İnkişaf etmiş ölkələrdə bütün iri telekommunikasiya operatorları şəbəkədə video və multimedianın populyarlığının artması hesabına trafik həcminin genişlənməsi ilə qarşılaşmaq məcburiyyətində qalırlar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, bütün şirkətlər onların şəbəkələrinin həddindən artıq yüklənilmiş rejimdə işləməsini və ya bu şəbəkələrin daim müasirləşdirilməsi və genişləndirilməsinə xeyli vəsait ayrıldığını qeyd edirlər.
Şəbəkələrin müasirləşdirilməsi məqsədilə vəsait axtarışında olan şirkətlər son zamanlar tez-tez internetin əsas “trafik generatorunun”, yəni “Google” şirkəti və onun onlayn-layihələrinin adını çəkirlər. “Telefonica”, “France Telecom” və “Deutsche Telekom” operatorları bəyan ediblər ki, “Google” onun üçün pulsuz verilən trafik həcminin haqqını ödəməlidir. Operatorlar hesab edirlər ki, “YouTobe” kimi saytlar çox iri trafik həcmi generasiya edir və genişzolaqlı qoşulma sayının artması bu problemi yalnız kəskinləşdirir.
“France Telecom” şirkətinin icraçı direktoru Stefan Rişar deyib ki, baş verənləri istənilən iqtisadi nöqteyi-nəzərdən tamamilə qeyri-normal adlandırmaq olar: “Google bizim şəbəkələri buna görə heç bir vəsait ödəmədən istifadə edir”.
Daim artmaqda olan mobil trafik tendensiyası da operatorların vəziyyətinə nikbinlik gətirmir. Şirkətlərin heç də hər biri bu cür trafik həcminin tələblərini ödəyə bilmir. Bundan əlavə, “Android” əməliyyat sisteminin “Google”in pulsuz servislərinə birbaşa çıxış etməsi və bunun nəticəsində əməliyyat sistemlərinin populyarlığının artması ümumi vəziyyət üçün daha da pisdir.
“Arbor Networks” şirkətinin analitiki Kreyq Leybovis hesab edir ki, internet arxitekturasının tam açıq olduğuna görə bu gün telekommunikasiya operatorlarının “Google” şirkətinə hər hansı bir təsir göstərmək üçün demək olar ki, heç bir vasitələri yoxdur. Kreyq Leybovis qeyd edib ki, operatorlar prinsip etibarı ilə “Google” saytlarına daxilolma sürətini azalda bilər, lakin bu addım ilk növbədə elə onların istifadəçilərinə neqativ təsir göstərəcək: “Vəziyyətin bu cür olmasına görə operatorların özləri qismən günahkardır. Tam limitsiz çıxış haqqında müqavilə imzalayarkən onlar bilməli idilər ki, kiçik aylıq məbləğ əvəzinə iri həcmli məlumatlar təqdim etməli olacaqlar”.Lent.az