Fərasət Qurbanov: “Şura tərəfindən çox ciddi tapşırıq verilib”

“Keçən illə müqayisədə, layihələrin sayı 2 dəfə çoxdur”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi birinci müsabiqəyə sənəd qəbulunun vaxtı bitmək üzrədir. Xatırladaq ki, 2009-cu il dekabrın 8-dən başlanılan ərizə qəbulunun son tarixi yanvarın 15-dir. Bu günə qədər Şuraya edilən müraciətlər, QHT-lət tərəfindən təqdim olunan layihələrin sayı və əhəmiyyətlilik dərəcəsi barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov qhtxeber.az saytına müsahibə verib.

– Fərasət müəllim, layihə qəbulu ilə bağlı yenilikləri öyrənmək istərdik. Bu günə qədər Şuraya edilən müraciətlər, QHT-lər tərəfindən təqdim olunan layihələrin sayı haqda rəsmi məlumat verə bilərsinizmi?

– Şuraya layihələr təqdim olunmaqdadır. Lakin son günlər, daha doğrusu, bu həftə Şuraya layihələrin təqdim olunmasında intensivləşmə müşahidə olundu. Bu hal demək olar ki, xarakterdir. Çünki keçən dəfəki müsabiqələrdə də QHT-lərimiz layihələrin təqdimatını son günlərə saxlamışdılar. Elə bu gün də Şurada layihə təqdim edən QHT-lər çox oldu. Ümumilikdə, bu vaxta qədər Şuraya 135 layihə təklifi daxil olub. Keçən il bir ay müsabiqə müddətinin ilk 20 günündə cəmi 60 layihə təqdim olunmuşdursa, sonuncu günlərin hər birində 100-dən çox layihə təqdim olundu. Yekunda 569 layihə müsabiqəyə təqdim olundu. Adətən QHT-lər ən sonda təqdim etməyə üstünlük verirlər. Sabah və ayın 15-i daha çox layihənin təqdim ediləcəyi gözlənilir.

– Müsabiqənin elanı zamanı vurğulanmışdı ki, primitiv qaydaları pozan təşkilatların, yəni müsabiqə şərtlərinə uyğun olmayan layihələri dərhal geri qaytarılacaq. Belə halla qarşılaşdınızmı?

– Burada primitiv qaydaların pozulması yalnız təqdim edilmiş zərflərin açılmasından sonra bəlli olacaq. Şura tərəfindən katibliyə çox ciddi tapşırıq verilib. Şura sədrinin əmri ilə zərflərin açılması üçün Komissiya yaradılıb. Müsabiqə bitdikdən sonra Komissiya zərflərin açılması ilə məşğul olacaq. Şuranın müsabiqə elanında göstərdiyi kimi sənədlərin olmadığı, həmçinin müsabiqə şərtlərinə uyğun olmayan layihələr ekspertizaya buraxılmayacaq. Yəni həmin layihələr birinci mərhələdən, katibliyin ilkin seleksiyasından etibarən müsabiqədən kənarlaşdırılacaq.

– Regional QHT-lərin göndərəcəyi layihələrlə bağlı nə yenilik var? Gecikmiş layihələrə baxılması məsələsini nəzərdə tuturuq.

– Elan olunduğu kimi, 15 yanvar layihələrin qəbul olunmasının son tarixidir. Bildiyiniz kimi, müsabiqənin şərtlərinə görə, layihələr rayonlardan Şuraya poçtla təqdim oluna bilər. Amma həmin layihələr müsabiqə başa çatmağa üç gün qalmış poçta verilməlidir. Ola bilsin ki, uzaq rayonlardan layihələr ayın 16-17-i də təqdim olunsun. Bu proses başa çatdıqdan sonra, Komissiya zərflərin açılması ilə məşğul olacaq. Sonra isə Şuranın bizə verdiyi tapşırığa əsasən həmin layihələr dərhal ekspertizaya göndəriləcək. Ekspertiza isə bir aya qədər vaxt aparacaq. Nəticələrin elan olunması haqqında qərarı isə Şura qəbul edəcək.

LENT.AZ

Xəbərin oxunma sayı: 95

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO