Gürcüstanın İctimai Televiziyasının ölkədə yaşayan azərbaycanlıların sosial həyat tərzindən hazırladığı verilişlər Marneuli rayonunun yerli televiziyası ilə yayımlanacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, İctimai Televiziya Marneuli televiziyası ilə 2010-cu ildən əməkdaşlıq etməyi planlaşdırır. Bununla bağlı televiziya əməkdaşları Marneulidə ictimaiyyət nümayəndələri və ziyalılar arasında sorğu da aparıb. Sorğu iştirakçıları öz ana dillərində verilişlərə baxmağa və xəbərlərə qulaq asmağa üstünlük veriblər.
İctimai Televiziyanın regional xidmətinin rəhbəri Malxaz Vardosanidze jurnalistlərə açıqlamasında bildirb ki, ilk olaraq Azərbaycan dilində xəbərlər informasiya proqramını yenidən bərpa edəcəklər: “Tək Kvemo-Kartlidə deyil, eyni zamanda Gürcüstanın etnik azlıqlar yaşayan digər bölgələrində də bölgə televiziyaları ilə müqavilə bağlayıb verilişlər hazırlayacaq, xəbərləri bu bölgə kanallarına da ötürəcəyik”.