Hansı redaksiyada maşınlara “press-kart” vurulub?

Bu gün bir sıra maşınların üzərində “press-kart” yazılan nişanları görmək adi hala çevrilib. Bir çoxları bundan hadisə yerinə daha tələsik getmək üçün istifadə edirsə, elələri də var ki, “press-kart”lar onlara “ən çətin” anlarda lazım gəlir. Bu yaxınlarda Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına açıqlamasında bildirmişdi ki, 30-a yaxın redaksiyaya aid maşına “press-kart” verilib. Bəs bunlar hansı redaksiyalardır? Hansı qəzet redaksiyasında maşınlar üçün “press-kartlar”dan istifadə edilir?

“Üç nöqtə” qəzetinin baş redaktorunun müavini Şahin Əliyev bildirib ki, bu günə qədər onlar maşınlar üçün Mətbuat Şurasının müəyyənləşdirdiyi “press-kart” almayıblar. “Əməkdaşlarımızın da maşınları var, amma eşitməmişəm ki, onlar “press-kart”lardan istifadə etsinlər”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da Mətbuat Şurasının maşınlar üçün müəyyənləşdirdiyi “press-kart”lardan istifadə etmək üçün müraciət etmədiklərini deyib.

“Yeni Müsavat” qəzetində də həmin “press-kart”lardan alan yoxdur. Qəzetin redaktoru Azər Ayxan deyib ki, buna heç ehtiyac da görmürlər:
”Azərbaycanda, bəziləri, xüsusilə “reket jurnalistlər” yol polisinə xof gəlmək, qanundan yayınmaq məqsədilə bu cür “press-kart”lardan istifadə edirlər”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, əvvəllər bir dəfə onlar maşınlar üçün olan “press-kart”dan almaq məqsədilə müraciət ediblər. “Bu, hardasa 7 ilin söhbətidir. Amma indi yoxdur, bunun üçün heç müraciət də etməmişik. Ümumiyyətlə, redaksiyada maşına “press kart” vurmağı qadağan etmişəm”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da redaksiyada hər hansı maşına press-kart vurulmadığını qeyd edib.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev da redaksiyada heç kimin maşınında “press-kart” olmadığını vurğulayıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Xatırlayıram ki, əvvəllər Yusif Nəzərlinin maşınında var idi. Bu da haradasa 5 ilin söhbətidir. Amma hazırda redaksiya maşınına “press-kart” almaq üçün müraciət etməmişik. Elə o vaxt alınan “press-kart”ı da daha Yusif Nəzərlinin maşınında görmürəm”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də redaksiyada heç bir maşına “press-kart” vurulmadığını deyib.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hazırda 2 redaksiya maşınına “press-kart” vurulduğunu bildirib. “Amma biz bu “press-kart”lardan sui-istifadə etmirik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO