Gəlin, vətəndaş olaq

Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı”
Məmməd Araz

Torpaqlarımızın iyirmi faizi erməni işğalı altındadır. Hər gün işğal altında olan yeraltı və yerüstü sərvətlərimiz talan edilərək, Ermənistana daşınır. Bu prosesdə mədəniyyətimizə aid olan nə varsa, – daşınan çoxdan Ermənistana aparılıb, daşınmaz mədəniyyət abidələrimiz isə erməniləşdirilib, dünya ictimaiyyətinə erməni abidələri kimi təqdim olunur.

Beləliklə, 20 ildir ki, torpaqları işğala məruz qalıb, bir milyonyandan artıq məcburi köçkünümüz var. Amma buna baxmayaraq, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan öz hərbi gücünü gücləndirir, iqtisadiyyatında irəliləyişlər həyata keçirir. Biz işğala məruz qalan tərəf olmağımıza baxmayaraq, 80%-li ərazi ilə çalışır və inkişafa doğru gedirik. Bəs, görəsən, ölkəmizə erməni işğalçıları tərəfindən vurulan ziyan barəsində, o cümlədən bütün sahələrdəki itkilərimiz barəsində dünya ictimaiyyətini hansı səviyyədə məlumatlandıra bilmişik?

Qarşıdan möhtəşəm “Evrovision” yarışması gəlir. Belə mötəbər bir yarışda birincilik qazanaraq, dünyanın diqqətinin Azərbaycana yönəldilməsi alqışa layiqdir. Bakıda təşkil olunan yarışmaya isə söz yox ki, yüzlərlə əcnəbinin gəlişi gözlənilir, həmdə yarışmanın birbaşa canlı yayımlanması nəticəsində milyonlarla insanın Bakını və müsabiqəni seyr etmək şansı qazana biləcəyini indidən ehtimal etmək olar. Bütün bunlarla yanaşı ortaya bir sual çıxır: yarışma günlərində ölkəmizi xaricilərə necə təqdim edəcəyik? Qazandıqlarımızla, nailiyyətlərimizlə yanaşı, biz erməni işğalı nəticəsində ölkəmizə dəymiş maddi-mədəni itkilər barəsində də qonaqlara məlumat verə biləcəyikmi?..

Qeyd etməliyik ki, tədqiqatçıların da təsdiq etdiyi kimi, Qarabağ və ona bitişik rayonlar, – Kəlbəcərdən başlamış, Zəngəzur və Naxçıvanadək olan ərazilər ölkəmizin əsas mədəniyyət daşıyıcılarından biri hesab edilir. Qarabağ və ona bitişik rayonlar tarixən ölkəmizin indiki hüdudlarında formalaşan dövlətlərin əsas istinad mənbələrindən olubdur. Azərbaycan ədəbi dilinin əsas daşıyıcı qüvvəsi də məhz bu ərazilərdəki yaşayış məntəqələri olmuşdur desək, yəqin ki yanılmarıq. Dünyada üçüncü yaşayış məskəninin – Azıx mağarasının, ən qədim Xocalı-Gədəbəy mədəniyyətinin öz başlanğıcını bu ərazilərdən götürməsi də tarixi faktdır. Bir məqama toxunmaq yerinə düşərdi ki, adıçəkilən ərazilər alimlərin əsas tədqiqat mənbəyi olsa da, bir sıra tədqiqini gözləyən tarixi obyektlər də erməni talanına məruz qalmışdır. Ancaq keçmiş sovet dövründə də tədqiqat obyekti kimi bəzi qədim abidələr siyahıya alınmayıbdır. Bununla bağlı bir faktı da qeyd edək ki, Ağdərənin Madagez kəndinin Gülüstan kəndinə yaxın istiqamətində yerləşən qəbirstanlığında qədim Alban türbəsinin olmasının vaxtilə şahidi olsaq da, sonralar bununla bağlı axtarışlarımız səmərəsiz qalmışdır. Belə ki, həmin abidə o dövrdə dövlət tərəfindən qeydiyyata alınmayaraq, üzərindən ötüb, keçilmişdir.

