyib. 1987-ci ilin noyabrında Qorbaçovla fikir ayrılığına görə vəzifəsindən istefa verib.

1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev yenidən siyasətə qayıdıb. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Milli Məclisinin sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçilib. 1998-ci ilin oktyabrında ikinci dəfə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Azərbaycan tarixinin çağdaş mərhələsi, onun son 30 illik səhifəsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun yeni tariximizə, xüsusilə müstəqil dövlətçiliyimizin formalaşmasına göstərdiyi əvəzolunmaz xidmətləri və şəxsiyyəti tariximizin bu dövrünə “Heydər Əliyev möhürü”nü vurub. Prezidentin siyasi-mənəvi portretini tarixi proseslər, üzərinə düşən missiya baxımından təhlil etdikdə o özündə “güclü lider” və “böyük xadim” obrazlarını təcəssüm etdirir…

1993-cü ilin yayında ikinci dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyev başqa bir kimsənin öhdəsindən gələ bilməyəcəyi mühüm tarixi missiyanın icrasına başladı. İlk növbədə alovlanmaqda olan vətəndaş savaşının qarşısı alınaraq, ölkə daxili siyasi sabitliyin bərqərar olunmasına nail olundu ki, bu da müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün imkanlar yaratdı. 1994-1995-ci illərdə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, onların əksər lider və tərəfdarlarının siyasi səhnədən silinməsi ilə Azərbaycanda gizli və ya hərbi müxalifət adlanan qüvvələr faktiki olaraq darmadağın edildi. Bu qüvvələrin hansısa formada ölkənin müstəqilliyinə, daxili sabitliyə təhlükə törətmək faktoru kimi çıxış etmələri demək olar ki, aradan qaldırıldı.

Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olunması ilə yenicə müstəqillik qazanmış Azərbaycan hərc-mərclik bataqlığından çıxarılaraq, sosial-iqtisadi problemlərini həll etmək, bazar iqtisadiyyatı münasibətlərini və demokratik prosesləri inkişaf etdirmək üçün möhkəm zəmin qazanmış oldu. Məhz bu zəmin əsasında müstəqil Azərbaycanda 1995-ci ilin 12 noyabrında ilk parlament seçkiləri keçirildi və ölkənin Konstitusiyası qəbul olundu.

90-cı illərdə dünyanın siyasi xəritəsi ciddi dəyişikliklərə uğrayanda dünyanın aparıcı dövlətləri Cənubi Qafqaz geosiyasi məkanında nüfuz dairəsi uğrunda hələ də başa çatmayan amansız mübarizəyə girişdilər. Bu, Azərbaycanın təhlükəsizliyi üçün ciddi problemlər ortaya çıxarırdı. Belə bir məqamda prezident Heydər Əliyev böyük təcrübəsi ilə təhlükənin neytrallaşmasına nail oldu; regionda mənafeyi olan aparıcı dövlətlərin maraqlarını mümkün qədər tarazlaşdırmaq üçün tədbirlər görüldü, xarici siyasətin prioritetləri vaxtında müəyyənləşdirildi və həyata keçirilməyə başlanıldı. Ən əsası isə Xəzərin sərvətləri ətrafında gedən “böyük oyunlar”da Azərbaycan öz mənafelərini qoruya bildi. Üstəlik, bu proseslərdə Azərbaycanın bütövlükdə Xəzər regionunun aparıcı dövlətinə çevrilməsi yolunda addımlar atıldı.

Belə bir ziddiyyətli dövrdə ölkənin müstəqil neft siyasəti gerçəkləşdirilərək beynəlxalq səviyyədə Azərbaycanın söz sahibi olmasına nail olundu. Təbii ki, neft Azərbaycanın ən qiymətli sərvətidir və o, ölkəyə böyük gəlirlər vəd edir. Lakin neft yalnız ölkənin sosial-iqtisadi baxımdan çiçəklənməsi demək deyil. Uğurlu neft siyasəti həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, siyasi dividendlər qazanmasına imkanlar açırdı.

Xarizmatik lider, zəngin təcrübə və nadir tarixi şəxsiyyət olan Heydər Əliyev Azərbaycanda milli özünüdərkdə, milli şüurun yüksəlişində misilsiz rol oynamışdır. Güclü iradəyə və tükənməz enerjiyə malik ulu öndər “Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm” və “Mən həyatımın bütün anlarına cavabdehəm” deyirdi. Zira bu ÖMÜR qəti, aydın və yüksək prinsipləri, amalları, mənəvi dəyərləri rəhbər tutmaqla istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi həmişə öz Vətəninə və xalqına şərəf və ləyaqətlə xidmət etməklə keçmişdi. O, Azərbaycanın ən çətin anlarında da həyat prinsiplərinə daim sədaqət nümayiş etdirmiş, xalqın istək və arzularını reallığa çevirməyi bacarmışdı.

Heydər Əliyevin fitri liderlik istedadı, fenomenal hafizəsi, incə duyma qabiliyyəti, nüfuzedici natiqliyi ilə insanların beyninə və qəlbinə asanlıqla yol tapması ona geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları arxasınca aparmağa imkan verirdi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Və Müasir Azərbaycanın ən mürəkkəb, taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüş Heydər Əliyev yalnız Azərbaycanın deyil, eləcə də zəmanənin görkəmli şəxsiyyətlərindən biri kimi tarixə silinməz möhrünü basmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO