Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İsveç Krallığının Göteborq şəhərində təşkil olunan “İFLA-2010” Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər kitabxanası ilə tanış olub, kitabxanada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə razılıq əldə ediblər. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanıb və Göteborq şəhər Kitabxanasına göndərilib. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Göteborq şəhər Kitabxanasında “Azərbaycan guşəsi”nin yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən eləcə də Tacikistan Respublikasının Milli Kitabxanasının yeni binasının açılışı ilə əlaqədar Azərbaycan haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanıb və sözügedən kitabxanaya göndərilib.