Ərazilərimizin hər qarışı bizim üçün əziz olsa da, reallıq ondan ibarətdir ki, ermənilərin 20 faiz torpaqlarımızın işğal etməsi nəticəsində 35-40 % – lik tarixi mədəniyyətimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışıq.

Belə olan halda bugünkü nəslin üzərinə böyük məsuliyyət yükü düşür. Yəni, biz itirdiklərimizi siyahılaşdırmalı, qiymətləndirməli, bərpa etməyə var qüvvəmizlə çalışmalı və bütün bu məqamlar barəsində dünya ictimaiyyətini məlumatlardırmalıyıq. Hansı ki, Ermənistan öz saxta tarixini dünya ictimaiyyətinə “sırıyaraq” özünə haqq qazandırmağa çalışdığı halda, biz nədən, öz doğrumuzu dünyaya bəyan etməyək?!

Vəziyyətdən çıxış yolu kimi ilk olaraq nəyi təklif etmək olar. Bizim (SAMF-nun) bu istiqamətdə apardığımız təhlillər göstərir ki, ilkin olaraq ən optimal addım Dövlət Qarabağ Tarixi Muzeyinin fəaliyyətinin bərpası sayıla bilər. Nəzərə alsaq ki, paytaxtda bu tipli muzey yoxdur, onda belə bir muzeyin yaradılması daha da aktuallaşır. Erməni işğalı nəticəsində məhv edilmiş abidələrin kataloqunun tərtibi, onların yerləşdiyi ərazilərlə birlikdə maketinin hazırlanması, habelə işğal zamanı xilas edilən eksponatların bərpa edilərək sərgilənməsi ölkəmizin tanıdılmasında əvəzsiz rol oynaya bilər. Əgər, Şuşa Rayon İcra Hakimiyyətinin fəaliyyəti üçün ən müasir memarlıq üslubunda inzibati bina tikiriksə, Dağlıq Qarabağın Azərbaycanlı İcması da fəaliyyətini məhz həmin binada davam etdirirsə, bundan əlavə prezident sərəncamı ilə ölkə paytaxtında Şuşa Musiqi Məktəbinə bina inşa edilməsi üçün büdcədən vəsait ayrılırsa, demək belə bir muzeyin fəaliyyəti üçün binanın tikintisi real hesab edilə bilər.

Ancaq Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri bizim irəli sürdüyümuz təklifi alqışlasalar da, bu prosessin icrasına bir qədər pessimist yanaşmaları təəssüf hissi doğurur. Əgər biz bu muzeyin Şuşada fəaliyyət göstərməsi niyyətindəyiksə, bəri başdan 20 ilimizi itirdik. Gözləmə mövqeyində dayanmış olsaq, onda nə Xocalı sakinləri üçün, nə də Biləsuvar, Yevlax, Ağdam və Ağcabədidə qaçqın şəhərcikləri salınmalı deyildi. Yəni gec-tez torpaqlarımız işğaldan azad ediləcək və məcburi köçkünlərdə çadır şəhərciyindən bir başa öz yaşadıqları ərazilərə köçürülə bilərdilər. Belə çıxır ki, Xocalı sakinləri üçün salınan qəsəbədə şəhid şəhərin sakinlərinə ehtiram əlaməti olaraq abidənin ucaldılması da yersiz idi?! Amma dövlət siyasətinin tərkib hissəsi kimi görülən işləri ancaq alqışlamaq lazımdır.

Bəs struktur vahidi kimi adı Mədəniyyət və Turizm Nazirliyinin balasında olan və nazirliyin rəsmi internet resursunda qeyd olunan Dövlət Qarabağ Tarixi Muzeyinin bərpası bizə nə verə bilər?

Hazırda 40 min eksponata malik 22 muzeyin işğal altında olduğu deyilir. Dünyada ikinci olan Ağdam Çörək Muzeyi, Zəngilan Daş Heykəllər Muzeyi, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Şuşa, Xocalı tarix-diyarşünaslıq muzeyləri eksponat fondu ilə bərabər məhv edilmiş, Cəbrayıl və Füzuli diyarşünaslıq muzeylərinin binaları dağıdılmışdır. Şuşa şəhərinin tarixi muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun, böyük müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Laçında Sarı Aşığın, görkəmli musiqiçi Qurban Pirimovun Gülablı kəndindəki (Ağdam) xatirə muzeyləri tamamilə məhv edilmişdir. Bu siyahıya ictimai əsaslarla məktəblərdə, təhsil ocaqlarında fəaliyyət göstərən muzeyləri, habelə Xankəndində, Ağdərədə, Xocavənddə də rəsmi fəaliyyətdə olan diyarşünaslıq muzeylərini də əlavə etsək, ümumi rəqəm xeyli artacaq.

20 il ərzində işğal altında olan ərazilərimizdə fəaliyyət göstərmiş muzeylərimiz haqqında dəqiq məlumat toplaya bilmişikmi? Təəssüf ki, indiyədək bu sahədə hər hansı dəqiqləşdirmə aparılmayıb. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi arayışında işğal nəticəsində dəymiş maddi və mədəni ziyanın həcmi təxminən 7 milyard dollar həcmində göstərilir. Demək, ilk olaraq muzeyi bərpa etməklə maddi mədəni itkilərimizi siyahılaşdırmaq şansı qazana bilərik.

Hazırda fəaliyyətdə olan diyarşünaslıq muzeylərinin muzey mərkəzinin fondunda saxlanılan eksponat fondunun bərpasını həyata keçirməklə, onun daimi olaraq qeyd olunan muzeydə sərgilənməsinə nail ola bilərik. Bundan əlavə işğaldan sonrakı müddətdə formalaşan eksponat fondunu da bura əlavə etsək fəaliyyəti bərpa ediləcək muzeyin zəngin eksponat fondunu formalaşdırmaq mümkündür. Ancaq belə anlaşılmasın ki, rayonlarda fəaliyyətdə olan diyarşünsalıq muzeylərinin fəaliyyətini kölgə altına almaq istəyirik. Biz bu işlərin sistemli şəkildə aparılmasının tərəfdarıyıq. Dövlət Qarabağ Tarixi muzeyinin bərpası tarix-diyarşünaslıq muzeyləri üçün baza mərkəzi kimi olmaqla, səyyar sərgilərin təşkilini həyata keşçirməklə bu qurumların üzərinə düşən məsuliyyət yükünü artırmış olacaq, həm də gənc nəslə Azərbaycanımızı daha dərindən öyrənməkdə mühüm rol oynayacaqdır.

İşğal altında olan hər rayonun maketi, maddi mədəni abidələrin xəritəsinin hazırlanması və nümayişi muzeyin fəaliyyətinin əsas istiqamətlərindən ola bilər. Qeyd edək ki, Bərdə rayon Tarix Diyarşünaslıq muzeyində Bərdə şəhərinin tarixini əks etdirən maket yüksək orijinallıqla hazırlanıb və hazırda adı çəkilən muzeydə sərgilənir. Demək belə bir təcrübə artıq var.

Dövlət Qarabağ Tarixi muzeyinin bərpası ən nəhayət protokol qaydasında rəsmi qonaqların səfər proqramına salınması, əcnəbi turistlərin və xüsusən böyüməkdə olan gənc nəslin nümayəndələrinin muzeyə ziyarətlərinin təşkili ilə Azərbaycanımızı daha dərindən tanıtmağa nail ola bilərik.

Söz Azadlığını Müdafiə Fondunun prioritet fəaliyyət istiqamələrindən biri Qarabağ mövzusudur. Biz indiyədək Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qarabağ mövzusuna həsr olunmuş iki layihə həyata keçirmişik. Fond Dövlət Qarabağ Tarixi Muzeyinin bərpası ilə bağlı bir sıra addımlar atmaq niyyətindədir. Əsas məqsədimiz zəngin tariximiz, mədəniyyətimiz haqqında məlumatları gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır. Belə bir aktual mövzunu yenidən ictimai müzakirəyə çıxarır, ölkə ziyalılarının, elm və mədəniyyət adamlarının, eləcə də gənclərin bu mövzuya öz münasibətlərini bildirməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Tarixini yaşatmaq hər bir insanın vətəndaşlıq borcudur. Biz bu məsələdə vətəndaş mövqeyimizdən çıxış etməli, Dövlət Qarabağ Tarixi muzeyinin fəaliyyətinin bərpası üçün əlimizdən gələn köməkliyi əsirgəməməliyik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO