Böyük Britaniyanın “Guardian” qəzetinin İraqlı əməkdaşı və iki əfqanıstanlı müxbir birgə Əfqanıstanın Şimal-Şərq bölgəsində altı gün girov saxlanıldıqdan sonra azad edilib. Bu barədə SİA-ya Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat verilib.
Məlumata görə, Qeys Əbdül-Əhəd son dəfə dekabrın 9-da “Guardian” qəzeti ilə əlaqə saxlayıb. İki gün sonra qəzetə üç jurnalistin oğurlanması barədə informasiya verilib.
Jurnalistlərin sağ-salamat geri qaytarılmasını təmin etmək məqsədilə ictimaiyyətə bu barədə xəbər verilməyib. Onların ailələrinə, Böyük Britaniyanın və Əfqanıstanın müvafiq orqanlarına məlumat verilib. Jurnalistlər azad edildikdən sonra yorğun olduqlarını, ancaq əhval-ruhiyyələrinin yaxşı olduğunu bildiriblər.
Məlumatla görə, əfqanıstanlı jurnalistlərin adı təhlükəsizlik məqsədilə açıqlanmayıb.
“Guardian” qəzetinə görə isə, bu üç jurnalist Pakistanın Şimal-Qərb Sərhəd Əyalət ilə həmsərhəd olan dağlıq bölgədəki döyüşçülərdə müsahibə götürməyi planlaşdırıblarmış.
Onlar keçən həftə silahlı dəstə tərəfindən tutulublar. Ərazi Taliban və Ərəb döyüşçülərinin, eləcə də “Hezb-e-İslami” kimi müxtəlif qruplaşmalar və cinayətkar dəstələrin dayağı kimi tanınır.