Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın 90 yaşı tamam olur. Modern.az xəbər verir ki, 90 illik yebiley münasibətlə martın 1-də Gənc Tamaşaçılar Teatrında yubiley tədbiri keçirilir.
Tədbirdə AzərTAc-ın tarixi, onun keçdiyi yol barədə danışılıb. Şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. Ötən 90 ildə AzərTAc mürəkkəb bir yol keçib.
1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub.
Lakin məlum olmayan səbəblər üzündən agentlik həmin tarixdə fəaliyyətə başlamayıb. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Ajanslığının ştatlarının layihəsi və əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb.
Nəhayət, 1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunub. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edən daha bir tutarlı dəlildir. Təliqədə hökumətin 1 mart tarixli Qanununa uyğun olaraq, Poçt və Teleqraf Nazirliyinin nəzdində Azərbaycan Teleqraf Agentliyinin yaradıldığı və onun formalaşma dövrü yaşadığı qeyd olunub.
Agentliyin təkcə adı 7 dəfə dəyişdirilib: 1920-ci ildə AzərTAc, yenə də həmin ildə AzQafROSTA, 1921-ci ildə AzərTA, 1923-cü ildə ZaqTA, 1936-cı ildə yenidən AzərTA, 1972-ci ildə Azərinform, nəhayət, 1992-ci ildə AzərTAc.
Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlıq edirlər. Agentliyin hazırda Türkiyə, Rusiya, İtaliya, Rumıniya, İran, Bolqarıstan, Çin, Qazaxıstan, Ukrayna, Koreya Respublikası, Küveyt, Macarıstan, İndoneziya, Serbiya, Misir, Albaniya, Latviya, Belarus, Moldova, İordaniya, Monqolusta, Qırğızısta, Tacikistanın milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri var.
Bundan əlavə, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olub. Bunun sayəsində AzərTAc-ın informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 32 ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilib. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun (“AsiaPulse”) üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyin həyatında ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir.